Pənah Hüseyn Etibar Məmmədovu hərbi sirləri açmaqda suçladı: “O və partiyası 4 iyun qiyamına görə məsuliyyətlərini kənara qoya bilməzlər”Real TV-nin “Aktual müsahibə” verilişində AMİP-in lideri Etibar Məmmədov 1993-cü ilin iyun hadisələri haqda sualları cavablandırıb. O, 4 iyun qiyamının pərdəarxası məqamları barədə danışıb. E.Məmmədov deyib ki, o dövrkü hakimiyyətin səriştəsizliyindən siyasi böhran yaranmışdı. Hakimiyyət daxilində qarşıdurma gedirdi və əslində Gəncə hadisələri fevral ayından başlamışdı: “Gəncədə əməliyyat aparılacağına hazırlıq getdiyi barədə məndə məlumat vardı. İyunun 2-də Ali Sovetin iclasında bu barədə xəbərdarlıq etdim və dedim ki, bu, böyük faciəyə gətirib çıxara bilər. Lakin bunlar qısa müddətdə problem yaradıb, özləri problemi həll etməyə çalışmaqla məşğul idilər. Konkret proqramları, kadrları yox idi. Bu da yazda daha artıq böhrana gətirib çıxardı. Bunlar xalqla danışmaq əvəzinə repressiv metodlara əl atmağa üstünlük verdilər və Gəncədə həmin əməliyyata getdilər. Əməliyyatın məqsədini belə elan etmişdilər ki, məqsəd ləğv olunmuş, lakin tabe olmayan hərbi hissəsini tabe etdirməkdir.
Mənim müraciətimin səhəri iyunun 3-də Milli Məclisin ətrafına hərbi texnikanı cəmləşdirdilər. Mən baş nazir Pənah Hüseynlə görüşdüm və dedim ki, kimə güc nümayiş etdirirsiniz, hazırlanmış əməliyyatdan imtina edin. Lakin mənə qulaq asmadılar. Nəticədə böyük böhran yarandı və Bakı-Gəncə qarşıdurması kimi vəziyyət meydana çıxdı”.
E.Məmmədov qeyd edib ki, hərbi hissənin tabelikdən çıxması təbii ki, qiyamdır. Lakin hərbi hissəyə hücum edilməsi də cinayətdir. Hakimiyyət buna getdi və təşəbbüsü əldən verdi: “Ali Sovetdə müzakirələr ciddiləşdi. Orada İsa Qəmbər hər şeyi neytrallaşdırmağa çalışırdı. Yaranmış vəziyyətdə isə əsas məsuliyyət prezidentin idi. Məsuliyyəti prezident daşıyırdı. Lakin prezident deyirdi ki, baş verən əməliyyatdan xəbərim yoxdur. Ancaq sonradan məlum oldu ki, baş verənlər prezidentlə razılaşdırılırmış.
Heydər Əliyevi də Naxçıvandan Bakıya köməyə Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn dəvət etmişdi. Prezident təyyarəsini də özləri Naxçıvana göndərmişdilər. Mən buna normal yanaşıram. Çünki prezidentin istənilən məsələdə vətəndaşından kömək istəmək səlahiyyəti var və bu normal idi. Heydər Əliyev özü dəfələrlə bəyan edirdi ki, məni Bakıya Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn dəvət edib. O zaman hakimiyyətin səhvlərindən biri o idi ki, yaranmış durumda məsuliyyəti öz üzərindən atırdı”.
Sonra E.Məmmədov qeyd edib ki, İsa Qəmbər Ali Sovetin sədri vəzifəsindən istefa ərizəsini onunla müzakirədən sonra qardaşının evində yazıb: “İyunun 12-də İsa Qəmbər mənə zəng etdi ki, bizim görüşməyimiz lazımdır, bir yer təyin elə, ora gəlim. Mən də qardaşımın evini təyin etdim. Gəldi ora, uzun söhbətimiz oldu. Ölkənin gələcəyindən narahatlığını bildirdi. Artıq Pənah Hüseyn istefa vermişdi, prezident Elçibəy tərəfindən Heydər Əliyevin Milli Məclisin sədri vəzifəsinə seçilməsi təklif edilmişdi. Ancaq İsa Qəmbər istefa vermək istəmirdi. Ona görə də prezidentlə İsa Qəmbər arasında anlaşılmazlıq yaranmışdı. İsa Qəmbər görüşdə mənə dedi ki, ölkənin gələcəyindən narahatdır, rus qoşunlarının Azərbaycana yerləşdiriləcəyi və ölkənin müstəqilliyinə təhlükə yaranacağından ciddi narahatdır. Mən də dedim ki, bu məsələ haqda Heydər Əliyevlə söhbətlərim olub və Heydər Əliyev də mənə bildirib ki, biz rus qoşunlarının Azərbaycana qayıtmasına imkan verməməliyik, müstəqilliyi qorumalıyıq. İsa Qəmbərə dedim nə qədər ki, mən sağam, rus qoşunlarının buraya gəlməsinə imkan verilməyəcək, təminat sənə lazımdırsa, mən o təminatı verirəm. Başqa məsələlər haqqında da müzakirələrimiz oldu və istefa ərizəsini yazdı. Mən də oradan Heydər Əliyevə telefon açdım”.
