Növbədənkənar seçkidə xarici faktor amili varmı...

Növbədənkənar seçkidə xarici faktor amili varmı...
Elşən Mustafayev: “İndiki halda, sadəcə olaraq...”

Azərbaycan hakimiyyətinin növbədənkənar prezident seçkisinə getməsinin xarici faktorlarla, xaricdən ola biləcək təhdidləri önləmək səbəbi ilə olduğu iddiaları bir sıra yerli siyasi təhlilçilər tərəfindən irəli sürülürdü. Son günlər isə tanınmış rusiyalı analitiklər, məsələn, Oleq Kuznetsov, Sergey Markov da növbədənkənar seçkiyə gedilməsini zəruri edən amillər sırasında xarici faktor amilinin də olduğunu istisna etmədiklərini bildiriblər.


Bəs oktyabra qədər hansı xarici təhdidlər ola bilərdi? Hansısa maraqlı xarici güclər ölkəni qarışdırmağa cəhd edə bilərdilərmi? Belə bir planın olduğunu rəsmi Bakı məlumat olaraq əldə edə bilərdimi, yoxsa ehtimallara əsaslanılır?



Politoloq Elşən Mustafayev bildirdi ki, növbədən kənar prezident seçkisinin keçirilməsinin səbəblərini hakimiyyət təmsilçiləri izah ediblər. Şübhəsiz ki, mütləq olaraq bu addımı vacib edən ciddi səbəblər var. Əgər hakimiyyət təmsilçiləri xaricdən ola biləcək təhdidləri səbəb göstərsəydilər o zaman məsələyə indikindən fərqli baxış yaranardı: “Bu təhdidlərin nəyə hesablandığının müzakirəsini bir kənara qoysaq, nəticədən asılı olmayaraq ən azı seçkinin vaxtının dəyişdirilməsinin əsas səbəbi bilinərdi. Kimlərsə buna haqq qazandırardılar, kimlərsə yox, bu da bir ayrı məsələdir. Yoxsa indiki halda hərə bir fikir söyləyir. Hakimiyyət təmsilçiləri rəsmi açıqlamalarında xarici faktor amilinin olduğunu bəyan etsəydilər, hansı təhdidlərin ola biləcəyi haqda ətraflı təhlil vermək olardı. İndiki halda, sadəcə olaraq, mülahizələr yürütmək olar. Əgər həqiqətən də xarici faktor, xarici güclərin oktyabra qədər hansısa planları olubsa istisna deyil ki, belə planların olduğu barədə hansısa dövlətin xüsusi xidmət orqanları kəşfiyyat məlumatları əsasında Bakıya informasiya ötürüblər. Bir daha vurğulayıram ki, bütün bunlar, sadəcə mülahizələrdir”.(“Yeni Müsavat”)
Tarix: 15-02-2018, 08:29
Xəbəri paylaş





Xəbər lenti