Seçkidə “tükünü tərpətməyən” deputatlar


 


  Növbədənkənar prezident seçkilərində hakim partiya namizədi iqtidar düşərgəsindən komanda şəklində təbliğ olunur.

Bu kampaniyaya hakimiyyət yetkililəri, millət vəkilləri, hökumət mediası, nazirlər, hətta prezidentliyə namizəd olan bəziləri də dolayısı ilə dəstək verirlər.

Məsələn, prezidentliyə namizəd olan deputatlardan Qüdrət Həsənquliyev, Zahid Oruc, Araz Əlizadə iqtidar namizədinin siyasətini bu və ya digər şəkildə müdafiə edirlər.

İqtidar mediasında ayrı-ayrı deputatların müsahibələri, çıxışları, ölkə başçısının fəaliyyətinə dair fikirləri dərc olunur.

Ancaq bəzi parlamentarilər var ki, onlar 11 aprel seçkilərinə “fransız” qalıblar. Yəni, Milli Məclisin iclaslarında necə passivdirlərsə, seçicilərinə qarşı laqeyddirlərsə, eynil qarşıdakı seçkiyə də adekvat münasibət sərgiləyirlər.

İmamverdi İsmayılovun 999 və 888 biznesi

AzEuroNews.com media üzərindən monitorinq zamanı seçkilərə biganə qalan, hakim partiya namizədini müdafiə etməyən həmin millət vəkillərinin siyahısını hazırlayıb.

 İmamverdi İsmayılov

Siyahının başında 125 saylı Zəngilan-Qubadli seçki dairəsindən deputat olan İmamverdi İsmayılov gəlir.

Ölkənin siyasi gündəmini seçkilər məsələsi zəbt etsə də, İ.İsmayılov sanki ayrı planetdə yaşayır.

Parlamentin iclaslarında, qanun layihələrinin müzakirələrində də susmağa üstünlük verən İ.İsmayılov mandatlı biznesmen kimi tanınır.

YAP-ın namizədinə dəstək verməli olan, hakimiyyətə yönəlik tənqidlərə reaksiyası gözlənilən deputatın fəaliyyətində prioritet onun kommersiyas işləridir.

Soruşsanız spiker Oqtay Əsədov da İ.İsmayılovun parlamentin iclaslarında iştirakını hiss etməyib. Məcburi köçkünlər qeyd edirlər ki, onlar deputatından əlini üzüb.

Bildirirlər ki, İmamverdi İsmayılovun bircə dəfə onlarla maraqlanmasını, bayramla sovqat paylamasını, dərd-sərini parlamentdə qaldırmasını xatırlamırlar.

Deputatın Sumqayıt şəhərindəki xeyli obyekti – restoranı, şadlıq evi, internet-klubları və dükanları var.

Şamaxı rayonunda xeyli qoyun sürüsü, fermer təsərrüfatı, həmçinin İmişlidə çınqıl karxanası, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evləri var.

999 və 888 seriya nömrələrin yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov deputatın oğludur.

Kamaləddin Qafarovun dərmanlı biznesi

İ.İsmayılovdan fərqlənməyən həmkarı 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat Kamaləddin Qafarovdur.

 Kamaləddin Qafarov

Milli Onkologiya Mərkəzində müavin olan həkim-deputat da  11 aprel seçkilərində fəallığı ilə seçilmir.

Seçkilərlə əlaqədar olaraq siyasi gündəm qaynar qazandır, K.Qafarov isə qazanın içinə öz payını əlavə eləməyib. Çünki onun da başı biznes işlərinə möhkəm qarışıqdır.

Dərman bazarında söz sahibi olan deputat həmçinin dərmanların “od qiymətinə” olmasına əsas səbəkarlardan biri kimi də tanınır.

İnternet resurslarında Kamaləddin Qafarov yazanda seçki ərəfəsində 1-2 görüşü, dərman biznesinin olması haqda xəbərlər meydana çıxır.

K.Qafarov özünü Mozambikin deputatı kimi aparır. Millət vəkilinin işi MM-də müxtəlif mövzularda çıxış etməkdir, məsələlər qaldırmaqdır. Adıçəkilən deputatı isə bir rəyini bilmək mümkün olmayıb.

K.Qafarovun kosmetoloji pereparatlar və Hepatit C virisuna qarşı dərman satışını xüsusi olaraq monopoliyada saxladığı bildirilir.

Hətta bu sistemdə ayrı-ayrı iş adamlarına haqq qoyulması da gələn məlumatlar sırasındadır.

Hacı Salayevin “Trust”u və zavodları…

Günün üçüncü deputatı isə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən mandat sahibi Hacı Salayevdir. H.Salayev də jurnalistlərə açıqlama verməyən, parlament iclaslarında “ağzına su alıb oturan” deputatlardan biridir.

 Hacı Salayev

Onun biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i təşkil edir. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” mühafizə şirkətidir.

Biznesmen deputatın keçmiş nazir Füzuli Ələkbərova məxsus İsmayıllı rayounun İvanovka kəndindəki müasir çörək zavodunu aldığı deyilir.

İddiaya görə millət vəkili İvanovka kəndindəki çörək zavodunun alınması üçün 1 milyon manata yaxın xərc çəkib.

Hazırda Hacı Salayevin İsmayıllıdakı çörək zavoduna Bakıda işçilər göndərdiyi bildirilir. Onun Bakıda “Xəzər” çörək zavoduna sahib olması ilə bağlı mediada məlumatlar yayılmışdı.

Həmin vaxt H.Salayev çörək zavodunun ona məxsus olub olmaması ilə bağlı hər hansı açıqlama verməmişdi. Zavodu deputatın oğlunun Ayaz adlı dostu işlətdiyi deyilir.

Ancaq seçkiyə etinasız qalan deputatların siyahısı bununla yekunlaşmır. Növbəti yazıda Rafael Cəbrayılov, Nəriman Əliyev və Ağalar Vəliyevin fəaliyyətindən bəhs edəcəyik. Bizi izləyin….

Tarix: 3-04-2018, 08:40
Xəbəri paylaş





Xəbər lenti