Etibar Məmmədov İsa Qəmbərin həbs olunması barədə isə bunları deyib: “İsa Qəmbər həbs olunanda xaricdəydim. Bu barədə eşidən kimi dərhal Heydər Əliyevə zəng etdim və dedim ki, bu hadisə xoşagələn vəziyyət deyil. Mənə deyildi ki, Surət Hüseynov İsa Qənbərin həbsini tələb edib, ona görə həbs edilib. Dedim, kim tələb edir-etsin, bu məsələ tez həll olunmalıdır. Sonra da tez həll olundu. Yəni mən İsa Qəmbərin həbs olunmasına münasibətimi dərhal bildirmişdim”.
AMİP lideri sonda bildirib ki, 25 il sonra 1993-cü il hadisələrinə baxanda o mənzərə ona çox pis təsir edir:“Utancverici şeylər çoxdur. Çünki insanların birdən-birə nə cür dəyişməsini, liderlərinə xəyanət etməsini, liderlərini nə cür qoyub qaçmasını gördük. Gülməli olan odur ki, özləri hakimiyyəti qoyub qaçdıqları halda hələ də hakimiyyətdə olmayanları ittiham edirlər ki, niyə bizi müdafiə etmirdiniz. O zaman mən hakimiyyətdə deyildim və rəsmi müxalifətin rəhbəri idim. Mən heç üzərimə düşməyən vəzifəni yerinə yetirmişdim-iyunun 2-də xəbərdarlıq etmişdim ki, bunu etməyin, etsəniz nəticəsi ağır olacaq.
Elçibəyin səlahiyyətlərinin alınması ilə bağlı təşəbbüs də mənim tərəfimdən verilib. Bu, iyunun 17-də Əbülfəz bəyin xəbərsiz çıxıb getməsi və qayıtmaqdan imtina etməsi ilə bağlı olub. Dövlət başsız qalmışdı. Mən özüm şəxsən onunla danışdım və təkid etdim ki, geri qayıtmaq lazımdır. Təkid etdim ki, gəlin vəzifənizin icrasına davam edin, əks halda, səlahiyyətlərinizin alınması məsələsini qaldıracağam. Heç nə demədi və qayıtmadı. Mən də qanun layihəsi verdim ki, səlahiyyətləri Bakıda olmadığı müddətdə əlindən alınsın. İndi də hesab edirəm ki, bu, düzgün qərar idi. Çünki müharibə aparan dövlət bir saat da olsun başsız qalmamalıdır”.
Elçibəy hakimiyyətinin baş naziri, AXP sədri Pənah Hüseyn isə E.Məmmədovun dedikləri ilə bağlı “Yeni Müsavat”ın suallarına cavabında onun söylədiklərinin ya faktların təhrifi, yaxud ümumiyyətlə, həqiqətə uyğun olmadığını bildirib: “Əvvəla, onun dediklərində sensasiyalı bir şey yoxdur. Bu fikirləri biz ondan 25 ildir ki, eşidirik. Hələ anında dəlil-sübutlarla təkzib olunmasına baxmayaraq eyni şeyləri təkrar edir. Gələk 1993-cü ildə onun guya Milli Məclisdə Gəncədə hakimiyyət tərəfindən nə isə hazırlanması barədə bizi xəbərdarlıq etməsi və bunun ağır nəticələr doğuracağı barədə xəbərdarlıq etməsi məsələsinə, tamamilə yalandır. O, Milli Məclisdə çıxış edib demişdi ki, guya Bakıda hərbi çevriliş hazırlanır və sübut olaraq da əlində hərbi hissələrin hərəkət planını, o cümlədən AMİP qərargahını tutacağını əks etdirən məxfi sənəd olduğunu bildirib bunu göstərmişdi.
