“İLK NÖVBƏDƏ ERMƏNİ XALQINI MƏĞLUB ETMƏLİYİK” – “Adını tarixə qızıl hərflərlə yazdıra bilər”

 BAXCP sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev Ovqat.com saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Qüdrət bəy, Sizcə, 110 kvadrat km-lik ərazi Günnüt boyda bir kənd üçün xeyli böyük deyilmi? Rəsmi statistikaya görə, Sədərək rayonunun sahəsi 150 kvadrat km-dir. Az qala bir rayonun sahəsi qədər böyük ərazidən söhbət gedir…
– Həmin məlumatda söhbət təkcə Günnüt kəndindən getmir. Kəndin otlağı, ətrafdakı strateji önəmə sahib yüksəkliklər də var. Məlumatda açıq şəkildə bildirilir ki, hərbi əməliyyat zamanı işğaldan azad olunan 11 min hektarlıq əraziyə Günnüt kəndiylə yanaşı, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” və “Qaraqaya” dağları da daxildir. Bu mənada hərbi əməliyyatlar zamanı 11 min hektar ərazinin ələ keçirilməsi mümkündür. Biz, əlbəttə, ordumuzun bu uğurunu ancaq alqışlaya və buna sevinə bilərik.
– Sözsüz ki, sevinməliyik. Əslində bu məlumata tərəddüdlə baxanlar da, yəqin ki, sevinirlər, amma sevinclərinin nə qədər əsaslı olduğunu müəyyənləşdirmək istəyirlər. Mənim üçün maraqlı başqa bir məqam da var. Ötən müsahibəmizdə Azərbaycanın yaranmış vəziyyətdən istifadə edərək, Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirməsinin vacibliyinə toxunmuşdunuz. Əməliyyat xəbəri isə Naxçıvandan gəldi. Günnüt əməliyyatı Sizin gözləntinizə cavab verirmi?
– Mən ötən dəfə də demişdim, indi də o fikirdəyəm ki, Azərbaycan ciddi şəkildə hərbi əməliyyatlara hazırlaşmalıdır. Çünki İrəvanda siyasi böhran dərinləşəcək və işğal altında olan ərazilərimizin geri qaytarılması üçün tarixi fürsət yaranacaq. Yadınızdadırsa, sizə müsahibəmdə demişdim ki, Paşinyanın maksimum 1 il hakimiyyətdə qalmaq şansı var. Amma bu, o demək deyil ki, biz kənardan durub seyr etsək, Qarabağı bizə geri qaytaracaqlar. Azərbaycan bu istiqamətdə ciddi şəkildə region dövlətləri ilə işləməlidir. Xüsusilə də Rusiya ilə. Biz çalışmalıyıq ki, Rusiya Ermənistanda hakimiyyəti dəyişəcəksə, bunu bizim vasitəmizlə həyata keçirsin.
– Açığı, Günnütün işğaldan azad edilməsi məndə belə bir təəssürat yaratdı ki, bu, gözlənilən Qarabağ əməliyyatlarının ilkin mərhələsidir. Çünki nəzarətə götürülən ərazilər elə yerlərdir ki, Qarabağla Ermənistan arasındakı əlaqələr kəsilir. Məlumata görə, Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsi ilə bağlıdır. Belə çıxır ki, Ermənistandan Qarabağa logistik dəstəyin artıq önü kəsilib…
– Əlbəttə, İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yolunun ordumuzun nəzarətinə keçməsi çox ciddi uğurlardandır. Hərbi baxımdan strateji yüksəkliklərin ələ keçirilməsi müharibə başlayacağı təqdirdə bizə böyük üstünlüklər yaradır. Amma söhbət ondan gedir ki, bu müharibə başlayacaqmı? Müharibəyə başlamaq üçün gərək böyük dövlətlərin razılığı alına. Mən hesab edirəm ki, bu razılıq alınsa, qanlı toqquşmalara da ehtiyac qalmayacaq. Necə ki, Günnütdə elə oldu. Günnütdə bunu itkilərsiz bacardıqsa, Qarabağda da eyni uğuru əldə edə bilərik. Hətta günlərin bir günü Ermənistanda elə proseslər baş verə bilər ki, ermənilərin cəbhə xəttindəki bütün qüvvələrini çəkib İrəvana bir-biriylə hesablaşmağa aparmaq ehtimalları da var. Belə olarsa, Azərbaycan ordusu hərbi əməliyyatlara başlayanda qarşısındakı azsaylı əsgərlərin özləri səngəri buraxıb qaça bilərlər. Problem böyük toqquşmalar yaşanmadan öz müsbət həllini tapar. Amma bunun üçün Azərbaycan çox ciddi şəkildə işləməlidir.
