Boykot qərarında gizli razılaşma

Boykot qərarında gizli razılaşma
Politoloq: “Seçkidə iştirakdan imtina edən qüvvələr öz elektoratları qarşısında son şanslarını da itirir”

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak edib-etməmək məsələsində müxalif siyasi qüvvələr arasında fikir ayrılığının olduğu məlumdur.


Əksəriyyət seçkidə iştirak tərəfdarı olduğunu nümayiş etdirsə də, seçkini boykot qərarı verənlər və boykot çağırışı edənlər də var. Milli Şuranın, əslində AXCP-nin boykot qərarından sonra belə bir qərar dünən Liberal Partiya tərəfindən elan edilib. Partiyanın sədri Əvəz Temirxan bəyan edib ki, liderləri Lalə Şövkət Hacıyeva və partiyası növbədənkənar prezident seçkisinə qatılmayacaq: “Qəti fikrimizdir. Prezident seçkilərinə partiyadan da kimsə qatılmayacaq. Bu addım səbəbsiz deyil. Mütləq səbəb var. Yoxsa seçkilər bu tarixə salınmazdı”.

Xatırladaq ki, 2013-cü il prezident seçkisində ümumilikdə 20 nəfər namizədliyini irəli sürüb. Onlardan 10 namizədin-İlham Əliyev (YAP), İqbal Ağazadə (Ümid Partiyası), Araz Əlizadə (ASDP), Qüdrət Həsənquliyev (BAXCP), Hafiz Hacıyev (MMP), Zahid Oruc (müstəqil), Fərəc Quliyev (MDHP), İlyas İsmayılov (Ədalət Partiyası), Cəmil Həsənli (Milli Şura) və Sərdar Cəlaloğlu (ADP) namizədliyi qeydə alınmışdı. Digər 10 nəfərin- Əhməd Oruc (Azadlıq Partiyası), İlqar Məmmədov (müstəqil), Fuad Əliyev (ALDP), Əli Əliyev (VİP), Ərəstun Oruclu (müstəqil), İsmayıl Yusifov (müstəqil), Elşən Həsənov (müstəqil), Qüdrət İsaqov (müstəqil), İlqar Məmmədov (REAL) və Rauf Quliyevin (müstəqil) namizədliyi isə qeydə alınmamışdı.



2013-cü ildə keçirilən prezident seçkisini boykot edən siyasi təşkilatlar olmamışdı. Budəfəki seçkilərdə boykot və ya seçkidə iştirak etməmək mövqeyində olanların ortaya çıxmasını şərh edən politoloq Natiq Miri “Yeni Müsavat”a bildirdi ki, seçkidə iştirakdan imtina və boykot qərarı verən qüvvələr öz elektoratları qarşısında son şanslarını da itirəcəklər: “İnsanlar onlara haqlı olaraq sual edəcək ki, hər gün mübarizədən dəm vurduğunuz nədir, mübarizə zamanı yetişəndə kənara çəkilməyiniz nədir? Elektorat bu cür ziddiyyətli davranış nümayiş etdirən siyasi qüvvələrdən haqlı olaraq üz çevirəcək. Siyasi partiya seçkilərdə iştirak etmək üçün vardır. Çünki hakimiyyətə gəlməyin yeganə qanuni yolu seçkilərdir. Bir partiya hətta ən ağır şərtlər altında olsa da belə, seçkilərdən imtina edirsə, siyasi partiya funksiyasını itirmiş deməkdir. Məsələnin başqa bir tərəfi odur ki, Azərbaycanda seçkini boykot etmək taktikasının çox uğursuz, heç bir müsbət effekti olmayan taktika olduğu artıq sübuta yetib. Bunu bilə-bilə yenə də seçkini boykot qərarı verirlərsə, bu, qaranlıq məqamlardan, ortada hakimiyyətin hansısa dairəsi ilə razılaşmanın olduğundan xəbər verir. Belə hesab edirəm ki, əvvəllər olduğu kimi yenə də hakimiyyətdəki müəyyən dairələrlə bazarlığa gedilir. Azərbaycanda bir sıra siyasi qüvvələr və liderlər üçün seçkilər həmişə pul qazanmaq üçün bazarlıq fürsəti olub. İndi də məhz həmin qüvvələr ənənəvi taktikanı seçdilər.

Onlar üçün seçicini aldatmaq və seçkidən pul qazanmaq adi həyat tərzinə çevrilib. Belə görünür ki, həmin qüvvələr və şəxsləri seçicinin, elektoratın mövqeyi, onların verdikləri qərarlara görə necə yanaşacağı elə də maraqlandırmır. Amma unutmamalıdırlar ki, bu dəfə onlar üçün elektorat qarşısında son sınaq idi. Seçkinin demokratik keçməyəcəyi ehtimalı nə qədər yüksək olsa belə, müxalif siyasi qüvvələr ən azından xalqla təmas üçün, öz ideyalarını xalqa çatdırmaq, aktivlik yaratmaq naminə seçkidə iştirak etməlidirlər. Normal məntiq və siyasətin sadə düsturu bunu diktə edir. Seçkinin verdiyi tribunadan imtina etmək özü-özünü təcrid etməkdir. Özünütəcridə isə o qüvvələr yalnız böyük pullar qarşılığında gedə bilərdilər. Burada qaranlıq məqamlar mövcuddur. Seçkinin növbədənkənar keçirilməsi, indiyə qədər seçkilərin demokratik olmaması seçkini boykot etməyə səbəb deyil, əmin olun ki, bu, sadəcə, bəhanədir. Alt qatda qaranlıq məqamlar, gizli razılaşmalar var”.

Politoloqun fikrincə, hakimiyyətə alternativ güc olduqlarını seçkidə birgə iştirak etməklə dünyaya və xalqa nümayiş etdirməyən siyasi qüvvələr siyasi iflaslarını yaxınlaşdıracaqlar. İnsanlar artıq onlara inamı tamamilə itirəcəklər. Həmin qüvvələrin boykotdan qazancı həm bu, həm də pul ola bilər.

Etibar SEYİDAĞA
Tarix: 9-02-2018, 08:57
Xəbəri paylaş





Xəbər lenti