Təhlükəsizlik siyasəti barədə Münhen konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrova Rusiyanın Azərbaycana, Ermənistana və Belarusa Avropa İttifaqı ilə geniş əməkdaşlıq haqqında sazişlərin imzalanmasına maneçilik törətməsi barədə sual verilib.
“Cümhuriyət” qəzeti Rusiya XİN-in saytına istinadən xəbər verir ki, zaldan Lavrova belə bir sual verilib: “Siz iddia edirsiniz ki, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nda iştirak edən ölkələri seçim qarşısında qoyur, ya Rusiya ilə olmalı, ya da Avropa İttifaqı ilə. Razısınızmı ki, faktlara diqqət yetirsək, bizim bu 6 ölkə ilə müxtəlif səviyyəli münasibətlərimiz var? Azərbaycan və Belarus bizimlə geniş əməkdaşlıq sazişi imzalamaq istəmirlər. Sizin təzyiqinizlə Ermənistan “Şərq Tərəfdaşlığı”nda üzvlüyünü Gömrük İttifaqının xeyrinə qurban verir və biz daha aşağı səviyyəli saziş imzalamalı oluruq. Digər 3 ölkə də geniş sazişdən imtina edib. Razısınızmı ki, biz yalnız onların istəklərinə cavab veririk, heç bir şey sırımırıq? Son nəhayətdə, bizimlə saziş imzalamayanların üstünə tank yollamırıq”.
Suala cavab olaraq Sergey Lavrov qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın Azərbaycanı, Ermənistanı və Belarusu Rusiyadan qoparmaq üçün istifadə edilməsi barədə heç vaxt danışmayıb: ““Rusiya təhlükəsi” elə təxminən bu cür düşünülür. Siz çıxışınıza elə başladınız ki, sanki mən “Şərq Tərəfdaşlığı”nın bu ölkələri Rusiyadan qoparmaq üçün istifadə edilməsi barədə danışmışam. Əslində isə mən demişəm ki, “Şərq Tərəfdaşlığı” formalaşdırıldığı zaman bizi əmin edirdilər ki, bundan Rusiyanın əleyhinə istifadə olunmayacaq. Mən ümid etdiyimi bildirdim ki, həmin bəyanatlara riayət olunacaq, belə ki, adlarını çəkdiyiniz ölkələrdən bəziləri istərdilər ki, “Şərq Tərəfdaşlığı”ndan məhz bu cür istifadə edilsin. Bu qədər”.
Ukrayna nümunəsiNəzərə alsaq ki, Lavrovun cavabı diplomatların istifadə etdikləri ən sadə gedişlərindən biridir, bu baxımdan, Moskvanın “Şərq Tərəfdaşlığı”nı “Keçmiş sovet respublikalarının Rusiyadan qoparılması proyekti” kimi qəbul edilməsinə dair faktlara istinad etmək lazımdır. Rusiya bu proqramın öz əleyhinə olduğunu 2014-cü ildə açıq formada nümayiş etdirdi. Həmin il Ukraynada prezident Viktor Yanukoviçin devrilməsinə bir neçə saat qalmış Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı üzrə əməkdaşlıq etmək istədiyi ölkələrlə görüşü keçirildi. Ukrayna da sammitdə iştirak edirdi. İclasın gedişində Kiyevdə hakimiyyət əleyhinə başlamış mitinqlərdə gərgin anlar yaşanırdı və Yanukoviç hökumətindən Aİ ilə əməkdaşlıq sazişi imzalanması tələb edilirdi. Çıxılmaz vəziyyətdə qalan dönəmin Ukrayna hökuməti sazişi imzalamaqla Rusiya kimi bir təhlükəni də qarşısına almaq istəmirdi. İmzalamasaydı da Aİ və ABŞ-ın təzyiqləri ilə üz-üzə qalacaqdı. Sammitin başlamasına bir saatdan az vaxt qalmış Viktor Yanukoviç ayaqüstü Almaniya kansleri Angela Merkel və Litva prezidenti Dalya Qribauskayte ilə etdiyi söhbətdə sənədi imzalamayacağını əvvəlcədən onlara çatdırdı. Ukrayna prezidenti onlara bildirdi ki, Qərb ölkəsini Rusiya ilə üz-üzə qoyub geri çəkildi və indi həssas bir dönəmdə Kiyevdən assosiasiya sazişinin imzalanması tələb edilir.
