Xalqsız seçki və vitrin müxalifəti - iqtidar “cib” namizədlərə niyə əl gəzdirmir?

Xalqsız seçki və vitrin müxalifəti - iqtidar “cib” namizədlərə niyə əl gəzdirmir?
Apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinə 13 nəfər namizədliyini irəli sürüb. AnaXeber.Az yazır ki, namizədlərin əksəriyyəti köhnə “cib” müxalifətidir.
Onlar seçki təşviqatında nə platformalarını açıqlayır, nə hakim partiya namizədini tənqid edir, nə də öz təbliğatını aparır.
Sadəcə, həmin namizədlər iqtidar partiyasının namizədinə qahmar çıxır, ona səs verməyə çağırış edir, boykota gedən müxalifəti xarici qüvvələrə işləməkdə ittiham edir və çıxışını yekunlaşdırır.
Bu dəfə yeni simalar yalnız Tural Abbaslı və Əli Əliyevdir. Başqalarına diqqət edək: Araz Əlizadə, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fərəc Quliyev, Elşən Həsənov və s.

Hakimiyyətin seçkidə vitrinə çıxardığı sistem müxalifətində heç bir novatorluq yoxdur. Onların missiyası ənənəvi olaraq bəzi məmurları tənqid etmək və seçkini boykot edən müxalifəti söymək olacaq.
Maraqlıdır ki, bu seçkidə Əli Kərimli, İsa Qəmbər və digərlər iştirak etmirlər. O zaman ironik sual yaranır ki, “cib” müxalifəti üzünü kimə tutub nə deyəcək?
Yəni, vitrin müxalifəti ilə bağlı ssenari uğursuz alınıb və köhnə taktika baş tutmayıb...
Hakimiyyət A.Əlizadə, H.Hacıyev və s. namizədləri hər seçkidə efirə çıxarmaqdansa, daha real müxalifət yarada bilərdi.
Cəmiyyətdə nüfuzu olmayan, söyüşlə, təhqirlə danışan, ictimaiyyətin istehza ilə qarşıladığı “iqtidarın müxalifətçilərinə” dekorasiyada yer verməkdənsə, nisbətən sanballı kadrları tribunaya çıxarmaq olardı.
Məsələn, professor Rəşid Mahmudov, bəstəkar Fərhad Bədəlbəyli kimi cəmiyyətdə hörmətli adamların prezidentliyə namizədliyinin irəli sürülməsi ən azından seçki marafonuna bir ağırlıq gətirəcəkdi.


Əslində, siyasi meydan aydındır, Azərbaycanda siyasi partiyalar yalnız sözdə var. Qeydiyyatdan keçən siyasi partiyalar da var.
Azərbaycan iqtidarı bunları imitasiya edir. Özləri üçün cib müxalifəti yaradıb. Nəticə olaraq seçicilər seçkiyə inanmır və iştirak etmir.
Apreldə də seçicilərin nəyinsə dəyişəcəyinə ümidi yoxdur. Azərbaycan xalqı heç vaxt seçkiyə, seçki ilə dəyişikliyə, seçdiyi adamın adının sandıqdan çıxacağına inanmayıb.
Bu ümidsizlik, inamın məhv edilməsi siyasəti nəticəsində bu gün hakimiyyət seçkini xalqsız və real müxalifətsiz keçirməyə müvəffəq olub. Ona görə də vitrin müxalifəti və inzibati resurslar hesabına baş tutan seçkilərdə asanlıqla qalib gəlmək olur.
Üstəlik, beynəlxalq aləm Azərbaycan mövcud iqtidarın qalmasında maraqlıdır və enerji faktoru, digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini indiki hökumətlə münasibətlərdə görürlər.

AnaXeber.Az yazır ki, 2018-ci il seçkiləri eynilə 10 il qabaqkı 2008-ci ilin prezident seçkilərini xatırladır.
Müxalifət boykot qərarı vermişdi, prezidentliyə alternativ namizədlər iqtidar “mətbəx”ində düzəldilmiş siyasətçilər idi, cəmiyyətdə süstlük müşahidə olunurdu və tam sükutla bir seçki keçirildi.

Əslində, “cib” müxalifəti heç də daxili auditoriyaya hesablanmır. Çünki cəmiyyət H.Hacıyevin, Z.Orucun, A.Əlizadənin, Q.Həsənquliyevin hansı mövqedən çıxış edəcəyini, hansı tezisləri irəli sürəcəyini yaxşı bilir.
Z.Oruc daha çox analitik və intellektual qabiliyyətindən irəli gələrək prosesləri təhlil edərək fikirlərini çatdıracaq, Q.Həsənquliyev bəzi məmurlara ilişərək boykot yolu seçən müxalifəti “topa tutacaq”, H.Hacıyev isə bir-iki nazir adını çəkərək onları efirdən rüsvay etməyə çalışacaq və müxalifəti vətən xaini, ermənilərə işləyən qüvvə adlandıracaq.

Yəni hər şey aydındır. Sadəcə, “cib müxalifəti” beynəlxalq aləm qarşısında gözdən pərdə asmaq üçün yaradılmış bir “institut”dur.
Konkret, bu “müxalifətçilər” hakimiyyətin siyasətinə alternativ qoymurlar, əksinə, onu dəstəkləyirlər.
Yəni, dünya seçkidə hakim partiya namizədinə qarşı 12 namizəd olduğunu görəcək. Halbuki, hakimiyyət özünə əziyyət vermək istəməyib, daha yeni, cəmiyyətdə maraqla qarşılanan kadrların namizədliyini gerçəkləşdirə bilərdi.

Azərbaycan isə daha çox Rusiya şnelini seçməyə üstünlük verir. Qonşu ölkədə üç cür müxalifət var: Birinci qrupa liberal qüvvələri aid etmək olar.
İkinci qrupu ”cib müxalifəti" adlandırmaq olar, bura Gennadi Züqanovun rəhbəri olduğu Kommunist Partiyasını və Vladimir Jirinovskinin lideri olduğu Liberal-Demokratlar Partiyasını aid etmək olar. Üçüncü qrupda isə rus millətçiləri və şovinistləri yer alıblar. Rusiyada liberal müxalifət son illər xeyli zəifləyib.
Bunun obyektiv və subyektiv səbəbləri var. Liberal qüvvələrin ən böyük problemi Azərbaycanda olduğu kimi birləşə bilməmələridir. Elə ona görə də hakimiyyət üçün kiçik liberal partiyalar, qruplar və liderlər təhlükə yaratmır.
Züqanov və Jirinovski isə Rusiya prezidenti Vladimir Putin üçün heç bir təhlükə vəd etmir. Onların davamlı məğlubiyyətləri rəsmiləşib.
Putinə təhlükə yarada biləcək qüvvələr sistemdən kənardır. Sistemdən kənar müxalifət seçkidə iddialı olmasa da, mitinq və küçə yürüşləri ilə Putinə əlavə problemlər yaradır.
Bütün deyilənlərlə bərabər, Azərbaycanda hər hansı bir toparlanma, yaxud önə keçə biləcək bir siyasi güc mərkəzi hələ ki ortalıqda yoxdur.
Bu prosesin təzahürlərini də müşahidə edə bilmirik. Azərbaycanda olsa da, çox imkanlı şəxslərin ortalığa çıxması güclü bir alternativin mövcud ola bilmə ehtimalı var.
Əgər belə bir namizəd olarsa, maliyyə mənbələrinin də kifayət qədər geniş olacağını düşünsək, hakimiyyətə ciddi başağrısı yarada bilər...
AnaXeber.Az
Turan
Tarix: 19-02-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti