Ölkə gündəmi növbədənkənar prezident seçkiləridir
FİA.Az xəbər verir ki, seçkilərin aprelə çəkilməsinin səbəbi barədə versiyalar səngimir
Millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son durumdur:
“Bilirsiniz ki, münaqişənin həlli istiqamətindəki danışıqlar yenidən intensivləşib və Azərbaycan xalqı da bu problemin, nəhayət, həllini istəyir.
Dağlıq Qarabağ münaqişəsində əsas oyunçular olan Ermənistan və Rusiyada da mart ayında seçkilər keçiriləcək. Yəni hakimiyyətin yenidən formalaşması prosesi baş verəcək.
Bizdə isə seçkilər oktyabrda keçirilməliydi, yəni hökumət hələ payıza qədər gözləmə mövqeyində durmalıydı. Çünki seçki ərəfəsi heç bir iqtidar, heç bir lider taleyüklü qərarlar qəbul etməyə risk etməz…”
Onun fikrincə, başqa önəmli faktorlar da var və prezident bütün bunları nəzərə alaraq bu qərarı verib:
“Bilirsiniz ki, Qərbin müəyyən dairələri hər zaman Azərbaycandakı seçki öncəsi özünəməxsus şəkildə fəallıq nümayiş etdirirlər və sabitliyi pozmaq üçün hətta təxribatlara da əl atılma təşəbbüslərinə rəvac verirlər.
Düşünürəm ki, seçkilərin 6 ay önə çəkilməsi Qərbin müəyyən dairlərinin bu planlarını da pozmağa hesablana bilər”.
FİA.Az xəbər verir ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov seçkilərin qabağa çəkilməsini şərh edib.
Onun sözlərinə görə, bunun Rusiya və Ermənistandakı seçkilərlə heç bir əlaqəsi yoxdur:
“Nə bir fövqəladə vəziyyət var, nə də başqa vəziyyət. Bu baxımdan bu gün istənilən seçki azad şəkildə keçirilə bilər.
Söhbət bundan gedir. Kifayət qədər zaman var ki, hər bir partiya, yaxud fərd öz namizədliyini irəli sürsün və seçki kampaniyasını aparsın”.
Müxalifətə gəlincə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: “Biz hazırda bu məsələni müzakirə edirik. Amma hələ yekun qərar yoxdur. Yəqin ki, yaxın günlərdə seçkiyə qatılıb-qatılmayacağımızla bağlı qərarımız açıqlanacaq”.
Müsavat Partiyasının başqan müavini, Divan üzvü Razim Əmiraslanlı: “Partiyada bununla bağlı intensiv müzakirələr və məsləhətləşmələr gedir. Fevralın 10-da keçiriləcək məclisdə son qərar veriləcək”.
FİA.Az xəbər verir ki, hakimiyyət daxilində 2005-ci ildən sonra (sabiq nazirlərin həbsi) xüsusi bir gərginlik olmayıb, üstəlik prezidentin komanda üzərində nəzarəti o vaxtdan nəinki azalmayıb, əksinə artıb.
Komandada hər hansı mərkəzdənqaçma faktı yoxdur, mərkəzi hakimiyyət əvvəlki kimi İlham Əliyevin güclü iradəsinə tabedir.
Hakimiyyət daxilində hər hansı bir gərginlik olsaydı, bunu gizlətmək mümkün olmazdı. O baxımdan seçkinin “gərgin hakimiyyətdaxili faktorlarla” izahı boş və mənasız işdir.
Növbədənkənar seçkinin ətrafımızda baş verən proseslərlə, yəni kənar təsirlərlə izahı isə daha məntiqli və soyuqqanlı görünür.
Amma bir əlavə ilə: mümkün qələbə daxili faktorlara hesablanıb, xaricdən isə təhlükələr önlənməlidir. Son illər seçki praktikasında xarici müdaxilələr termini xeyli dəyişikliyə məruz qalıb.
Əvvəlki illərdə üçüncü dünya ölkələrindəki seçkilərə maraqlı dövlətlər siyasi təzyiqlər yolu ilə təsir edirdilər. Bu işi bir sıra fondlar, qrant təşkilatları, beyin mərkəzləri görürdülər.
Azərbaycan öz təcrübəsində bu tarixləri yaşayıb. Son illər fondların və qrantların təsirləri önlənsə də, indi seçkiyə birbaşa müdaxilələr texnologiyası geniş yayılıb. Bunun hansı reaksiya doğurduğunu ABŞ-da hələ də davam edən seçki qalmaqalı sübut edir.
Azərbaycan xarici təzyiqlərlə üzləşən ölkələr sırasındadır. Prezidentin son Davos səfərində də bu tip müzakirələrlə üzləşdiyinin xatırlatmaq kifayət edir. Seçki ilində isə bu cür təzyiqlər adətən artan xətt üzrə gedir.
Son prezident seçkisi ərəfəsi Rusiyada “Milyarderlər İttifaqı” adlanan qurumun yaradılması və seçkiyə hesablanmış anti-hakimiyyət təbliğatını da yada salmaq lazım gəlir.
İndi təkcə müxalifət deyil, oktyabr üçün seçki planları qurmuş Qərb təsisatları da hazırlıqsız yaxalanmış sayılmalıdırlar.
Tarix: 6-02-2018, 21:41