Sənədin surətini mənə də gətirdilər. Məlum oldu ki, Baş Qərargahdan N saylı hərbi hissəyə hərəkətə keçmə tarixi göstərilmədən bu məzmunda məktubu var. Bu barədə məlumat aldıqdan sonra mən prezidentlə danışıb, müdafiə nazirini, baş qərargah rəisini və hərbi əks-kəşfiyyatın rəisini yanıma dəvət elədim. Çünki belə bir sənədin olması barədə məndə məlumat yox idi. Hərbi rəhbərlik məruzə etdi ki, bu tipli məktublar bütün hərbi hissələrdə var və yalnız Baş Qərargahdan xüsusi kod gəldikdən sonra açılır, hərəkət üçün rəhbərlik qəbul edilir. Konkret isə bu hərbi vəziyyət elan edildikdən sonra hərbi hisslərin hərəkət əmrindən ibarətdir. Sənəd tam məxfi hesab edilir və ola bilər ki, konkret hərbi hissədə xidmət edib başqa yerə keçmiş komandirin onun məzmunundan xəbəri olmasın. Biləcəridə yerləşən hərbi hissələrdən birinin Etibar bəyin özünün yaxını və ya partiyasının üzvlərindən biri olan, səhv etmirəmsə, İlqar adlı komandir hərbi və dövləti cinayət işlədərək həmin məxfi məktubu Baş Qərargahdan xüsusi çağrı kodu olmadan açmış və surətini Etibar Məmmədova vermişdi.
O da bunu Milli Məclisin iclasında hərbi çevriliş planı kimi təqdim etmişdi. Hərbi vəziyyət elan olunduğu halda Müdafiə Nazirliyi hissələrinin hərəkət planını əks etdirən bu və bu tipli sənədlər hər bir dövlətdə, o cümlədən bizdə də həmişə və indi də var. Hərbi rəhbərlik həmin sənədin hazırlanması və təsdiqi barədə prezidentin də imzaladığı sənədi mənə təqdim etdi. Bu təsdiq mən xarici səfərdə olduğum müddətdə baş verdiyinə görə mənim ondan məlumatım olmamışdı. Etibar Məmmədovu dəvət edib ona da məsələ barədə bilgi verdik. Sonradan onun bu məsələni təkrar etdiyinə görə mən Milli Məclisin 8 iyun tarixli iclasında da burada dediklərimi söyləmişəm. Ancaq 25 il sonra mahiyyəti bilə-bilə yenə yalan informasiya səsləndirirsə, deməli, məqsəd başqa olub və indi də başqadır. Məsələ belə olub. Etibar Məmmədovun Milli Məclisdə elan etdiyi sənəd də bu idi. Bu sənədin Gəncə hadisələrinə aidiyyəti yox idi”.
P.Hüseyn xatırladıb ki, E. Məmmədov onun dəvəti ilə Rəsul Quliyevlə birlikdə iyunun 2-də Nazirlər Kabinetinə gəliblər: “Mən onlara müdafiə nazirinin və baş qərargah rəisinin məlumatlarını bildirdim və məsələnin heç də Etibar Məmmədovun dediyi şəkildə olmadığını onun nəzərinə çatdırdım. Qazaxda olan hansısa hərəkətlilik barədə Etibar Məmmədov müavini Şadman Hüseynova istinadən məlumat verdi. Mən də məlumatın yanlış olduğunu dedim və ümumiyyətlə, ölkənin məsuliyyətli bir zamana daxil olduğunu, ciddi addımlar atılacağını, o cümlədən siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılacağını dedim. Təklif etdim ki, milli və dövlət mənafeyi naminə mane olmasın və mümkünsə bir neçə aylığa istəyirsə xaricə istirahətə getsin.
İkincisi, guya Gəncədəki məlum hərbi hissənin məhvi ilə əlaqədar xüsusi bir planın hazırlanması barədə deyilənlər çoxsaylı məhkəmələrdə sübut olundu ki, Gəncədə hərbi hissəyə hücumla bağlı heç bir plan mövcud olmayıb. Heç bir hərbi hissəyə hücum olmayıb və o vaxt bu barədə qiyamçılar, o cümlədən AMİP və Etibar Məmmədov tərəfindən deyilənlər qiyamın psixoloji və informasiya silahı ilə davamı idi. Əksini sübut etmək istəyirsə mən Etibar bəy, Surət Hüseynov və tərəfdarları (çünki hamısı qiyamda ortaq olublar), indiki iqtidarı və onun tərəfdarları ilə birlikdə açıq debata dəvət edirəm”.
