Bir neçə saatlıq MÜHARİBƏ, “Üçlər ittifaqı” Türkiyəyə QARŞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ


Bir neçə saatlıq MÜHARİBƏ, “Üçlər ittifaqı” Türkiyəyə QARŞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yenidən qaydaya salmaq arzusunu ifadə edib. Aralıq dənizində İsrail, Yunanıstan və Cənubi Kiprdən ibarət ittifaq güclənir. Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. NATO Baş katibi Yens Stoltenberq Rusiya təhlükəsindən danışıb.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quttyereşlə birgə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.

S. Lavrov bildirib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Ruisya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib:

“Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq".

Bir neçə gün əvvəl bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi, həmçinin 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinərək həbs olunan sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryanla bağlı yeni tükürpədici faktlar ortaya çıxıb. Onun bağ evində axtarışlar zamanı aşkarlanan arxiv fotoları erməni generalın azərbaycanlılarla yanaşı, erməniləri də qul kimi saxladığı və onlara işgəncələr verdiyini müəyyən edib.



İyunun 24-də keçiriləcək seçkilər ərəfəsində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana seçicilərin dəstəyi son bir həftə ərzində 1 faiz yüksəlib və 48,1 faiz təşkil edir. Bu haqda “Gezici” sosioloji mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində deyilir.



ABŞ və Türkiyə arasında əldə olunan razılaşmaya əsasən, YPG terrorçuları Suriyanın şimalında yerləşən Münbiç bölgəsindən iyulun 4-də çəkilməyə başlayacaq. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

ABŞ-ın YPG-yə minlərlə TIR silah-sursat verməsinə şərh edən nazir silahları toplayacaq tərəfin ABŞ olduğunu deyib.

Qəndil əməliyyatı davam etdiyi bir vaxtda Türkiyə mətbuatında şok iddia irəli sürülüb. Türkiyənin “Aydınlıq” nəşrinin yazarı Rafet Ballı PKK liderlərindən ikisinin ələ keçirildiyini və yaxın vaxtlarda Abdullah Öcalanın saxlandığı İmralı həbsxanasına gətiriləcəyini iddia edib.

“Münbiçdə ABŞ-la bir işbirliyinə başladıq. Bu, gözəl bir hadisədir. Əks halda, silahlı bir qarşıdurma ola bilərdi”. Bunu ölkənin baş naziri Binəli Yıldırım bildirib.

Bununla belə, baş nazir Türkiyə ictimaiyyətində ABŞ-a olan etibarın 20 faizdən də az olduğunu deyib.

“Bu, qorxunc bir vəziyyətdir. Amma vəziyyəti düzəldəcək tərəf biz deyil, ABŞ-dır”, - o vurğulayıb.

Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlara toxunan hökumət başçısı 400 kv. kilometr ərazinin təmizləndiyini söyləyib. O, Şimali İraqda 11 müvəqqəti bazanın qurulduğunu deyib.

Aralıq dənizində İsrail, Yunanıstan və Cənubi Kiprdən ibarət ittifaq güclənir. Üç ölkənin müdafiə nazirləri - Panos Kammenos (Yunanıstan), Aviqdor Liberman (İsrail) və Savvas Angelides Cənubi Kiprdə bu gün görüşəcəklər.

Cənubi Kiprin müdafiə naziri görüşdə regional təhlükəsizlik, hərbi əməkdaşlığın daha da artırılması, dəniz və enerji təhlükəsizliyinin təşviqi kimi mövzuların müzakirə ediləcəyini bildirib.



Türkiyədə iyunun 24-də keçiriləcək seçkilərə bir neçə gün qalmış Almaniyanın baş kansleri Angela Merkelin lideri olduğu Xristian Demokrat Partiyası (CDU) Ankaranın ünvanına təhdid səsləndirilib. CDU-dan olan Avropa Parlamentinin üzvü Renate Sommer prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə qazanacağı halda, Türkiyənin Avropa İttifaqına üzvlüyünün mümkün olmayacağını bildirib.

