9 gün sonra Ermənistanda yeni, formal baş nazir seçkisi keçiriləcək. Ona görə “formal” ki, parlamentdəki hakim çoxluğun namizədi - prezident kimi səlahiyyət müddəti başa çatmaqda olan Serj Sərkisyanın bu postu tutacağı şübhə doğurmur. Bununla da işğalçı ölkənin parlamentli üsul-idarəyə keçidi reallaşacaq və Sərkisyan yenə ölkədə əsas söz sahibi olacaq - bu dəfə baş nazir olaraq.
Xəbər verdiyimiz kimi, bu arada səlahiyyətləri bitməkdə olan Serj Sərkisyanla bağlı Ermənistan hökumətində qapalı müzakirələr olub. Müzakirələrin yekununda Sərkisyanın eks-prezident kimi təminatı məsələlərinə baxılıb və... ona 3 futbol meydançası boyda həyətyanı sahəsi ilə birgə ev verilməsi, ömürlük yüksək pensiya kəsilməsi qərara alınıb. Beləcə, 2008-ci ilin martında 8 nümayişçini güllələməklə prezident kürsüsünə yiyələnmiş Serj Sərkisyan 10 il sonra sanki “qan tökmədiyi” üçün mükafatlandırılıb.
Sərksiyana veriləcək evin hökumətin büdcəsi ilə tikiləcəyi deyilir (Eks-prezident Levon Ter-Petrosyan da bu tip evlərdən birində yaşayır). Bundan əlavə, Serj Sərkisyan ölənə kimi prezident maaşının 70 faizi miqdarında pensiya alacaq. Hazırda bu vəsaitin miqdarı 1930 dollar təşkil edir.
Lakin bu xəbər ölkədə etirazla qarşılanıb, hakim rejimə qarşı ictimai qəzəbi daha da artırıb. Neçə-neçə evi, mal-mülkü, böyük sərvəti olan Sərksiyanın bunu haqq eləmədiyi bildirilir və sərt şəkildə qınanır, hətta aşağılanır. Səbəb kimi də onun Ermənistanı, erməni xalqını düçar elədiyi ağır sosial-iqtisadi durum, səfalət, həlli hələ də tapılmayan Dağlıq Qarabağ ixtilafı, sayı ildən-ilə artan əsgər tabutları, ölkədə tüğyan edən korrupsiya, kütləvi işsizik və xaricə güclənən köçdür.
*****
“Sərkisyanlar ailəsi çoxmilyonlu varidatlara sahibdir. Ancaq xislətlərindən qaynaqlanan tamahkarlıq hissi hər şeyi üstələyir və öz müddətini bitirməkdə olan prezident hökumətin ona bağışladığı daşınmaz əmlakdan imtina eləmir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport nəşrindəki dünənki məqalədə deyilir.
“Ermənistan hökumətindəki dünənki (srağagünkü - red.) toplantı növbəti dəfə ölkədəki hakim kriminal-oliqarxik rejimin daxildən nə dərəcədə çürüdüyünü, çulunu sudan güclə çıxaran xalqın qayğıları və problemlərindən nə dərəcədə ayrı düşdüyünü nümayiş etdirdi. Ermənistanın yüz minlərlə vətəndaşı çörək dalınca həmişəlik ölkəni tərk elədiyi halda, hökumət üzvləri getməkdə olan prezident Serj Sərkisyana dəbdəbəli yolasalma mərasimi düzənləyir və bu zaman təkcə şəxsi sədaqət nümunəsi yox, həm də yaltaqlıq və mütilik göstərirlər. Əslində anlaşılandır - Sərkisyan tezliklə ölkədə bütün hakimiyyəti öz əlində cəmləyəcək baş nazir kreslosuna oturmağa hazırlaşır. O üzdən də hökumətdə çətin ki, kimsə bu ”yem yeri"ndən aralı düşmək istəyə. Ona görə də Sərkisyana belə “diqqət” göstərilir", - deyə yazıda ardınca vurğulanır.
