Rusiya işğalçı ölkəyə satdığı mavi yanacağı bahalaşdırır – kritik gəlişmə; erməni nəşri: “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiqdir, qiymət qalxsa, indiki hakimiyyətin reytinqi düşəcək”; Paşinyanın “qanının arası”na hələ ki, çempionat girir, çünki...
8 maydan sonra Rusiya-Ermənistan münasibətləri qeyri-müəyyən olaraq qalır. Həmin tarixdə baş nazir seçilən “gizli qərbçi” Nikol Paşinyan hələ ki müttəfiq Rusiya ilə münasibətləri əvvəlki yüksək səviyyədə necə saxlamaq barədə baş sındırır. Çünki bir “ayağı” Qərbdə olan Paşinyanı Moskva artıq ilkin olaraq “dişinə vurub”.
Rusiya belə görünür, Ermənistanda gedən siyasi proseslərə daha seyrçi qalmaq niyyətində deyil. “Yeni Müsavat” xəbər verir ki, artıq Moskvanın bu yöndə hərəkətliliyi müşahidə olunmaqdadır. Məsələn, dünən “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırmaq istəyir. “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiq vasitəsidir”, - deyə nəşr təlaşla qeyd edib.
Qəzet yazıb: “Rusiya Ermənistan üçün təbii qazın qiymətini 2018-ci ilin sonunadək min kub metr üçün 150 dollar müəyyən edib. İndi isə sərhəddə qazın qiymətinin dəyişə biləcəyinə işarə edərək, Ermənistanın yeni rəhbərliyini yola gətirmək üçün ona təzyiq etməyə çalışır. Rusiyanın planı aydındır - qaz bahalaşsa, bu, indiki hakimiyyətin reytinqinə neqativ təsir edəcək”.
Bu şəksiz ki, belədir. Nədən ki, təbii qaz strateji əhəmiyyətli enerji daşıyıcısıdır və onun bahalaşması avtomatik şəkildə kasıb ölkədə yeni bahalaşma dalğası yaradacaq. Məsələ həm də ondadır ki, Ermənistan alternativ İran qazından da istifadə edə bilmir. Çünki işğalçı ölkədə qaz təchizatı və qazpaylayıcı sistem bütünlüklə Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətidir. Yəni monopoliya məsələsi. Eləcə də iqtisadiyyatın digər sahələri, olan-qalan böyük müəssisələr Rusiyanın nəzarətindədir.
****
Maraqlıdır ki, məhz baş verənlər fonunda Nikol Paşinyan dünən İrəvanda Rusiyanın Ermənistana yeni təyin olunan səfiri Sergey Kopırkinlə görüşüb. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin perspektivi diqqət mərkəzində olub.
Görüş zamanı Paşinyan səfirə “Rusiya ilə Ermənistan arasında dostluq və müttəfiqlik münasibətlərində yeni mərhələnin başladığını” deyib. İkitərəfli əlaqələrin bütün sferalar üzrə inkişafında ölkəsinin maraqlı olduğunu söyləyib. Bir daha Ermənistandan ötrü KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qalıb əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb.
Diqqət edildisə, artıq bununla neçənci dəfədir ki, Nikol Paşinyan sanki suçlu kim Rusiya rəsmiləri ilə görüşdə işğalçı ölkənin yeni rəhbərliyinin Kremlə sadiqliyini sübut eləməyə çalışır. Görünür, Paşinyan özü də yaxşı bilir ki, Moskva onun səmimiliyinə inanır. İnanmamaqda da haqlıdır. Paşinyanın öz komandasını müstəsna olaraq qərbyönlü kadrlardan, hətta Putini söyənlərdən təşkil eləməsi, Təhlükəsizik Şurasına belə “Amerikanın adamı”nı rəhbər qoyması ad özlüyündə çox şey deyir.
Bu üzdən hələ ki, Qərblə də möhkəm əlaqələr qura bilməmiş baş nazir Paşinyan Rusiyanın Ermənistanın yeni hökumətini gözdən salmaq üçün bəzi preventiv tədbirlər görəcəyindən ciddi şəkildə təlaşlanır. Söhbət iqtisadi xarakterli təzyiq rıçaqları, qaz şantajı ilə yanaşı, əlbəttə ki, Qarabağ məsələsində İrəvanı qəliz duruma salmaqdan gedir. Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsinə Rusiyanın susqun reaksiyası bunun anonsu sayıla bilər.
