Putindən Ankara və Bakıya mühüm jest


Rusiya lideri seçkidən sonra ilk xarici səfərini Türkiyəyə -  işğalçı Ermənistanın “qapı qonşusu”na edir; qardaş ölkə nüvə dövlətinə çevrilmə yolunda...

Martın 18-də növbəti 6 illiyə Rusiya prezidenti seçilən Vladimir Putin sabah - aprelin 3-də Türkiyəyə gedəcək. Məlumatlara görə, böyük nümayəndə heyəti ilə gələcək Kreml başçısı prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələri, o sırada hərbi əməkdaşlıqla bağlı məsələləri (S-400 komplekslərinin alınması və s.), habelə regional və qlobal əhəmiyyətli mövzuları müzakirə edəcək.

Elə həmin gün Ankarada Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası keçiriləcək. Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ərdoğan və Putinin iştirak edəcəyi toplantıya iki ölkənin nazirləri qatılacaq. Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkə arasında əlaqələrin inkişafı diqqət mərkəzində olacaq, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Aprelin 4-də isə Ankarada Türkiyə, Rusiya və İran dövlət başçıları arasında Suriyadakı böhranla bağlı zirvə görüşü planlaşdırılır.

*****

Putinin prezident seçkisindən sonra ilk xarici səfərini Avrasiya İqtisadi Birliyinin və ya KTMT-nin hansısa üzv ölkəsinə, məsələn, Belarusa və ya forpost Ermənistana yox, məhz işğalçı ölkənin “qapı qonşusu” Türkiyəyə eləməsi diqqət çəkməyə bilməz və yalnızca simvolik əhəmiyyət daşımır. Bu, hər şeydən öncə xarici siyasətdə Moskvanın qardaş ölkənin bölgədəki roluna və yerinə, Türkiyənin şimal qonşumuzdan ötrü daşıdığı əhəmiyyətə verdiyi qiyməti göstərir. Türkiyəyə verilən önəm isə həm də Azərbaycana verilən önəm, Azərbaycana verilən mesajdır. Faktiki surətdə Moskva Ankaranı, Ankara timsalında isə Bakını seçmiş olur.

Bu xüsusda səfər ən çox işğalçı Ermənistanda narahatlıq yaradacaq, düşməni məmnun etməyəcək. Onsuz da erməni siyasi və ekspert çevrələri, Rusiyadakı və dünyadakı erməni lobbisi xüsusən də son illər Ankara ilə Moskva arasında dərinləşən əlaqələrdən təlaş keçirir, bu əlaqələrin korlanması üçün əllərindən gələni edir. Təlaşın əsas motivi isə sıxlaşan Türkiyə-Rusiya əməkdaşlığının Qarabağ məsələsinə Azərbaycanın xeyrinə mümkün təsiri ilə bağlıdır. Yəni Dağlıq Qarabağ mövzusu günün birində Moskva-Ankara münasibətlərinin predmetinə çevrilə bilər.

Moskva-Ankara münasibÉtlÉri ile ilgili görsel sonucu

Ankara-Moskva münasibətləri isə son illər artan xətlə inkişafdadır və getdikcə əməkdaşlığın bütün mümkün sferalarını əhatə etməkdədir. İki ölkənin ortaq təmas nöqtələri də çoxalmaqdadır və tərəflər bir-birini getdikcə daha yaxşı anlamaqdadır. Təsadüfi deyil ki, Türkiyə Qərbin Rusiyaya qarşı açdığı diplomat savaşına qatılmayıb və heç bir rus diplomatını ərazisindən çıxarmayıb.

Rəsmi Ankara beləcə, bir daha Rusiyaya jest, Qərbə incə mesaj verib. Bununla bağlı prezident Ərdoğan Ankaranın “Sergey Skripal işi” ilə əlaqədar Moskvaya qarşı addım atmaq niyyətində olmadığını “net” şəkildə söyləyib. Ərdoğan deyib ki, Türkiyənin bu addımı atmasında heç bir zərurət yoxdur: “Bu cür məsələlərdə ”biz də belə edək" anlayışını qəbul etmirik".

