ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir

ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir
Ekspert: “Bu təşkilatın hər hansı bir dövlətdə keçirilən seçkiyə münasibəti necə olursa, dünya ictimaiyyəti də həmin seçkilərə analoji münasibət sərgiləyir”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verib. Missiya fevralın 21-22-də Bakıda olacaq. Qeyd edək ki, seçki kampaniyasına start veriləndən sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda prezident seçkisini müşahidə etmək üçün dəvət göndərildiyini açıqlamışdı.

Avropa Şurası Paprlament Assambeyası (AŞ PA) isə prezident seçkisinə müşahidə missiyasının göndərilməsi ilə bağlı martın 15-də qərar verəcək. AŞ PA Bürosunun martın 15-də keçiriləcək iclasında Azərbaycanda keçiriləcək prezident seçkisi müzakirə olunacaq, seçki ilə bağlı xüsusi komitənin (müşahidə missiyası) sədri və üzvləri seçiləcək.

MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev isə MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasına rəhbərlik edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının dünən Minskdə keçirilən iclasında qərar verilib.

Adıçəkilən təşkilatlar sırasında seçki məsələsinə münasibətdə ən mühümünün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu olduğu bəllidir. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verməsi ATƏT-in seçkiyə diqqətinin olacağı sayılmalıdırmı? Hakimiyyət adətən bu təşkilatın seçkilərə qiymətinin necə olduğuna həssas yanaşır. Hakimiyyətin narahtlığı üçün əsas varmı?



ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərə hansı münasibət sərgiləyəcəyinə həssas yanaşması başa düşüləndir. Çünki bu təşkilat seçkilər üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatdır: “Bu təşkilatın hər hansı bir dövlətdə keçirilən seçkiyə münasibəti necə olursa, dünya ictimaiyyəti də həmin seçkilərə analoji münasibət sərgiləyir. Yəni istər Avropanın, istərsə də Qərbin 11 aprel prezident seçkisi ilə bağlı mövqeyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyindən asılı olacaq. Əgər bu münasibət mənfi olarsa, dünya ictimaiyyəti tərəfindən seçkilərin nəticələrinə eyni münasibət ortaya qoyula bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki prosesini izləmək üçün uzunmüddətli müşahidə missiyası göndərəcəyi barədə isə hələ ki məlumat yoxdur”.

Seçkiyə isə 50 gündən az vaxt qalır. Artıq seçkidə iştirak üçün namizədlərdən sənəd qəbuluna start verilib. Hələ ki namizədliyə iddiaçılar üçün imzatoplama kampaniyası gedir. Prosesi yekunlaşdıran hələlik yoxdur. Böyük ehtimalla yaxın günlərdə YAP namizədi İlham Əliyev üçün lazım olan 40 min imzanı toplayıb yekunlaşdıra biləcək. Digər iddiaçıların bu işi mart ayından tez başa çatdıra biləcəyi ehtimalı sıfıra yaxın sayılır.

Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.

Növbədənkənar prezident seçkisində iştirak etmək istəyən şəxslərin sayı 14 nəfərə çatıb. Bunlar Azərbaycan prezidenti, YAP-ın namizədi İlham Əliyev, Yeni AXCP-nin sədri, “Cəbhəçilər Təşəbbüs Qrupu”nun namizədi Razi Nurullayev, Milli Məclisin deputatı, BAXCP-nin sədri və namizədi Qüdrət Həsənquliyev, Milli Məclisin deputatı, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, AĞ Partiyanın sədri, namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslı, namizədliyi sədri olduğu VİP tərəfindən irəli sürülən Əli Əliyev, deputat, prezidentliyə namizədliyi sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, Deputat, namizədliyi sədrlik etdiyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, Qarabağ Azadlıq Təşkilatının sədri, namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülən Akif Nağı, namizədliyi özü tərəfindən irəli sürülən Asif Məmmədov, Azərbaycan Sosialist Partiyasının sədri, namizədliyi özü tərəfindən irəli sürülən Elşən Həsənov, namizədliyi sədri olduğu Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, namizədliyi sədrlik etdiyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülən Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən vəkil Anar Umudov, namizədliyi özü tərəfindən irəli sürülən Ramazan Bəkirovdur.

Etibar SEYİDAĞA
Tarix: 21-02-2018, 09:15
Xəbəri paylaş





Xəbər lenti