Əliyev aprel seçkisindən sonra Putinlə niyə görüşməyib? - sirr pərdəsi qalxır...



 
 



Prezident İlham Əliyev 11 aprel növbədənkənar seçkilərdən sonra ilk xarici səfəri Türkiyəyə oldu. Bu, ənənəvidir.
Anaxeber.Az yazır ki, iki qardaş ölkədə seçkilərdən sonra 1-ci şəxslərin səfərləri Bakı və Ankara olur. İ.Əliyevin Türkiyəyə səfərinin ardınca növbəti ünvan Böyük Britaniya oldu.
Londonda baş nazir Tereza Mey ilə görüş, ikitərəfli əlaqələrin gücləndirilməsinə dair ən mühüm olan sənəd - bp ilə əməkdaşlığın genişləndirilməsi sazişinin imzalanması bütün dünyaya ismarıc oldu.
Azərbaycan prezidenti enerji və strateji siyasətində heç bir dilemma qarşısında qalmadığını əyan edərək yolunun Qərb olduğunu göstərdi.
Eyni zamanda, seçkidən düz 2 ay keçməkdədir və rəsmi Bakı çox önəmli enerji layihələrinin düyməsini basmaqdadır.
Mayın sonunda “Cənub Qaz Dəhlizi” projesinin açılışı oldu və Avropaya gedəcək qazın fitili çəkildi. İyunun 12-də isə Türkiyədə TANAP layihəsinin açılış mərasimi keçirildi.
Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Bolqarıstan prezidentləri daha bir Qərbə doğru enerji proyektini reallaşdırdılar.
Nə “Cənub Qaz Dəhlizi”ndə, nə TANAP-da Rusiyanın iştirakı var. Moskvasız iki möhtəşəm enerji xəritəsi çəkilmiş oldu.
Diqqət çəkən məqam odur ki, rəsmi Bakının strategiyasında enerji layihələri ilə birgə siyasi dəyişikliklər paralellik təşkil edir.
Belə ki, İ.Əliyev Nazirlər Kabinetinin yenidən formalaşdırılmasında köhnə qvardiya üzvlərini, ruspərəstlərin bir hissəsini Qərb təhsilli kadrlarla əvəzlədi.
İndi deyəcəyimiz ən incə fakt isə Azərbaycan prezidentinin aprel seçkilərindən bəri hələ də Rusiyaya səfər edərək rus həmkarı Putinlə görüşməməsidir.
İ.Əliyev iki dəfə Türkiyəyə gedib, Britaniyada olub, bp ilə siyasi-iqtisadi fəlsəfəsi olan müqavilə yenilənib, Kremldə isə görüş hələ ki baş tutmayıb.
Analitiklər bunu Azərbaycan-Rusiya əlaqələrində gərginlik olması ilə izah etmirlər. Moskvanın Bakıda narazı qaldığı nüanslar ola bilər, ümumilikdə sıxma-boğma yoxdur.
Sadəcə, hakimiyyət aprel seçkilərindən sonra Avroatlantik məkana inteqrasiya siyasətini sürətləndirib və faktiki olaraq CQD və TANAP açılışları nümunədir.
Anaxeber.Az yazır ki, aprel seçkilərinin təyin olunmasını iqtidar rəsmiləri iki cür şərh edirdilər.
Əvvəlcə Cümhuriyyətin 100 illiyi ilə əlaqədar tədbirlər, konfranslar nəzərdə tutulduğu və vaxt baxımdan qarışıqlıq olmasın deyə seçkinin qabağa çəkildiyi açıqlandı.
Sonra ayrı-ayrı rəsmilərin, iqtidar deputatlarının çıxışlarında oktyabrda hansısa xarici təhlükələrin olmasına dair tezislərə rast gəlinirdi.
Hətta parlamentin üzvü Zahid Oruc bu ssenarinin erkən seçki təyinatı ilə pozulduğunu bildirmişdi. Guya oktyabrda Bakıda qarışıqlıq yarada bilərlər.
Z.Oruc çıxışında Rusiyaya eyham vurmuşdu. O, Cümhuriyyətin 100 illiyində növbəti işğal təhlükəsinə diqqət çəkirdi.
Ermənistanda Paşinyanın Sərkisyanı devirməsini, Moskvanın Serjin Qərblə yeni əməkdaşlıq sazişlərini imzalamasına görə cəzalandırmasını söyləyənlər Azərbaycan üçün analoji ssenariləri istisna etmirdilər.
Lakin zaman göstərdi ki, hakimiyyətyönlü deputatların təhlilləri çaşdırıcı və blefdir: Azərbaycan kimsənin qarşısında öhdəlik götürməyib, Kremlin Bakıdan sərt tələbləri yoxdur, faktiki seçki bitər-bitməz Qərblə yeni müqavilələr bağlanıb, enerji layihələri işə düşür, Əliyev hələ də Putinlə görüşməyib və şimal qonşunun hakimiyyətə qarşı qəzəbi güclü deyil.
Doğrudur, müəyyən narazılıqlar var və Bakı Moskvanı qıcıqlandırmadan məsələləri yoluna qoymağı bacaracaq.
Sadəcə, aprel seçkilərinin 6 ay qabağa çəkilməsi daha çox iqtidar daxilində konflikt ocaqlarını söndürməyə hesablanmışdı.
Hakimiyyətdə ikitirəlik yaranmışdı, digər bir klan prezidentliyə öz namizədini irəli sürmək istəyirdi, köhnə qvardiya yeni namizədin əleyhinə çıxırdı.
Ona görə də qruplaşmalar arasında gərginlik yatırmaq üçün növbədənkənar seçki təyin olundu və komandanın bütövlükdə qəbul edəcəyi namizəd İlham Əliyev oldu.
Bununla da hakimiyyət içərisində “qurbağa gölünə daş atdılar”. Bəzi deputatlar da qeyd edirdilər ki, alternativ namizəd məsələsi hakimiyyət daxilində məyyən problemlərə yol açıb.
İ.Əliyev isə daxildəki tarazlığı qorumaq üçün erkən seçki təyin etdi və komandasını yeni, gənc kadrlarla təzələdi.  
İndi hökumətin qarşısında ağır yüklər qalmayıb. Bakının başı Qərbə qaz satılması layihələrinə qarışsa da, əbədi qonşunu əsla unudan deyil...
Anaxeber.Az
Turan
Tarix: 13-06-2018, 10:29
Xəbəri paylaş





Xəbər lenti