İlk növbədə, Ermənistandakı siyasi böhranın dərinləşməsi üçün əlindən gələni etməlidir.
İkincisi, Azərbaycan bu ərəfədə daha cəsarətli siyasət yürütməlidir. Ataların bir sözü var: “Ağıllı fikirləşənədək dəli vurub çayı keçir”.
- Yəni, deyirsiniz ki, uğur əldə etmək üçün bir az dəli olmalısan?
– Bəli, bu məşhur misal siyasətdə də keçərlidir. Yeri gələndə bunu etməlisən. Vaxtilə Marqaret Tetçerin Bakıya səfəri zamanı Əbülfəz Elçibəy demişdi ki, beynəlxalq siyasətdə bir çox hallarda məsələni həll edib sonra onun müzakirəsinə başlamaq lazımdır. Biz hər məsələni müzakirəyə çıxarsaq, uğur qazana bilmərik. Ona görə də Azərbaycan bəzi addımları atmağa hazır olmalıdır. Erməniləri danışıq masasında güzəştə məcbur etmək üçün onlara məğlubiyyəti daddırmalıyıq. Necə ki, biz də çətin vəziyyətə düşdükdən sonra ermənilərlə atəşkəs müqaviləsi bağlamağa məcbur olmuşduq. Ermənilər əgər Dağlıq Qarabağ ətrafındakı rayonları işğal etməsəydi, Azərbaycanın heç bir prezidenti atəşkəsə gedə bilməzdi. O vaxt böyük itkilər verən Azərbaycan xalqı atəşkəsə getməklə razılaşmışdı. Atəşkəs sosial sifarişə çevrilmişdi.
Eynilə bu gün ermənilər ciddi itkilərlə qarşılaşmadıqca, onların da siyasi liderləri Qarabağ məsələsində güzəştə gedə bilməyəcəklər. Bunun üçün ilk növbədə xalqı məğlub etmək lazımdır. Erməni xalqı başa düşməlidir ki, güzəştə getməsə, daha ağır vəziyyətlə qarşılaşa bilər. Məğlubiyyət psixologiyasına düçar olan ermənilər öz dövlət başçısına müəyyən güzəştlərə getmək imkanını tanımalıdırlar. Əks halda, Ermənistandakı ultra-millətçi qüvvələr hakimiyyəti devirə, müxtəlif sui-qəsdlər törədə bilərlər. Necə ki, Qarabağ konfliktinin ilk dövlərində bu hal yaşanmışdı. Yadınızdadırsa, Dəmirçiyan Azərbaycanla müəyyən ortaq məxrəcə gələndə bir qrup silahlı ekstrimist Ermənistan parlamentinə basqın etmiş, o da daxil olmaqla bəzi siyasiləri qətlə yetirmişdilər. Bu siyasi qətliamın səbəbi həmin qüvvələrin Azərbaycanla gizli razılığa gəlmələri idi.
Mən bu yaxınlarda Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyasının toplantısında çıxış edərkən də bu məsələ üzərində dayandım. 1999-cı ildə parlamentdə qətlə yetirilən Karen Dəmirçiyanın öldürülməsinin səbəbləri haqqında qonaqlarımıza məlumat verərək bildirdim ki, onun Azərbaycanla apardığı gizli danışıqlardan müəyyən qüvvələr xəbər tutdular. 1974-1988-ci illərdə Ermənistan Kommunist Partiyasının I katibi olan Dəmirçiyanı parlamentdə publik edam etdilər. Bu azmış kimi, onun edamını televizya ilə canlı nümayiş etdirdilər. Beləcə, xalqa çatdırdılar ki, Azərbaycanla gizli danışıqlara gedənin aqibəti belə ola bilər. Bu hadisədən sonra Ermənistandakı heç bir liderin məcbur qalmadıqca güzəştə getmək imkanı yoxdur. Ter-Petrosyan hələ yaxşı qurtardı ki, başını kəsmədilər. O da istefayla canını xilas etdi. Eyni proseslərin yenidən baş verməməsi üçün biz döyüş meydanında mütləq qələbə çalmalıyıq.