*****
“Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir”. Bu sözləri Azərbaycan ordusunun son Naxçıvan əməliyyatı ilə bağlı bəzi suallara aydınlıq gətirərkən ekspert Natiq Cəfərli deyib (axar.az). Onun sözlərinə görə, Paşinyanın son zamanlar Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Moskvanı əməllicə qıcıqlandırıb.
“Rusiya Paşinyanın komandasının hakimiyyətə gəlməsinə və hər hansı formada Ermənistanda bütün situasiyanı nəzarətə götürməsinə çox sakit yanaşdı. Çünki elə zənn edilirdi ki, Paşinyanın komandası Rusiya ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olacaq. Paşinyan ilk xarici səfərini Rusiyaya edərək Putinlə görüşsə də, sonradan apardığı bir çox təyinatlar Moskvada qıcıq yaratdı. Belə ki, Paşinyan Ermənistanda bir neçə açar vəzifəyə antirusiya əhval-ruhiyyəsini gizlətməyən gənc kadrları təyin etdi. Açığı, Paşinyanın Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Rusiyanın xoşuna gəlmir. Rusiya Ermənistanda təhlükəsizlik sektoruna nəzarət etməyə xüsusi önəm verir. Paşinyanın atdığı addımlar Moskvada ciddi qıcıq yaratdığından Rusiya Azərbaycanın Naxçıvanda apardığı əməliyyatlara qarışmadı. Bu fonda Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir”, - deyə o qeyd edib.
Ekspertə görə, Azərbaycanın növbəti əməliyyatlarında Rusiyanın da rolu olacaq:“Çünki Azərbaycan ordusu son illər kifayət qədər güclənib. Qarabağda genişmiqyaslı əməliyyatların başlamaması məhz Rusiya faktoru ilə bağlıdır. Ancaq indi situasiya dəyişib. Əgər Rusiya bu dəfə də Azərbaycana mane olmasa, ordumuz daha kəskin addımlar atacaq. Bu nöqteyi-nəzərdən gələcəkdə Azərbaycan ordusunun müəyyən əməliyyatlara başlaması ehtimalı artır. Ümumiyyətlə, Kremlin bir növ Naxçıvanla Paşinyana müəyyən mesajlar verdiyini və Ermənistanın yeni rəhbərliyini Rusiyanın maraqlarından kənar addımlar atmaqdan çəkindirməyə çalışdığını düşünürəm. Hesab edirəm ki, Rusiya Azərbaycanın növbəti əməliyyatlarına da qarışmayacaq və bu, Paşinyan hökumətinə növbəti mesaj xarakteri daşıyacaq. Nə qədər ki, Paşinyan hökuməti Rusiyanı qıcıqlandıracaq addımların sayını artıracaq, o zaman müttəfiqlərin araları da dəyəcək. Bu isə Azərbaycanın strateji maraqlarına uyğundur”.
Ekspertin qənaətincə, Paşinyan Rusiyanın maraqlarını təmin edəcək addımlar atmasa və Avropa ilə intensiv şəkildə yaxınlaşsa, o zaman Rusiya Qarabağla bağlı Azərbaycana yaratdığı maneələri hissə-hissə aradan qaldıra bilər. “Azərbaycanın müxtəlif kanallar vasitəsilə Rusiya ilə kifayət qədər sıx əlaqələri var”, - deyə o əlavə edib.
*****
Qeyd edilənlərdən belə qənaət hasil olur ki, əslində Moskva Paşinyan və komandası ilə bağlı konkret plan üzərində düşünür. Ancaq Qərbi qıcıqlandırmamaq üçün bu plan yəqin ki, Rusiyadakı futbol çempionatı bitməmiş işə salınmayacaq. Necə deyərlər, erməni baş nazirin “qanının arası”na hələ ki, çempionat girir...
“Yeni Müsavat”ın analitik xidməti