Ölkəni korrupsiya burulğanında öz başına buraxan 4 yeni nazirin - Dosyesi...

 Azərbaycanda siyasi problemlərə son qoyulması sosial məsələlərin həllindən keçir. Məmurlar isə hər vəchlə sosial böhranın dərinləşməsinə xidmət edirlər.
Anaxeber.Az-ın İqtisadiyyat Şöbəsinin yazdığına görə, aprel seçkilərindən sonra 4 sosial sektorda edilən dəyişikliklər böyük ümidlər doğurmuşdu.
Təhsil naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayev islahatçı kadrlar kimi təqdim olunurdular.

Mikayıl Cabbarov, Heydər Əsədov, Səlim Müslümov, Əli Həsənov kimi iri daşların tərpədilməsi, birincisi istisna olmaqla digərlərinin sistemdən kənarlaşdırılması müəyyən gözləntilərə səbəb olmuşdu.
C.Bayramovun yalnız məktəblini vuran müəlliməni cəzalandırması, İ.Kərimovun fermerlə qucağında quzu şəkil çəkdirməsi, S.Babayevin ancaq öz adamlarını yanına gətirməsi, R.Rzayevin də kadr dəyişikliklərindən savayı hər hansı islahatlar həyata keçirməməsi göz qabağındadır. İctimai rəyə işlənən jestlər də piar məqsədi daşıyırdı.
İstərsə təhsil ictimaiyyətinin, istərsə 1 milyon qaçqın və məcburi köçkünün, eləcə də aqrar sahədə işləyənlərin, fermerlərin, əkinçilərin, habelə əlillik dərəcəsi almaq istəyənlərin, sosial yardım üçün rüşvət tələbi ilə üz-üzə qalanların, məşğulluq idarələrində süründürülənlərin adıçəkilən 4 məmura nicat kimi baxması məyusluq doğurmaqdadır.
Çünki prezidentin təyin etdiyi yeni və gənc kadrlar daha şəffaf işləmək, real islahatlar həyata keçirmək əvəzinə kosmetik siyasət yürüdür, cəmiyyəti aldadırlar.
S.Babayev adı rüşvətə qarışmış köhnə kadrları nazirliyə qaytarır, İ.Kərimov özünə innovasiyalar üzrə müşavirlər təyin  etməyə başı qarışıb, R.Rzayevlə C.Bayramov isə vacib problemlərin həlli istiqamətində real addımlar atmırlar.
İnternet resurslarında axtarış verməklə də şahid olmaq mümkündür ki, prezidentin komandasında önə çəkilən yeni nazirlər hansı əməllərin sahibidirlər.
Ölkənin sosial problemləri siyasi problemlərindən qat-qat artıqdır. Xalq siyasiləşmədiyi üçün ilk növbədə sosial proqramlar həyata keçirilməliydi.
Anaxeber.Az sosial şəbəkələrdə verilən suallara diqqət çəkərək yazır ki, nazir İnam Kərimov aqrolizinq sahəsində, kombayn çatışmazlığında, fermerlərin, əkinçilərin subsidiya problemlərində hansı əməli işlər görüb?
R.Rzayev daxmalarda, yataqxanalarda, zirzəmilərdə, nəmişlik, zil qaranlıq şəraitdə ömrü gedən köçkünlərin təcili evlə təmin olunması barədə nə addımlar atıb?
S.Babayev “VTEK”lərdə, pensiya fondlarında, məşğulluq mərkəzlərində özbaşınalıqlarla bağlı hansı ölçülər götürüb, hansı rüşvətxor məmurları cəzalandırıb?
S.Müslümov vəzifəyə gəlişinin ilk aylarında iclaslar keçirir, ayrı-ayrı məmurları ayağa qaldırıb danlayır, nöqsanlarını üzlərinə deyir, işindən qovurdu.
Bəs, C.Bayramov fond pulu yığılması, bağçalarda tərbiyəçilərin körpələrə işgəncə verməsi, rayon təhsil şöbələrinin müdirlərinin qanunsuz işləri haqda nə kimi cəza tədbirləri tətbiq edib?
Yəni, cəmiyyətdən hakimiyyətə gələn sosial sifariş qocalmış korrupsioner məmurların yerinə cavanları təyin etməklə məhdudlaşmırdı, gənc məmur da rüşvətxor ola bilər, tələb buydu ki, işləsinlər, problemləri aradan qaldırsınlar, insanlar yeni nəfəsi hiss etsin, nazirlərin bürokratik əngəllərin ləğvində real reformalara getdiyini görsünlər.
Bunların heç biri müşahidə olunmur. Ölkənin təhsil siyasəti nə günə qalıbsa, deputat Elşən Musayev də dilə gəlib.
Deputat nə jurnalistdir, nə müxalifətçidir. O, hakimiyyətə yaxın parlament üzvüdür. Amma o da boğaza yığılıb.
“Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram.
Bura gəlməzdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”.
Bunu Milli Məclisin növbədənkənar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
O bildirib ki, bu gün məktəblərdə “fondpulu” yığılır: “Deyirlər ki, məktəblərdə pul yığmağı yığışdırıblar.
Amma mən də bir valideyn kimi deyə bilərəm ki, bu gün məktəblərdə “fondpulu” yığılır. Bir çox neqativ faktlar hələ də təhsilimizdə qalmaqdadır”.
Deputat təhsil nazirinin müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib:
“Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu hadisənin olması gözlənilən idi. Bu barədə düşünmək lazımdır. Çünki özəl bağçalara nəzarət yoxdur. Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur.
Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”.
Tarix: 14-06-2018, 10:07
Xəbəri paylaş





Xəbər lenti