Bakı İrəvanı buna məcbur edir – Kreml səssiz qalır
Azərbaycanın Ermənistana verdiyi son dərs işğalçını regiondakı mövcud reallıqlarla hesablaşmağa məcbur edir.Bu sözləri
Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun Naxçıvandakı uğuru birmənalı olaraq regionda hərbi-siyasi vəziyyətin dəyişməsindən xəbər verir:
“Ötən dövrdə hərbi-siyasi vəziyyət buna imkan vermirdi. Burada müxtəlif amillər, o cümlədən regional ölkələrin maraqlarını da ön plana çəkmək lazımdır. Ermənistan həmişə Rusiyanın arxasında gizlənir və müxtəlif vasitələrlə Azərbaycanla olan əməliyyatlara Rusiyanı da qatmağa çalışırdı. İrəvan bu mənada Rusiyadan informasiya və ya siyasi dəstək almağı bacarırdı. Ancaq düşmən bu dəfə umduğunu Rusiyadan ala bilmədi. O üzdən Ermənistan rəhbərliyi özünü elə apardı ki, guya heç nə baş vermir. Bu o deməkdir ki, Ermənistan da artıq vəziyyətin dəyişdiyini anlayır. Azərbaycan bu vəziyyətdən maksimum istifadə edərək Ermənistana öz hərbi gücünü nümayiş etdirir”.
Politoloq bildirib ki, bu fonda Azərbaycanın Belarus, İsrail və Rusiyadan yeni təyinatlı hərbi sursatların alınması istiqamətində apardığı son danışıqlar Ermənistana ciddi mesajdır:
“Bütün hallarda Ermənistan çox aciz bir duruma düşüb. Diqqət çəkən məqam isə Rusiyanın da bunda maraqlı olmasıdır. Azərbaycanla Rusiyanın maraqları bu məsələdə üst-üstə düşür. Son vaxtlar Ermənistanın siyasi rəhbərliyi müəmmalı bəyanatlarla çıxış edir, qondarma Dağlıq Qarabağın danışıqlarda tərəf kimi çıxış etməsini irəli sürür. Bu, Rusiyanı da qane etmir, çünki indiki danışıqlar prosesinin məntiqinə ziddir. Putin danışıqlar prosesinin Moskvanın maraqlarının əleyhinə inkişaf etməsinə imkan verməz. Bu təklif Rusiyanın istəyindən kənarda səsləndiyindən, Moskva İrəvanın hazırkı özfəaliyyətindən narahatdır. Ona görə də Azərbaycanın Ermənistana hərbi-siyasi təzyiqi Rusiya tərəfindən narazılıqla qarşılanmadı. Bütün bunlar isə danışıqlar prosesinin intensivləşdirilməsini zəruri edir. Ermənistanın yeni rəhbərliyi artıq ortaya konkret mövqe qoymalıdır”.
Ekspert hesab edir ki, Azərbaycanın işğalçıya təzyiqi Ermənistanı öz mövqeyində korrektələr etməyə və danışıqlarda real təkliflərlə çıxış etməyə məcbur edir:
“Əgər yaxın vaxtlarda danışıqlar prosesi başlasa, ermənilər son proseslərdən lazımı nəticə çıxaracaqlar”.
Tarix: 13-06-2018, 11:03