“Avropa Parlamenti bu vəziyyətdə üzvlük müzakirələrinə son qoyulmasını tələb edəcək”, - o deyib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yenidən qaydaya salmaq arzusunu ifadə edib.Amerika lideri bu haqda Minnesota ştatında mitinqdə çıxışında bildirdi.

“Biz Rusiya ilə yola getmək istəyirik”, - Tramp vurğulayıb.

Daha əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert nümayəndəsi bildirib ki, ABŞ Rusiya ilə daha möhkəm münasibətlərə malik olmağı üstün tutur. Ağ Evdən isə açıqlayıblar ki, Tramp və Rusiya prezidenti Vladimir Putinin mümkün görüşü üçün Avstriyaya mümkün meydançalardan biri kimi baxılır.

NATO son onillikdə təhlükəsizlik sferasında ən qeyri-müəyyən situasiyalarla üz-üzədir. Bunu Londonda jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz təhlükəsizlik sahəsində ən qeyri-müəyyən situasiyalarla üz-üzəyik. Bunlar sırasına beynəlxalq terrorizm, kütləvi qırğın silahının yayılması, kiberhücumlar və öz qonşularına qarşı güc tətbiq edən daha təcavüzkar Rusiya aiddir. Biz Krım və Solsberi hadisələrindən sonra olduğu kimi, vahid qalmalı, həmrəyliyimizi gücləndirməliyik”, – deyə o bildirib.

O, ABŞ-la NATO üzvləri arasında fikir ayrılığı olduğunu da etiraf edib:

“Bəli, ABŞ-la digər müttəfiqlər arasında ticarət, iqlim dəyişikliyi və İranla nüvə razılaşması məsələsində fikir ayrılığı var. Avropanın özündə də AB-nin gələcəyi, dəyərlər və populizm məsələlərində fikir ayrılıqları mövcuddur. NATO-nun daimi olaraq qalacağı ehkam deyil, amma əminəm ki, biz onu qoruyub saxlayacağıq”.

“Ümid edirəm ki, yaxın vaxtlarda Şimali Koreya tərəfindən Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Amerika prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanən icrası ilə bağlı konkret addımları görəcəyik. Amma şəxsən mən konkret addımların olacağına əmin deyiləm”. Bunu “Qazeta.ru”ya müsahibəsində Brukinqs İnstitutunun aparıcı elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun xüsusi köməkçisi Stiven Payfer deyib.

“Mənim əsas narahatlığım Pxenyanın ölkənin denuklearizasiyası üzrə konkret addımlara təşəbbüs edib-etməyəcəyi ilə bağlıdır. Amma hesab edirəm ki, hər halda Sinqapurda keçirilən görüşün bir çox müsbət tərəfi var. Ən azından qısamüddətli perspektivdə münaqişənin baş vermə riskinin azaldığını qeyd etmək olar. Əgər Şimali Koreya göstərilmiş istiqamətdə addımlar atmasa, Tramp belə nəticəyə gələcək ki, Koreya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Trampın buna necə reaksiya verəcəyi isə sual altınadır”, - prezidentin keçmiş köməkçisi söyləyib.

Onun sözlərinə görə, Şimali Koreyanı başa salmaq lazımdır ki, nüvə döyüş sursatının Cənubi Koreya və Yaponiya ərazisində partlayışı halında ABŞ Kim Çen In rejimini bir neçə saat ərzində məhv edəcək.

Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb. Prezidentlər əsirlər məsələsini müzakirə ediblər.

Poroşenko Putini Rusiya həbsxanaları və işğal edilmiş Ukrayna ərazilərində saxlanılan əsirləri azad etməyə çağırıb.

“Ukrayna mənzili Moskva və Sankt-Peterburqa qədər çatan reketlər istehsal etməlidir. Düşünürəm ki, belə silahın birinci nümunələrini almaq üçün 1-2 il kifayətdir”. Bunu Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının sabiq rəis müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.



Tarix: 21-06-2018, 21:44
Xəbəri paylaş





Xəbər lenti