İsa Qəmbərin istefa ərizəsini Etibar Məmmədovun qardaşının evində görüş zamanı yazdığı barədə deyilənlərə gəldikdə, P.Hüseyn bildirdi ki, İsa Qəmbərin istefa ilə bağlı Etibar Məmmədovla müzakirə aparması haqqında onda məlumat olmayıb: “Bu barədə təxminən 15 il öncə Etibar Məmmədov özü mənə danışıb. Mən də bu haqda İsa Qəmbərə demişdim. Prinsipcə, yaranmış vəziyyətdə dövlətin taleyi ilə bağlı Ali Sovet sədrinin parlament üzvü, nüfuzlu müxalifət xadimi ilə o, hətta həmin dövrdə qiyama qarşısa da müzakirə aparmasında qeyri-təbii heç nə yoxdur. O cümlədən istefası və onun nəticələri barədə. Lakin guya istefa ərizəsini Etibar Məmmədovun qardaşının evində yazıb ona təqdim etməsi həm inandırıcı deyil, həm də həqiqətə uyğun deyil. Belə ki, İsa Qəmbər hələ iyunun 11-də Yevlax qiyamçılar tərəfindən tutulduqdan, 600 nəfər də orada bizimkilərdən əsir götürüldükdən sonra istefa haqda qərar qəbul etmişdi, mənimlə və prezidentlə bu barədə müzakirə aparmışdı. Həmin istefa ərizəsi də yazılı şəkildə Ali Sovetin rəhbərliyinə, konkret parlament sədrinin birinci müavini Tamerlan Qarayevə təqdim edilib qeydə alınmışdı. Bu barədə Tamerlan Qarayev Ali Sovetin canlı efirə gedən iclasında bəyanat vermişdi”.
P.Hüseyn qeyd etdi ki, Etibar Məmmədovun 1993-cü ildə heç bir dövlət vəzifəsi yox idi və buna görə də heç kəs birbaşa həmin qiyamın başlanması və hakimiyyət tərəfindən yatırılmaması üçün məsuliyyəti Etibar Məmmədovun üzərinə qoymayıb:“Etibar Məmmədovun qiyamın yatırılması üçün bilavasitə hansısa vəzifə səlahiyyətləri, öhdəliyi yox idi. Lakin qiyamın dövlətçilik, Azərbaycanın dövlət varlığı üçün təhdid olduğu ortada idi. Bu isə hakimiyyətdə olub-olmamaqdan asılı olmayaraq siyasi qüvvələrdən adekvat münasibət və addımlar tələb edirdi. Dövlətin belə bir anı hər bir siyasi qüvvənin üzərinə mənəvi, siyasi məsuliyyət qoyurdu. Etibar Məmmədov və partiyası isə o dövrdə qiyama qarşı hakimiyyət orqanlarının müqavimətini zəiflədəcək, ictimai rəydə gözdən salmağa yönəlik addımlar atırdı. Faktiki olaraq qiyam başlandıqdan sonra Etibar Məmmədovun yerlərdə olan partiya şöbələri qiyama dəstək verməyə başladılar. Etibar Məmmədovun müavini Şadman Hüseynovun rolunda bu özünün əksini açıq şəkildə tapmışdı. Qiyamçıları müdafiə edən bəyanatlar verilirdi. AMİP-in bir çox üzvləri tərəfindən hərbi müxalifətə dəstək xarakterli hərəkətlər edilmişdi. Etibar Məmmədov tərəfindən AMİP-in yerli təşkilatlarına hərəkətə keçmək barədə göstərişlər verildiyi haqda bizə məlumatlar daxil olmuşdu. Yəni faktiki olaraq, AMİP və Etibar Məmmədov qiyamın uğur qazanmasında, qiyamın respublikaya yayılması üçün siyasi ovqatın yaradılmasında felən iştirak etdilər. Buna görə məsuliyyətlərini kənara qoya bilməzlər. Bizim tərəfdən heç kəs onun üzərinə ”nə üçün qiyamı yatırmadın” kimi mənasız irad tutmur. Ümumiyyətlə isə maraqlı odur ki, Etibar Məmmədov nə üçün danışır və ya danışdırılır”. (musavat.com)
Tarix: 14-06-2018, 14:07