Yaxın Şərqdə seyrələn ilğım –Azərbaycanlı politoloq "Əl-Ərəbiyyə" üçün yazdı



Bayram Əliyev

“Əl-Ərəbiyyə”

 

"Müharibə – siyasətin digər vasitələrlə davamıdır" (Karl fon Klausevitz)

 

Soyuq müharibənin sona çatması ilə beynəlxalq siyasətdə radikal dəyişiklik illüziyası Qərbdə artıq yanlış görünür və hazırda o, dünya siyasətinin daha realist qavrayışı ilə əvəz olunur. Dövlətlər hələ də beynəlxalq siyasətdə dominant aktyorlardır və təhlükəsizliyi təmin etmək üçün onlar daha çox güc əldə etməyə çalışır.

Yeganə gerçək budur ki, Sovet İttifaqının dağılması ilə dünya siyasətində güc paylaması dəyişib, lakin qlobal siyasətin eyni strukturu hələ də bir neçə dəyişikliklə fəaliyyət göstərir. Buna görə 21-ci əsrdə əvvəlki kimi böyük güc davranışları baş verəcək.

Mirşimerin iddia etdiyi kimi, əsl dünya yeni dövrdə də realist dünya olaraq qalır.

Yaxın Şərqdəki inkişafları təhlil etmək üçün dövlətlər arasında güc əlaqələri vacibdir, siyasi və dini ideologiyalardan kənar olan məsələlərə diqqət yetirmək də.

Həqiqətən, ideologiyanı bir vasitə kimi istifadə etmək sahəsində bölgədə rəqabəti var. Məsələn, İran regionda güclənmək üçün şiəliyi, Pakistan və Əfqanıstanda olduğu kimi, şiə icmasını, şiə könüllüləri “Zeynəbiyyun” və “Fatimiyyun” kimi qruplara cəlb etməklə, onlardan Suriya müharibəsində istifadə etmək istəyir və hazırda bunu görürük.

Qlobal siyasətdə mövcud proseslər Yaxın Şərq regionunda tarazlıqlara təsir göstərir.

Son iki inkişaf – prezident Trampın milli təhlükəsizlik məsləhətçisi və dövlət katibi vəzifələrinə yeni təyinatları və Putinin Rusiyada yenidən prezident seçilməsi Suriyadakı vətəndaş müharibəsi və Yaxın Şərqdəki digər regional məsələlərə təsirini davam etdirəcək.

Aydındır ki, Mayk Pompeo və Con Bolton quzğun xarici siyasət tərəfdarlarıdır və İranı ABŞ və regional təhlükəsizlik üçün başqaları arasında 1 nömrəli təhlükə görür. Yəni bu qərarvericilərin hədəflərindən biri – Obama dövründə bölgədə genişlənmiş İranın təsirini məhdudlaşdırmaqdır.

İkincisi, bu fiqurlar mövcud Türk hökumətinə də şübhə ilə yanaşırlar və bunu onların keçmişdə verdikləri bəyanatlardan başa düşə bilərik.

Türkiyənin Qərb yarımkürəsindəki müttəfiqlərinin və digər dövlətlərin təhdid kimi qəbul etdiyi strateji hədəflər və əlaqələri aydınlaşdırmaq məcburiyyətində qalacağı gözlənilir.

 

Siyasi və təhlükəsizlik məqsədləri

 

Digər tərəfdən, İngiltərə və digər Qərb dövlətlərinin Rusiyanı sabiq casusun öldürülməsində ittiham etməsi və rus diplomatlarının Qərb paytaxtlarından çıxarılması Yaxın Şərqdə Rusiya ilə Qərb arasında barışığın mümkünlüyünü minimuma endirib.

Bu, Rusiyanın Suriyadakı Əsəd rejimini dəstəkləməsi və İranla strateji ittifaqını gücləndirəcək.

Həmin tarazlıqda Türkiyənin yeri də əhəmiyyətli olacaq və bölgədə, xüsusilə də Suriyadakı türk qərarvericilərinin növbəti addımlarını təyin edəcək.

Türkiyənin Suriya ilə sərhəd bölgələrindəki kürd qüvvələrə qarşı apardığı hərbi əməliyyatlar regional balansları yenidən qurmaq üçün bir faktor olaraq qəbul edilə bilər.

Ankara uzun müddətdir ki, qərbli müttəfiqlərinə müəyyən məsələlərdə öz strategiyasındakı fərqlilikləri göstərir. Bu fikir ayrılıqları Türkiyənin özünəməxsus strategiya tətbiq etmək məcburiyyətində qoyub.

Bununla belə, bu, Türkiyənin xarici siyasət oxunun Rusiya və Asiya dövlətlərinin lehinə dəyişməsi mənası vermir. Bilindiyi kimi, bu səlahiyyətlər arasında bəzi taktik kompromislər olmasına baxmayaraq Türkiyə ilə Rusiya arasındakı regional problemlərdə dərin siyasi anlaşmazlıqlar var.

Cəmi iki il əvvəl Türkiyənin mövqeyini zəiflətmək məqsədilə Rusiyada, o cümlədən PKK və PYD olmaqla, kürd qüvvələrini dəstəkləmək barədə müzakirələr aparılırdı. Ona görə də, hər iki tərəfin – Türkiyə və Rusiyanın siyasi və təhlükəsizlik məqsədləri fərqlənir.

Bundan əlavə, terror təşkilatı kimi tanınan PYD ABŞ qüvvələri tərəfindən dəstəklənir və təlim keçir.

ABŞ bu dəstəyin yalnız İŞİD-ı məğlub etməklə bağlı olduğunu bəyan etsə də, PYD-nin Türkiyənin yaxınlığında artan gücü Türkiyə üçün təhlükə yaradır.

Əgər Türkiyə və ABŞ ümumi dil tapa bilmirlərsə, Qərb koalisiyası daha çox irəliləyə bilməyəcək və bu, regiondakı tarazlıqları tamamilə dəyişəcək.

___________

Bayram Əliyev İstanbul Universitetində beynəlxalq əlaqələr üzrə namizədlik və Zigen Universitetində politologiya üzrə magistr dərəcəsi alıb. Onun əsas maraq dairəsinə beynəlxalq təhlükəsizlik məsələləri, xarici siyasətin təhlili, xüsusilə Türkiyə, Rusiya və İran xarici siyasəti daxildir.

 

Tərcümə: Strateq.az

Tarix: 2-04-2018, 15:15
Xəbəri paylaş





Xəbər lenti