Bu qələbə həm də Azərbaycan xalqının yaşadığı mənəvi deqradasiyanın qarşısını almaq üçün vacibdir. Etiraf etməliyik ki, məğlubiyyət sindromu xalqımızı mənən aşındırır. Cəmiyyətimizdə dünənə qədər özünə rəva bilmədiklərini bu gün rahatlıqla qəbul edənlərin sayı durmadan artır. Mən psixoloq deyiləm, amma hüquqi psixologiyanı öyrənmişəm, bu kimi məsələləri dərindən araşdırmışam. Sizə tam əminliklə deyirəm ki, cəmiyyətimizin bu halı məğlubiyyət sindromundan qaynaqlanır. Azərbaycan xalqını məğlubiyyət sindromundan qurtarmaq lazımdır. Dağlıq Qarabağı diplomatik yolla azad etmək (qeyri-real olsa da, deyək ki, böyük dövlətlərlə razılaşdıq, onlar da ərazilərimizin geri qaytarılması üçün ermənilərə təzyiq etdi və ermənilər həmin torpaqlardan çəkildilər) xalqımızı məğlubiyyət sindromundan qurtarmayacaq. Bu, “2 milyonluq Ermənistan 10 milyonluq Azərbaycanı məğlub etmişdi və biz öz haqqımızı yalnız xarici qüvvələrin hesabına qaytardıq” təsəvvürünü formalaşdıracaq. Ona görə də bizim dövlət rəhbərləri də, siyasətçilər də bu amili mütləq nəzərə almalıdırlar. Bizim Dağlıq Qarabağda keçirəcəyimiz uğurlu bir hərbi əməliyyatdan sonra, sizi əmin edirəm ki, Azərbaycan cəmiyyəti köklü mənəvi metamorfoza yaşayacaq, xalqımızın özünə inamı bərpa olunacaq. Cəmiyyətimiz böyük quruculuq prosesinə qoşulacaq.
Bizdə hələlik baş verən indiki müsbət dəyişikliklər, əlbəttə, uğurlu neft siyasətinin nəticəsidir ki, mərhum Heydər Əliyevin adıyla bağlıdır. Heydər Əliyev 1994-cü ildə“Əsrin müqaviləsi”ni bağladı və Azərbaycana böyük pullar gəldi. Amma Azərbaycan xalqı bu gün həmin böyük quruculuq prosesinə bütünlüklə qoşulmayıb. Xalqın laqeyd qaldığı bir prosesdə böyük nəticələrdən söhbət gedə bilməz. Hesab edirəm ki, ölkəmizi kökündən dəyişə biləcək bir şans yaranır və Azərbaycan hökuməti, Prezident İlham Əliyev yaranmış tarixi şansı əldən buraxmamalıdır. Bizim işimiz o olmamalıdır ki, Ermənistanı danışıqlar masasına gətirək. Aprel savaşından sonra Sarkisyanı danışıqlara qaytaranda xeyli sevindik, indi isə Paşinyana münasibətdə bu baş verməməlidir.
- Sizcə, bunu həyata keçirə biləcəklərmi?
– Açığını deyim, bu məsələdə nikbinəm. Nikbinliyim onunla bağlıdır ki, uzun illərdir siyasətdəyəm, İlham Əliyevi də yaxşı tanıyıram. Hesab edirəm ki, onun xarakteri bu əzmi ortaya qoymaq gücündədir. Mənim gördüklərimi o da görür və yəqin ki, bu barədə dərindən düşünür. İnanıram ki, tarixi imkan yarandığı üçün o, bu böyük uğura imza atmağa çalışacaq. Bunu zaman da tələb edir. Həm də bu addımı atmaqla İham Əliyev bir siyasətçi kimi öz adını tarixə qızıl hərflərlə yazdıra bilər. Düşünmürəm ki, o, bu şansı əlindən buraxacaq.
Söhbətləşdi: Heydər Oğuz
Tarix: 15-06-2018, 23:26
Xəbəri paylaş





Xəbər lenti