Putin ÆrdoÄan ile ilgili görsel sonucu

*****

NATO üzvü Türkiyə 4 ildir Rusiyaya qarşı Qərbin tətbiq elədiyi sanksiyalara da qoşulmayıb və bir daha özünün müstəqil xarici siyasət kursuna sadiqliyini nümayiş etdirib - hərçənd, Ankara Krımın Rusiyaya ilhaqını tanımır. Bu yerdə bir zəruri xatırlatmağa ehtiyac var: “Su 24" insidenti ilə bağlı Rusiya ilə yaşanan böhran zamanı qardaş ölkəyə nə ABŞ, nə də bütövlükdə NATO yetərli dəstək vermədi. Türkiyə bunu yaddan çıxarmayacaq - halbuki, qardaş ölkə Alyans üçün regionda çox önəmli üzv-dövlətdir.

 

Ümumiyyətlə, istənilən dövlət ona dar gündə dəstəkçi olmuş dövləti və ya şəxsi unutmur. Bu mənada Türkiyə kimi qüdrətli bir dövlətin, onun liderinin heç nəyə baxmadan Rusiya əleyhinə sanksiyalara və diplomatik savaşa qoşulmaması, əksinə, Moskva ilə bütün sahələr üzrə əlaqələri inkişaf etdirməsi Kremlə soyuq savaş dövründən bu yana bənzərsiz, hətta tarixi bir yaxşılıqdır. Siyasi dividentlərlə yanaşı, şimal qonşumuza maddi dividendlər gətirəcək bir jestdir.

Putin ÆrdoÄan Ä°lham Æliyev ile ilgili görsel sonucu

Rusiyanın buna verəcəyi cavabı, yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Putinin Türkiyə səfəri çərçivəsində Kremlin bununla bağlı Ankaraya yeni reveransının şahidi də ola bilərik. Mümkündür ki, bu cavab münaqişəli bölgələrdə, o cümlədən Yaxın Şərq və Güney Qafqazda bir sıra məsələlərdə müştərək hərəkət etmək niyyətində özünü büruzə versin.

Hər necə olmasa, Rusiya və Türkiyənin bundan sonra bir-birinin maraqlarını daha həssaslıqla gözləmək və ciddiyə almasını təxmin eləmək olar. Bütövlükdə Türkiyə Rusiya uçun artıq vazkeçilməz bir dövlətə çevrilir - həm də kifayət qədər uzun müddətə. Bu, Qarabağ kimi problemi olan Azərbaycan üçün də az önəm kəsb eləmir.

*****

Akkuyu Atom ile ilgili görsel sonucu

Erməni tərəfini, antitürk çevrələrini Putinin səfəri ilə bağlı təlaşlandıran daha bir detal var: aprelin 3-də Mersində Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi olacaq və mərasimə Putin də qatılacaq. Akkuyu AES-lə bağlı Türkiyə-Rusiya anlaşması 2010-cu ildə imzalanıb. Stansiyanın ilk reaktorunun ən gec 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Yəni uzağı, 5 ilə qardaş ölkə artıq nüvə enerjisinə, bəzi nüvə komponentlərinə malik olacaq ki, bu da atom silahına sahib olmaq yolunda mühüm amillərdən biri sayılır. Türkiyə kimi imkanlı və güclü dövlət üçün buna nail olmaq çətinlik törətməz.

Qeyd edək ki, müsəlman ölkələrindən yalnız Pakistan nüvə silahına malikdir. Türkiyənin nüvə dövləti statusu qazanması isə onun gücünə bənzərsiz bir güc qata və qeyd-şərtsiz regional supergücdən qlobal gücə və söz sahibinə çevirərdi. Bu isə Ankaranın bütün xarici siyasət məsələlərində, o cümlədən Qarabağ məsələsində artan söz sahibliyi deməkdir...  

“Yeni Müsavat”ın analitik xidməti

Tarix: 2-04-2018, 09:43
Xəbəri paylaş





Xəbər lenti