MƏTBUAT ŞURASININ SƏDRİ KİM OLACAQ? – Əflatun Amaşov qərarını açıqladı

“Kimin qalmalı, kimin getməli olduğuna qurultay qərar verəcək”
Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayında Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri seçiləcək.

“AzPolitika.info”nun məlumatına görə, xeyli vaxtdır mətbu çevrələrdə Mətbuat Şurasının fəaliyyətdə olan sədri Əflatun Amaşovun yenidən sədrliyə namizəd olub-olmayacağı haqda müzakirələr gedir. Belə ehtimallar var ki, Ə.Amaşov namizədliyini verməyəcək və Mətbuat Şurasının sədri dəyişəcək.

Ə.Amaşov “Yeni Müsavat” qəzetinə müsahibəsində bu barədə sualı cavablandırıb, Mətbuat Şurasının rəhbərliyindən getmək niyyətində olmadığını bildirib. Sitat: “Kimin qalmalı, kimin getməli olduğuna qurultay qərar verəcək. İstefa vermək niyyətim yoxdur”.

Qeyd edək ki, indiyədək yalnız Azər Həsrət MŞ sədrliyinə iddiasını açıqlayıb. O, Əflatun Amaşovun bu postdan getməli olduğunu bildirib.

Müşahidələrə görə, Ə.Amaşov könüllü geri çəkilməyəcəyi halda Mətbuat Şurasının sədrliyi uğrunda rəqabət ciddi xarakter almayacaq. Lakin eyni sözü İdarə Heyətinin üzvlüyünə seçkilər haqda demək çətindir. Belə görünür ki, İdarə Heyəti üzvlüyünə iddialıların sayı kifayət qədər çoxdur və artıq indidən gərgin rəqabət var.
Tarix: 15-02-2018, 07:30
Xəbəri paylaş





Xəbər lenti