Boykot və iştirak qərarı verən partiyalarda istefalar ola bilər
Arif Hacılı Tofiq Yaqublunu müavinlikdən çıxarmasının səbəbini açıqladı
Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu partiya başqanının müavini vəzifəsindən azad etməsinə aydınlıq gətirib. Report-un xəbərinə görə, Hacılı deyib ki, başqan müavini vəzifəsi konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.
O bildirib ki, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib.
“Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək”, - deyə o bildirib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə modern.az saytına açıqlamasında deyib ki, Tofiq Yaqublunun başqan müavini vəzifəsindən azad edilməsinə Milli Şuranın üzvü olması səbəb deyil: “Bəziləri Tofiq Yaqublunun partiyadan çıxarıldığını belə iddia edir. Lakin Tofiq Yaqublunun Müsavat Partiyasından uzaqlaşdırılması haqqında heç bir qərar yoxdur. Kimsə bu cür fikirlər səsləndirirsə, böyük yanlışlığa yol verir. Tofiq bəy, sadəcə, başqan müavinliyi vəzifəsindən azad olunub. O, Müsavat Partiyasının və partiya Divanının üzvü olaraq da qalmaqdadır. Digər tərəfdən, onun başqan müavini vəzifəsindən uzaqlaşdırılmasını Milli Şura ilə bağlayırlar. Fikirlər səslənir ki, Tofiq Yaqublu paralel olaraq Milli Şuranın üzvü olduğu üçün belə addım atılıb. Bütün bu düşüncələr həqiqətə uyğun deyil. Tofiq bəyin başqan müavinliyindən azad olunması başqanın səlahiyyətləri daxilindədir”.
Qeyd edək ki, Tofiq Yaqublu 10 ildən artıq müddətdə Müsavat Partiyası başqanının müavini olub. Onun başqan müavinliyindən çıxarılması barədə Arif Hacılı fevralın 14-də sərəncam verib. T.Yaqublu özü isə deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır: “Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram”.
“Yeni Müsavat”ın əldə etdiyi məlumatlara görə, Tofiq Yaqublu ilə partiyanın başqanı və rəhbərliyinə daxil olan bir neçə şəxsin münasibətlərində bir neçə aydan bəri davam edən fikir ayrılığı hökm sürüb. Belə ki, T.Yaqublu həbsdən azad edildikdən sonra Müsavat rəhbərliyi ondan Milli Şura üzvlüyündən istefa verməsini gözlədiklərini bir neçə dəfə nəzərinə çatdırıblar. Lakin o, Milli Şurada qalmağının Müsavat Partiyasındakı fəaliyyətinə mane olmadığını deyib. Son aylarda isə Tofiq Yaqublunun Müsavatın növbəti qurultayında başqanlığa namizədliyini irəli sürəcəyi barədə məlumatlar yayılmışdı. Keçmiş başqan müavini bu məlumatları təkzib etməyib. Xəbərlərə görə, Yaqublu başqanlıq iddiasının olduğunu partiyada gizlətmirmiş. Hətta ona yaxın partiya üzvləri bu istiqamətdə müəyyən iş də aparırlarmış. Partiya rəhbərliyinin onunla münasibətlərinin soyuqlaşmasında həm də bu məqamın olması istisna deyil.Dünən Tofiq Yaqublu ilə əlaqə saxlayıb deyilənlərin nə dərəcədə düzgün olub-olmadığını öyrənmək istədik. Bildirdi ki, başqan müavini vəzifəsindən azad edildiyi günü açıqladığı mövqedə qalmaqda qərarlıdır: “Bu mövzuda hər hansı suala açıqlama verməmək düşüncəsindəyəm. Hələlik bu düşüncədəyəm ki, cavablandırmamaq daha məqsədəuyğundur”.
Partiya üzvlüyündən çıxmağı düşünüb-düşünmədiyi, üzvlükdən xaric edilib-edilməyəcəyi ilə bağlı sualımıza da o, cavab vermək istəmədiyini dedi.
Onu da qeyd edək ki, növbədənkənar prezident seçkisini boykot edən və seçkidə iştirak etməmək qərarı verən siyasi təşkilatların daxilində bu qərarların müəyyən fəsadlar meydana çıxaracağı proqnozları verilirdi. Bu fikirdə olanlar hesab edirlər ki, siyasi təşkilatlar boykot və seçkidə iştirak etməmək qərarlarını heç də yekdilliklə qəbul etməyiblər. Təşkilatların daxilində seçkiyə qatılmağın lazım olduğunu düşünən və bu mövqelərini məsələ müzakirəyə, səsverməyə çıxarılanda ortaya qoyanlar da olub. Odur ki, seçkidə iştirak etməmək və boykot qərarı verən siyasi qurumlardan seçkiyə qədər istefaların olacağı da istisna deyil.
Etibar SEYİDAĞA
Tarix: 16-02-2018, 09:10