Dövlət başçısı İlham Əliyevin sərəncami ilə 2018-ci il aprelin 11-nə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması, təbii olaraq, gündəmin əsas mövzusudur. Nəinki geniş ictimaiyyət, hətta siyasi-diplomatik dairələr, xarici qüvvələr üçün də böyük ölçüdə gözlənilməz olan bu qərarın verilməsinin səbəbləri ilə bağlı müxtəlif fikirlər, mülahizələr irəli sürülməkdə, ehtimallar səsləndirilməkdədir. Hər bir fikri arqumentləşdirmək üçün müəyyən əsaslar olduğundan, konkret bir nəticəyə gəlmək, məhz buna görə hakimiyyətin növbədənkənar prezident seçkilərinə getdi, söyləmək, çətindir.Ancaq prezident seçkilərinin tarixinin, təxminən, 7 ay irəli çəkilməsi yalnız müəyyən suallar doğurmayıb, həm də bəzi qeyri-müəyyənliklərin aradan qalxmasına şərait yaradıb. Əvvala, hakimiyyətin namizədinin kim olacağı ilə bağlı yalnız siyasi elitanı deyil, həm də geniş ictimaiyyəti, eləcə də Azərbaycanda marağı olan xarici dairələri yaxından maraqlandıran suala aydınlıq gətirilib. YAP-ın yenidən prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürməsi bu istiqamətdəki müzakirələrə son qoyub.
İkincisi, Azərbaycanda prezidentin dəyişməyəcəyi, qarşıdakı 7 ildə də ölkəyə İlham Əliyevin rəhbərlik edəcəyi yəqinləşib. Əlbəttə, seçkinin rəsmi qalibi səsvermədən sonra elan olunacaq. Ancaq razılaşaq ki, nə hazırlıqsız yaxalanan müxalifət, nə də Azərbaycanda dəyişiklik istəyən bəzi xarici dairələr qarşıdakı 2 ayda İlham Əliyevə rəqib olacaq bir qüvvə kimi meydana çıxa bilər. Təsadüfi deyil ki, müxalifətin böyük hissəsi seçkidə iştirakdan imtina edib. Qatılanlar da, qalib gəlmək üçün deyil, müəyyən korporativ maraqlarını təmin etmək üçün seçkidə iştirak edəcəklər. Yəni, seçkinin nəticəsi artıq məlum olduğundan, bu istiqamətdə hansısa müzakirə açmaq mənasızdır.
Sadalanan bu səbəblərə görə, fikrimizcə, hazırda seçkinin nəticələri deyil, seçkidən sonra istefaya göndəriləcək hökumətin yenidən formalaşdırılması, yəni gözlənilən dəyişikliklər ətrafında müzakirələr açılması daha doğru olardı. Hətta bəzi ekspertlər seçkilərin, təxminən, 7 ay irəli çəkilməsini hakim komandada planlaşdırılan ciddi dəyişiklikləri sürətləndirmək niyyəti ilə bağlayırlar. Bu versiyanın tərəfdarlarının fikrincə, seçkidən əvvəl ciddi kadr dəyişikliklərinə getmək müəyyən qədər özündə risk daşıdığından, mümkün təxribat ehtimalını aradan qaldırmaq üçün dəyişikliklər seçkidən sonraya planlaşdırılıb. Ancaq islahatları ləngitmək də artıq mümkün olmadığından, seçkilərin tarixi irəli çəkilib.
Xatırladaq ki, Prezident and içdikdən dərhal sonra bütün hökumət üzvləri avtomatik istefaya getmiş hesab olunacaqlar. Bu, planlaşdırılan kadr islahatlarını daha ağrısız şəkildə reallaşdırmaq imkanı yaradır.
Bu ehtimalı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da təsdiqləyərək bildirib ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib. Bunu seçkidən sonra hakim komanda daxilində ciddi dəyişikliklərin olacağına dair rəsmi anons da hesab etmək olar. Kimlərin gedəcəyini, hansı nazirlərin dəyişdiriləcəyini, hökumətdə hansı struktur dəyişikliklərinin olacağını isə proqnozlaşdırmaq çətindir. Lakin bir məsələdə qəti əminlik var – APRELDƏN SONRA AZƏRBAYCANDA YENİ BAŞ NAZİR OLACAQ! Başqa sözlə, Artir Rəsizadənin daha bu posta təyin olunmayacağına heç kimdə şübhə qalmayıb!
