2018-ci il prezident seçkisinə qatılanların əksəri xalq hərəkatının iştirakçılarıdır
Aprelin 11-də ölkədə prezident seçkisi keçiriləcək. Artıq ölkədə seçki ab-havası hiss olunur. Hazırda qeydə alınmış prezidentliyə namizədlərin seçkiqabağı təşviqat dövrüdür.
Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Prezidentliyə namizəd olan şəxslər eyni zamanda həftədə 3 dəfə İctimai Televiziyada yaradılan pulsuz efir vaxtından da yararlanıb, seçicilərinə müraciət edir, prezident seçildikləri təqdirdə görəcəkləri işlərin anonsunu verirlər.
Seçki prosesi zamanı namizədlər barəsində geniş məlumatlar dərc etmək dünya mediasında da ənənəvi hal alıb. Seçiciyə də maraqlıdır ki, namizədlərin indiyə qədər gördükləri işlər, onların keçdikləri siyasi fəaliyyət prezident postunda təmsil olunmaları üçün yetərlidir, yoxsa yox. Azərbaycanda hazırkı prezidentliyə namizədlərin bir qismi ictimaiyyətdə hələ Azərbaycan Xalq Cəbhəsi (AXC) dövründəki fəaliyyətlərindən tanışdırlar. Namizədlər həmin dövrdə müxtəlif vəzifələrdə təmsil olunublar.
“Yeni Müsavat” olaraq namizədlərin keçdikləri siyasi yolu qısa şəkildə təqdim edirik.
Öncə məlumat üçün qeyd edək ki, Azərbaycanda prezidentliyə namizəd kimi 8 nəfər qeydə alınıb. Onlar Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədliyini verən, hazırkı dövlət başçısı İlham Əliyev, ADP-dən namizəd Sərdar Cəlaloğlu (Məmmədov), namizədliyini öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc, Yeni AXCP-dən namizədliyini verən Razi Nurullayev, BAXCP-dən namizəd Qüdrət Həsənquliyev, ASDP-dən olan namizəd Araz Əlizadə, MDHP sədri Fərəc Quliyev və MMP-dən namizədliyini irəli sürən Hafiz Hacıyevdir.
Bu adlarını çəkdiyimiz şəxslərdən Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev Elçibəy hakimiyyəti dövründə vəzifələrdə olublar. Belə ki, Fərəc Quliyev 1989-1993-cü illərdə AXC rayon şöbəsinin sədri, 1993-cü ildə isə AXC İcraiyyə komitəsinin sədri, prezident Əbülfəz Elçibəyin 1-ci müavini olub. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Parlamentdə Demokratik Blokun üzvü olub. 1991-ci ildə parlamentdə qəbul olunmuş “Müstəqillik aktı”nın müəlliflərindəndir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədridir.
Qüdrət Həsənquliyev 1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət Heyətinin üzvü olub. 2001-ci ildən iki yerə parçalanmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. 2002-ci ilin avqustunda AXCP-nin birləşdirici qurultayında partiyanın sədri, (2004-cü il aprelin 3-də keçirilən növbəti təsis konfransında partiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adlandırılıb), 2003-cü il martın 5-də Milli Məclisin deputatı seçilib. 2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində partiyanın namizədi kimi iştirak edib. 2003, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə növbəti dəfə millət vəkili seçilib.
Hafiz Hacıyev 1992-1993-cü illərdə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb.
1993-cü ildə qiyamçı Surət Hüseynovun göstərişinə əsasən Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunub, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. 1999-cu ildə həbsdən azad olunduqdan sonra Elçibəy Xalq Hərəkatının yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olub. Hazırda Müasir Müsavat Partiyasının sədridir.
Prezidentliyə namizəd olan digər şəxslərin də fəaliyyətinə qısa formada nəzər salaq.
Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.
1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.
2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.
Araz Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının “Respublika Müdafiə Şurası”nın üzvü olub. 1988-1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olub və rəhbərlikdə təmsil edilib.
Sərdar Cəlaloğlu 1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub. Hazırda sədri olduğu ADP-ni 1991-ci ildə qurub. 2008 və 2013-cü ildə Azərbaycan Demokrat Partiyası tərəfindən 2008-ci il və 2013-cü il Azərbaycan prezident seçkisinə namizədliyi irəli sürülüb, lakin qalib gələ bilməyib.
Razi Nurullayev 2015-ci ildə AXCP-də Əli Kərimlinin müavini vəzifəsindən istefa verib və elə həmin ilin 19 avqust tarixində Əli Kərimlidən narazı qüvvələrlə birlikdə eyniadlı partiya yaradıb.
Əli RAİS