Beləliklə, Yanukoviç Rusiyadan gələcək real təhlükəni nəzərə alaraq sazişi imzalamadı və bu, həm ona, həm də Ukraynaya baha başa gəldi. Kiyevə qayıtdıqdan bir neçə saat sonra devrildi. Yanukoviçin hakimiyyətdən getməsiylə Rusiya ordusu Krıma girdi və bir neçə saatın içində yarımadanı ələ keçirdi. Üstəgəl, Donbas bölgəsindəki separatçıları qızışdıran Rusiya bu regionun da Ukraynadan qopmasında mühüm addım atdı. Yanukoviçin devrilməsindən sonra hakimiyyətə gələn Pyotr Poroşenko hökuməti sazişi imzalasa da bu sənədin ratifikasiya ediləcəyinin Rusiyanı daha da təhlükəli düşmənə çevirəcəyini nəzərə alan rəsmi Kiyev məsələnin müzakirələrini tamamilə dayandırdı.
Cəsarətli - cəsarətsiz Tiflis, KişinyovUkraynadakı gərginliyin pik həddində digər 6 ölkədən ikisi - Moldova və Gürcüstan Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı üzrə assosasiya sazişi imzaladı. Rusiyanın hədəylə silkələnən barmaqları bu dəfə Tiflis və Kişinyova yönəldi. Lakin həm Gürcüstan, həm də Moldovanın Aİ-yə yaxınlaşmaq cəhdləri bu sənədə imza atmaqdan o tərəfə keçmədi. Keçən 5 ilə yaxn vaxt ərzində nə Rusiya işğalından əziyyət çəkən Gürcüstan, nə də Rusiyanın digər qurbanı Moldova hökuməti sazişi ratifikasiya edib.
İkibaşlı İrəvan, ehtiyatlı BakıDigər 2 keçmiş sovet respublikasına - Azərbaycan və Ermənistana gəlincə, Rusiya bu ölkələrə də Aİ-dən mümkün qədər uzaq dayanmaları üçün təzyiqlər edir. Azərbaycan proqram üzrə Aİ ilə viza rejiminin sadələşdirilməsi üçün nəzəri sənəd imzaladığı halda, Ermənistan assosiasiya sazişinə imza atıb. Lakin Ermənistan da hələ ki, Moldova və Gürcüstan kimi sənədi ratifikasiya etməkdən qaçır. Nəzərə alsaq ki, sənədin imzalanmasından sonra Moskvada İrəvana edilən təzyiqlər ən pik həddə qalxdı, bu nöqteyi-nəzərdən o ehtimal şübhəsiz dəqiqdir ki, Ermənistan hakimiyyəti Rusiyanın təhlükəli müttəfiq olduğunu nəzərə alaraq, sənədi rəfdə çürüdəcək, yəni, təsdiq etməyəcək. Azərbaycan isə hələlik Avropa İttifaqı ilə arasındakı uzaq məsafəni yaxınlaşdırmaq niyyətindəymiş kimi görünmür. Azərbaycan tərəflər arasında balans siyasətinə üstünlük verir. İndiyədək də rəsmi Bakı Brüsselə sazişi imzalamaq sözü də verməyib.
Birmənalı MinskBelarusa gəlincə, tamamilə Rusiyadan asılı olan Aleksandr Lukaşenkonun ölkəsi nəinki Avropa İttifaqı ilə əməkdaşlıq edir, heç onun bir dövlətin başçısı kimi ittifaq dövlətlərinə getməsinə icazə verilmir. Ermənistan kimi Rusiyanın liderliyində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Gömrük Birliyi və Avrasiya İttifaqına üzv olan Belarus haqqında Aİ-nin qəti fikri budur ki, Avropadakı sonuncu diktator Belarusu idarə edir. Bu baxından, Avropa İttifaqında Belarusun da Ermənistan kimi Rusiyanın siyasi və iqtisadi asılılığında olması şübhəsi dəqiqləşdirilmiş faktdır. Yaxın gələcəkdə də nə Ermənistan, nə də Belarusun Rusiyanın təsir dairəsindən çıxması ehtimalının olmadığını nəzərə alsaq, Aİ-nin öz sərhədlərini Rusiyanın hərbi təhdidləri altında olan bu ölkələrədək çəkəcəyi inandırıcı gəlmir. Başqa sözlə, “Şərq Tərəfdaşlığı” Moskvaya görə, keçmiş SSRİ coğrafiyasında yerləşən müstəqil dövlətlərin Rusiyadan qoparılması layihəsidir. Rusiyanın bu proqram üzrə Aİ-nin potensial əməkdaşlarına qarşı oynadığı aqressor rolu da bunu təsdiq edir.
Mənsur Rəğbətoğlu
Tarix: 20-02-2018, 15:15