Bayramdan sonra icra başçıları ilə bağlı yeni DALĞA BAŞLAYIR - Kimi yeni vəzifə alacaq, kimini sorğu-suala çəkəcəklər...
Bayramdan sonra bir neçə rayonun icra hakimiyyətinin başçısı ilə bağlı dəyişiklik qərarı veriləcək. Belə ki, dəyişiklik müddətinin iki ayı əhatə edəcəyini bildirən məlumatlı mənbə açıqlamasında iddia edir ki, avqust ayına qədər 20-yə yaxın rayonun başçısı yenilənməlidir.
Mənbənin dia.az-a söylədikləri: "Avqust ayına qədər yeniliklər baş tutmalıdır. 20-yə yaxın rayonun başçısı yenilənəcək. Onlardan 5-6 nəfəri təkrar təyinat alacaq. Məsələn Gəncənin, Daşkəsənin, Lənkəranın icra başçıları yenidən vəzifəyə təyin olunacaqlar. Digərləri isə birdəfəlik olaraq vəzifələrindən azad olunacaq. Hətta bəzilərinin - Qazaxın, Bakının Qaradağ və Nizami rayonlarının, habelə Biləsuvar və Şəmkirin icra başçıları ilə bağlı daha sərt qərarlar verilə bilər. Yəni onların fəaliyyətlərinin hüquqi araşdırmaya yönəldilməsi də gözləniləndir".
Mənbə bildirir ki, bütün bunlar iqtidar düşərgəsində müşahidə olunan və hazırda da cərəyan edən yeni ab-havanın təzahürləri kimi dəyərləndirilməlidir: "Proses çoxdan başlayıb. Tempi zəif görünsə də, inkişaf edən xətt üzrədir".
Mənbəyə görə, icra başçılarının yenilənməsi prosesinin gözlənilən dalğası avqusta ayının əvvəlində bitsə də, yeni mərhələ sentyabrdan başlayacaq.