İrandan Səudiyyə şahzadəsinin müharibə anonsuna sərt reaksiya

 

Tehran İrana müharibə mesajı verən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sərt cavab verib.

Virualaz.org xarici KİV-ə istinadən bildirir ki, Məhəmməd bin Salmanın sözlərini şərh edən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib: “Müharibəni arzu edən bu şəxs ya müharibənin nə olduğunu bilmir, ya tarixi öyrənməyib, ya da müdrik insanlarla məsləhətləşməyib”.

Xatırladaq ki, “Vol Strit Jurnal” qəzetinə müsahibə verən Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı və İran arasında müharibənin 10-15 il sonra başlaya biləcəyini söyləyib.

“Qərb Tehrana qarşı sanksiyalar rejimini sərtləşdirməlidir. Biz uğur qazanmalıyıq ki, hərbi konfliktdən qaça bilək. Əgər istədiyimizə çata bilməsək, o zaman İranla 10-15 il sonra müharibə etməli olacağıq”, - deyə o bildirib.

Yeri gəlmişkən, qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman ABŞ-da iki həftəlik səfərdədir. O, bir neçə gün əvvəl ABŞ-dakı yəhudi icmasının liderləri - İsrail ictimaiyyəti ilə əlaqələr üzrə Amerika Komitəsi, Antidiffamasiya Liqası, Amerika Yəhudi Komitəsi, “Bney Brit” və digər yəhudilərin başqa təşkilatlarının təmsilçiləri ilə görüşüb.

Məhəmməd bin Salman ABŞ prezidenti Donald Tramp, onun müşaviri və kürəkəni Cared Kuşner, müdafiə naziri Ceyms Mettis, Yaxın Şərq üzrə xüsusi səfir Ceyson Qrinblattla da görüş keçirib.

Onu da xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında yarandığı vaxtdan indiyədək heç vaxt diplomatik münasibət olmayıb.

Tarix: 1-04-2018, 09:32
Xəbəri paylaş





Xəbər lenti