Məqalədə daha sonra deyilir: “Hökumətin Sərkisyan qarısında bunca aşkar yaltaqlığı və mütiliyi, sonuncunun isə acgözlüyü erməni cəmiyyətində ədəbsiz zarafatlar doğurub. Düz də edilib. Baxmayaraq ki, Sərkisyanın guya rəsmən İrəvanda öz evi olmayıb və ölkənin ən varlı insanlarının siyahısında o, guya heç də ilk yerlərdən birini tutmur, bununla belə, Ermənistanda hamıya, eləcə də ondan xaricdə olanlara məlumdur ki, dünyanın ən varlı erməniləri - Robert Köçəryan və Sərkisyan ailəsidir. Məhz Köçəryanın və xüsusən də Sərkisyanın dönəmində Ermənistanda və Dağlıq Qarabağda kriminal elementlərin dövlətlə çulğalaşması görünməmiş miqyas alıb. Sərkisyan rejimi üçün hətta zahiri ədəb normaları da qara qəpiklik dəyərdə deyil və ölkənin talançılığı üzərində varlanmaqda davam edir. Bu gün Sərkisyan qardaşlarının hesabında milyardlarla dollar və avrolar toplanıb. Yerli biznes çoxdan hakim ailənin şəxsi xəzinəsi üçün ”vergilərə" oturdulub. Hər bir iş adamı istənilən anlaşmadan və ya gəlirdən yuxarıya faiz ödəyir. Monopoliya hesabına varlanan oliqarxlar da Sərkisyan ailəsinin büdcəsinə sanballı məbləğ ödəyirlər. Yerli və xarici KİV-lərdə dəfələrlə dərc edilmiş jurnalist araşdırmalarının nəticələrinə görə, Sərkisyan ailəsi cinayət yolu ilə əldə elədiyi milyardlar, gəlirlər hesabına xaricıdə dəbdəbəli villalar, ad-sanlı restoranlar, mehmanxanalar, gecə klubları, şirkətlər alıb".
Erməni müəllif sonda Serj Sərkisyana sual və çağırış edir: “Nədən sən ömürlük pensiyadan və İrəvandakı evdən bunca yapışıb qalmısan? Öz xalqına bunca bədbəxtlik gətirən və formal olaraq dövlət başçısı postunu tərk eləməkdə olan Sərkisyan öz pensiyasını xeyriyyəçiliyə sərf eləmiş Xose Muxikin (Uruqvayın sabiq prezidenti - red.) yolunu da gedə, aylıq 1930 dollardan imtina edə bilərdi. Axı bu məbləğ Sərkisyanın geydiyi bir cüt ayaqqabının pulu eləmir. Amma eyni zamanda bu pul Qarabağ veteranları və ya Spitak zəlzələsinin qurbanları üçün böyük məbləğdir. Amma yox. Xislətindəki tamahkarlıq hissi hər şeyi üstələyir. ”Hər şey mənim, hər şey mənim" - acgöz, parlayan gözləri ilə Sərkisyan hökumətin “hədiyyələri”ni qəbul edir. Ancaq Serj Azatoviç gərək “Qızıl antilop” nağılındakı acgöz Racinin qəmli sonluğunu unutmasın. Axı günün birində sənin varidatını da kirəmitə çevrilə bilər - nəyin altında ki, bu anti-xalq və qorxunc merkantil rejim dəfn olunacaq".
*****
Erməni nəşrinin qeydlərinə ola bilsin, nə isə əlavə eləməyə dəymir. Yalnız bundan başqa: nə qədər ki, erməni xalqı, sadə ermənilər ölkədəki kriminal-oliqarxik rejimə, “Qarabağ klanı”ın zülmünə dözüm göstərəcəklər, vəziyyət yaxşıya dəyişməyəcək, əksinə bundan da pis olacaq. Taleyi dəyişmək üçün hələ 9 gün var. Bu 9 gün belə görünür, Sərkisyan üçün də kritik bir dönəm olacaq. Gerisayım başlayıb. Hərçənd, Serj Sərksyan artıq bir dəfə - 10 il öncə (1 mart 2008 ) hakimiyyətdə zor gücünə, qan gücünə qalmaq nümunəsi göstərib... “Yeni Müsavat”