Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət edib
Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib.Virtualaz.org-a diplomatik mənbələrdən məlum olub ki, erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və onunla Azərbaycan dilində danışıb.
Azərbaycan diplomatı çıxış edən S.Sarkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.
Panelin moderatoru, sualların Ermənistanın çıxış edən prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb. Ancaq Sədi Cəfərov öz nitqini davam etdirib və bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib.
Diplomat qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər.
Serj Sarkisyan birbaşa cavabdan yayınıb və Ermənistanın iqtisadi inkişafından danışmağa başlayıb, hansı ki, onun sözlərinə görə, adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayır. Sarkisyanın məntiqinə görə, Ermənistan təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf etməkdə davam edir.
Serj Sarkisyan öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşıb və Azərbaycan dilində soruşub: "Haralısan?". Gənc diplomat cavab verib ki, Qarabağ sakinidir. Bundan sonra Sarkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.
Tarix: 18-02-2018, 10:16