Ərdoğanla Tillerson arasında 3 saat 15 dəqiqə çəkən qapalı görüş:masada nələr olub? - ABŞ-dan ilk rəsmi reaksiya + VİDEO
ABŞ dövlət katibi Reks Tillerson bu gün Bakı vaxtı ilə saat 19 radələrində Türkiyəyə gəlib.
Strateq.az xəbər verir ki, o, saat 20.40-da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb: "Görüşdə Mövlud Çavuşoğlu da iştirak edib. Sabah isə Tillersonla xarici işlər naziri Mövlud Çavuşoğlunun təkbətək görüşü baş tutacaq".
Ərdoğanla Tillersonun qapalı görüşündə yalnız Çavuşoğlu olub. Hətta Çavuşoğlu görüşdə Ərdoğana tərcüməçilik də edib. Görüş 3 saat 15 dəqiqə çəkib.
İlkin məlumata görə, görüşdə FETÖ və Rza Zərrab davasına görə Amerikada həbs edilmiş "Xalq Bank"ın müdir müavininin məsələsindan tutmuş, Tillersonun ziyarət öncəsi "ABŞ heç bir zaman YPG/PYD-yə ağır silah vermədi" bəyanatı, həmçinin İraq, Suriya böhranı, Afrin əməliyyatının detallarına qədər müzakirə aparılıb.
****
Görüşdən ilk açıqlama ABŞ tərəfindən gəlib. ABŞ Dövlət Departamenti görüşdən sonra "Tillerson ən yaxşı bildiyi diplomatik təmas üçün Türkiyədədir. Orada çox yaxşı və məhsuldar görüşmə baş tutdu. Türkiyə ilə aramızda gərginliyin artdığı çox açıqdır, amma birgə çalışa biləcəyimiz xeyli sahələr var. Türkiyə İncirlik bazasından istifadəyə məhdudiyyət qoymayıb. Bu bazadan İŞİD-ə qarşı yenə də istifadə edirik. Görüşlə bağlı detalları dəqiqləşmələrdən sonra yayacağıq", – deyə bildirilib.
****
TRT xəbər verir ki, görüşdə Türkiyə tərəfi ABŞ-dan gözləntilərini çox açıq şəkildə Tillersonun diqqətinə çatdırıb.
***
Son məlumata görə, sabah Çavuşoğlu ilə Tillerson görüşəcək və bu görüşdən sonra mətbuata birgə açıqlama veriləcək.