Prezidentin etimadını doğrultmayan daha bir İcra başçısı vəzifədən azad edilir - TƏFƏRRÜAT
Azərbaycanda 11 apreldə keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkədə kadr islahatları aparılmaqdadır.
Seçkidən sonra bir sıra nazır və komitə sədrlərini vəzifələrindən uzaqlaşdıran dövlət başçısı Binəqədi, Tovuz, Ağdam, Naftalan və Gədəbəy rayonlarının İcra Hakimiyyətlərinin başçılarını vəzifədən azad etdi.
Məlumata görə Prezident İlham Əliyevin islahatlarını bundan sonra da davam etdirərək etimadı doğrulda bilməyən, fəaliyyətləri qənaətbəxş olmayan, korrupsiyaya yol verən, vətəndaşları siyasi hakimiyyətdən incik salan məmurları vəzifələrindən azad edəcək.
Bu cür məmurlardan biri də haqqında mediada kifayət qədər faktlara əsaslanmış şikayətlər yazılan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur.
2013-cü ildə məşhur "İsmayıllı üsyanı"ndan sonra İsmayıllı rayonuna başçı təyin edilən Mirdamət Sadıqov sonrakı fəaliyyəti dövründə dövlət başçısının etimadını doğrulda bilmədi. Belə ki, rayonda sosial vəziyyətləri ağır olan əhalinin dolanışıq səviyyəsi daha da çətinləşdi. Yerli əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə inşasına başlanılan "İsma Bikes" velosiped istehsalı zavodu milyonlarla vəsaitin xərclənməsinə baxmayaraq, hələ də müəmmalı formada fəaliyyətə başlamayıb.
Bundan başqa Mirdamət Sadıqov rayondakı iş adamlarını da zinhara gətirməyi ilə ölkə mediasının gündəmini "zəbt edib". Belə ki, cari ilin aprel ayının 28-də video müraciətlə dövlət başçısına müraciət edən iş adamı Vidadi İsgəndərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun onu Prezident İlham Əliyev cənablarının adı ilə aldadaraq İsmayıllı rayonunda "Yaşıl market" inşa etdirdiyini, sonrada isə inşasına milyonlar xərclənən bazarın istifadəyə verilməsini əngəllədiyini qeyd edirdi.
Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla şərikli briliant biznesində adı hallanan (Məlumat qarşı tərəfdən təkzib edilməyib) Mirdamət Sadıqovun adı daha bir qalmaqalda hallandı. Belə ki, ötən qış soyuğa tab gətirə bilməyən İsmayıllı rayonunun Qalagah və Üştal kənd sakinlərinin etdiyi şikayətə Mirdamət Sadıqov "Ermənistandan gəlmisiz ora da qayıdın”- deyə, cavab vermişdi. Bu məlumat yerli əhali və eləcə də ölkə ictimaiyyəti tərəfindən olduqca ikrah və qəzəblə qarşılanmağına baxçayaraq, rayon icra hakimiyyəti tərəfindən hansısa açıqlama verilmədi.
Müxtəlif qalmaqallarda mütəmadi adı yer alan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun adı dövlətin rəsmi sənədlərini saxtalaşdırmaqda da çəkildi. Ötən il Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat vəsaitin araşdırılması üçün İsmayıllının 5-6 kəndində monitorinqlər apardı. Nazirliyin apardığı monitorinqlər zamanı isə İsmaıllı rayon İcra Hakimiyyətinin maxinasiya etdiyi aşkarlandı. Belə ki, 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd etdiyi, buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrıldığı məlum olmuşdu.
Həmçinin, məlumatlarda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rayonda aparılan abadlıq-quruculuq işlərində də maxinasiyalar etdiyi deyilir. Məlumatda iddia olunur ki, icra başçısı bu işdə daha çox "İnşaatçı-86” MMC adlı şirkətdən, daha dəqiqi şikətlə bağlanan tender müqavilələrdən yararlanır. (Qlobal.az)
Tarix: 21-06-2018, 14:17