Hər halda seçkiyə qədər (fevralın 26-da-müəl.) 83 yaşı tamam olacaq, səhhətində problemlər olan, əmək qabiliyyətini böyük ölçüdə itirmiş Artur Rəsizadənin yenidən baş nazir olacağını düşünmək mümkün deyil. Əslində, A.Rəsizadənin istefaya göndərilməsi azı 5 il yubanmış hadisədir. Özünün də hələ ötən prezident seçkilərindən sonra getmək istədiyi, çox zaman işə çıxmadığı məlumdur. Sadəcə, hakimiyyətdaxili konyuktura indiyədək buna imkan verməyib. Məsələ ondadır ki, son Konstitusiya dəyişikliyinə qədər hakim komanda daxilindəki qruplaşmaların hər biri, sözün əsl mənasında baş nazir postu uğrunda ölüm-qalım savaşı aparırdı. Bu mübarizədə tərəflərdən hansısa biri qəti qələbə qazana bilmədiyindən, yaşlı və yorğun Rəsizadəni istirahətə göndərmirdilər. Ancaq bu vəziyyət artıq dəyişib.
Əvvəla, son 3-4 ildə hakim komanda daxilində baş verənlər nəticəsində baş nazirliyə iddialıların sayı əhəmiyyətli dərəcədə azalıb. Hələ də iddia edənlər isə əvvəlki gücünü itirib.
İkincisi və ən əsası, Konstitusiya dəyişikliyindən sonra baş nazir postu əvvəlki əhəmiyyətini itirdiyindən, klanların bu posta marağı da nisbətən azalıb. Məlum olduğu kimi, vitse-prezidentik institutunun tətbiqindən sonra baş nazir postu hakimiyyət iyerarxiyasında 2-ci pillədən azı 4–cü pilləyədək geriləyib (Prezident hansısa səbəbdən öz səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətləri Birinci vitse-prezidentə, o da icra edə bilmədikdə vitse-prezidentlərdən birinə keçir). Belə olduqda Artur Rəsizadənin kiminləsə əvəzlənməsi, bu posta gənc, enerjili, hətta bir qədər iddialı şəxsin oturdulması, əvvəlki qədər ciddi risk daşımamaqdadır. Qısası, şərait artıq yetişib və AZƏRBAYCAN 22 İLDƏN SONRA ÖZÜNÜN YENİ BAŞ NAZİRİ İLƏ TANIŞ OLA BİLƏR!
KİMLƏRİN ŞANSI DAHA ÇOXDUR?Prezidentin inauqurasiyasından sonra baş nazir postuna kimin əyləşəcəyi haqda proqnoz vermək mənasız işdir. Azərbaycanda kadr təyinatlarını proqnozlaşdırmaq ən qeyri-ciddi məşğuliyyətlərdən biridir. Çox nadir halda tutdurmaq olur. Mümkündür ki, baş nazir seçimində də belə olacaq – iddialılar, illərdir adı çəkilənlər kənarda qalacaq, heç kimin ağlına belə gəlməyən bir şəxs Nazirlər Kabinetinin başına keçəcək.
İndiyədək baş nazirliyə iddialı kimi onlarla şəxsin adı keçib. Həbsdəki Cahangir Hacıyevdən başlayaraq, qudası Eldar Mahmudova, Fazil Məmmədovdan klassik YAP-çılar Vasif Talıbova və Əli Əhmədova kimi… Lakin hazırda siyasi çevrələrdə, hakimiyyət dəhlizlərində 3 şəxsin adı daha çox hallandırılır. Bunlar Vergilər naziri Mikayıl Cabbarov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. K.Heydərovun və ya “Köhnə qvardiya”dan bir başqasının olması hakimiyyətdaxili status-kvonun müəyyən qədər qorunması, digər ikisinin və ya o çevrədən bir başqasının təyinatı isə balansın pozulması anlamına gələcək…
Kim daha şanslıdır, baş nazirlik uğrunda azı 10 illik marafonu kim qazanacaq, sayılı günlərdən sonra görəcəyik.
Elnur MƏHƏRRƏMLİ
AzPolitika.info
Tarix: 10-02-2018, 16:16