Azərbaycanda siyasi sistem ayrı-ayrı idarəçilik sektorlarında və ictimai münasibətlərdə öz dərin çatlarını verməkdədir. Bu, böhran xarakterlidir.
Anaxeber.Az-ın Analitik Qrupu yazır ki, İmişlidə pambıqçıların kütləvi zəhərlənməsi, Dərnəgüldə mağazaların yanıb kül olması, Beyləqanda təhsil şöbəsi müdirinin polis oğlunun həmkarını bıçaqlaması, Xaçmazda “Son zəng” günü məzunların kriminal avtoritetlərə həsr olunan “Dolyo vorovskoya” mahnısını məktəbdə oynaması, metroda şortik geyinən qızla bağlı cəmiyyətin ikiyə bölünməsi və s. hadisələr ölkədə siyasi-iqtisadi və ictimai münasibətlərin krizis içərisində olduğuna dəlalət edir.
Hakimiyyət rüşvət və korrupsiya girdabında çırpınan ölkədə problemləri nizamlaya bilmir.
Ona görə də İmişli, Saatlı, Tərtərdə pambıqçılar zəhərlənir, sosial müavinət ala bilməyənlər özünü yandırır, Gəncədə evi sökülənləri döyərək küçəyə atırlar, Nəsimi rayonunda ağacların kəsilməsinə etiraz edən sakinləri polis harınlamış şəkildə kişli-arvadlı hamısını içəri basacağı ilə hədələyir, milyonluq avtomobil sürənlərə elə gəlir ki, piyadaları əzib keçmək imtiyazına malikdirlər və s. ilaxır...
Bütövlükdə cəmiyyətin atomlaşması və nüvə effekti verən etirazları yaranmış böhranın fəsadlarıdır. İqtidarın fiqur dəyişiklikləri sistemdəki dərin yaraları, irinləri hələ ki təmizləyə bilmir.
Bu, o deməkdir ki, İnam Kərimovun kəns təsərrüfatı naziri olması ilə deyil, İmişlidə pambıqçılar zəhərlənməliydilər.
Çünki pambıqçı fermerlər tarlaların herbisidlərlə işlənməsindən sonra məhsul yığımına yollanıblar.
Həmin herbisidlər isə öz toksikliyinə görə hərbi zəhərləyici maddələr sinfinə aiddir. Beləliklə də, ciddi zəhərlənmə baş verib.
Ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilmiş herbisid olan fitotoksikant “Agent Orange” adlı hərbi vasitəyə bənzərdir ki, sonuncudan Cənub-Şərqi Asiyadakı müharibə zamanı Vyetnam partizanlarına qarşı istifadə olunub.
Və dəhşətli bir nüansdır ki, Vyetnam əsgərlərini qırmağa istifadə edilən dərmanı İmişli pambıqçılarına “vurulur”.
Bu herbisidlərdən istifadə edilmiş tarlada yalnız 5 gündən sonra işləmək olar. İmişlidə isə kimyəvi maddələrlə tarlaların işlənməsinin ertəsi günü insanları pambıq tarlasına yollayıblar. Sistemin çat verməkdə olduğuna nümunədir.
Anaxeber.Az-ın Analitik Qrupu yazır ki, eyni zamanda Sahil Babayevin sosial müdafiə naziri olması sistematik dəyişiklik yaratmayıb, əksinə erroziyaya uğrayıb: yenə də “VTEK”lər öz işində, DSMF və ƏSMM-lər rüşvət yığımındadırlar.
Ceyhun Bayramovun da təhsil naziri təyin edilməsi Misir Mərdanov qaydalarının, qocalmış təhsil şöbə müdirlərinin dəyişmədiyini göstərir.
Məktəb direktorları özlərini harın kimi aparırlar, təhsil şöbələrinin müdirlərinə heç kəs bata bilmir, nazirlik cəza tədbirləri görmür, abituriyentlərin 50 faizi 200 keçid balını yığa bilməyiblər və s.
Eləcə də Muxtar Babayevin ekologiya naziri olmasına baxmayaraq, Nəsimi, Səbayel, Xətai rayonlarında, eləcə də bölgələrdə yaşıllıqların məhv edilməsi, yerlərinin satılması davam edir.
Bütün bunlar göstərir ki, hakimiyyətin islahatlar paketi imitasiya xarakterlidir, “gözdən kül üfürməyə” hesablanıb, heç bir siyasi-iqtisadi, ictimai münasibətlərdə köklü dəyişikliklərə gətirib çıxarmayıb.
Məsələn, əhalinin aprel seçkilərindən sonra həm dollar, həm problemli kreditlərlə bağlı addım atılacağı gözləntisi vardı. Olmadı!
Vətəndaşlar neftin qiymətinin yenə əvvəlki dövrə qayıtmasına rəğmən, iş yerlərinin açılacağına ümidi vardı. Olmadı!
Reyestr xidmətində, əlillik dərəcələrinin verilməsində, pensiya yaşının azaldılmasında islahatlar aparılacağı ehtimal olunurdu. Olmadı!
Baş nazir Novruz Məmmədovun Artur Rasi-zadədən fərqli qərarlar verəcəyinə dair proqnozlar varıydı. O da olmadı!
Beləcə, cəmiyyət yüksək gərginlikli təzyiq altında saxlanır. Bu da özünü ictimai münasibətlərdə, insanların biri-birinə qarşı aqressiv olmasında, depressiya və gərginliyin artmasında büruzə verməkdədir.
Hakimiyyət seçkidən əvvəl verdiyi vədlərin demək olar ki, heç birinə əməl etmədi. Yalnız fiqurların dəyişikliyi ilə kosmetik vitrin yaratmağa müvəffəq oldular.
Odur ki, sistem cəmiyyətdə insan dərisinin ən dərin qatlarına iynələrini yeritməkdədir. Bu, yatmış sinirlərin epizodik oyanışı effekti verir - məqsəd təzyiq altında saxlamaqdır...