"Brexit" (Britaniyanın Avropa Birliyindən çıxması) qərarına baxmayaraq, rəsmi London NATO və Avropa Birliyindəki müttəfiqlərini səs-küylü addıma razı sala bildi. 25 ölkə ümumilikdə 150-dən artıq rusiyalı diplomatı ölkəsindən çıxarmaq barədə qərar verdi. Bu Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripal və qızının bu il martın 4-də Britaniyada zəhərlənəməsinə (Britaniya bu olayda Moskvanı ittiham edir) verilən cavab idi.
Avropa Birliyinin 18 ölkəsi dimplomatik demarşa qoşulsa da, 9 üzv-dövlət bu addımdan imtina etdi.
Strateq.az xarici mətbuata istinadən 9 ölkənin nədən ehtiyat etdiyinə və Britaniya ilə niyə həmrəylik nümayiş etdirmədiyinə aydınlıq gətirəcək.
Kiçik dövlətlərin böyük maraqları…
Diplomatların çıxarılması ilə bağlı qərarla Avropa Birliyinin əsasən kiçik dövlətləri həmrəy olmadı. Bu dövlətlərin imtinasının əsas səbəbi Moskvanın cavab tədbirlərinə əl ataraq onların Rusiyadakı səfirliklərini tamamən qapadacağından ehtiyat etmələri idi.
Məsələn, Malta hökuməti imtina səbəbinin bu olduğunu açıq şəkildə bəyan etdi.
Lüksemburq təmkinli mövqe sərgiləyərək Rusiyadakı səfirini məsləhətləşmə üçün geri çağırdı. Lüksemburq Xarici İşlər Nazirliyi martın 28-də yaydığı bəyanatda bildirdi ki, bu ölkə Skripal işində Londonla tam həmrəylik nümayiş etdirir.
Həmin gün Malta hökuməti də Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırdı.
Malta və Kiprin Rusiya ilə qarşıdurmaya getməmək üçün daha bir səbəbi vardı – Avropa Birliyi pasportlarında ticarət. Bu, ada dövlətlərin büdcəsinə milyardlarla avro gətirən ticarətdir. Zəngin ruslar bu pasportları aktiv şəkildə alırlar.
Məsələn, Malta pasportunu almaq ən azı 1,1 milyon avrodur. Kipr pasportuna sahib olmaq üçün ən azı 2 milyon avro lazımdır.
Kipr pasportuna sahib olan rusiyalı milyarderlərdən biri də bugünlərdə adı rus müxalif lider Aleksey Navalnının korrupsiyaya dair araşdırmasında keçən biznesmen Oleq Deripiskadır.
Avropa Birliyinin bir neçə başqa ölkəsi də vətəndaşlığı və müvəqqəti yaşama icazəsini oxşar üsulla verir. Amma Malta və Kiprin pasportlarından daha aktiv şəkildə istifadə olunur.
"Skripal işi"nə necə reaksiya verilməli olduğu jurnalistin ölümünə görə siyasi böhranın yaşandığı Slovakiyada da mübahisə yaradıb.
Slovakiya hökuməti Rusiyadakı səfirini məsləhətləşmə üçün geri çağırmaqla kifayətlənib. Lakin ölkənin xarici işlər naziri Miroslav Layçak bildirib ki, Slovakiyanın növbəti addımları Rusiyanın yaxın günlərdə baş verənlərə reaksiyasından asılı olacaq.
Yunanıstan və Avstriya: "körpülər qurulur"
Yunanıstan hökuməti də diplomatlar məsələsində NATO-dakı və Avropa Birliyindəki tərəfdaşlarına qoşulub-qoşulmamaq barədə qərar verməyib.
Rəsmi Afina yekun qərar qəbul etmək üçün təhqiqatın nəticəsini gözləməyi düşünür. Ekspertlər isə Yunanıstanın Rusiyaya qarşı kəskin tədbirlərə getməyəcəyini deyirlər.
Aleksis Tsiprasın rəhbərlik etdiyi hökumət Moskva ilə əlaqələri möhkəmləndirməyin tərəfdarıdır və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını açıq şəkildə tənqid edir.
Avstriyanın diplomatlar məsələsində Britaniya ilə həmrəy olmamasını kansler Sebastyan Kurts ölkəsinin neytral mövqedə olması və Şərqlə Qərb arasında körpü qurmaq niyyəti ilə izah edib.
Kurtsun təmsil etdiyi partiya da Rusiya ilə yaxın münasibətlərin tərəfdarıdır. Və Rusiyanın hakim partiyası ilə əməkdaşlıq sazişi imzalayıb.
Portuqaliya və Bolqarıstan: səfirlərlə məsləhətləşmə
Rusiyalı səfirləri ölkədən çıxarmaqdan imtina edənlərdən biri də Bolqarıstandır. Ölkə rəhbərliyi bəyan edib ki, məlum insidentlə bağlı Moskvadakı səfirlərini məsləhətləşmə üçün geri çağıracaqlar.
Portuqaliya da analoji mövqedən çıxış edib. Ölkənin xarici işlər naziri Auquştu Santuş Silva bildirib ki, rusiyalı diplmotların hazırkı mərhələdə ölkədən çıxarılması onların diplomatiya üslubuna uyğun gəlmir.
Əlavə tədbirləri istisna etməyən Silva deyib ki, Portuqaliya Avropa Birliyinin mövqeyini tam dəstəkləyir.
Martın 27-də açıqlama verən baş nazir Şarl Mişel bildirib ki, Belçika "Skripal işi" üzrə xüsusi vəziyyətə düşən ölkədir. Çünki ölkənin paytaxtında Avropa Birliyi və NATO-nun rəhbər orqanları yerləşir. Bununla belə, həmin günün sonunda Belçika da 1 rusiyalı diplomatı ölkədən çıxarmağa qərar verib.
Rusiyadan cavab zərbəsi
Bu dəqiqələrdə məlum olub ki, Rusiya 23 ölkənin 150 diplomatını ölkədən çıxarır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara görə, Albaniya, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Makedoniya, Moldova, Niderland, Norveç, Polşa, Rumıniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç və Estoniyanın diplomatik missiyası aprelin 7-dək Rusiyanı tərk etməlidir.
Rusiya XİN Belçika, Macarıstan, Gürcüstan və Qaradağa dair qərar vermədiyini və onlarla bağlı məsələni açıq saxladığını da bildirib. Bu ölkələr də Britaniyayla həmrəylik nümayiş etdirərək rusiyalı diplomatları ölkələrindən çıxarıblar.