İyunun 25-29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası keçiriləcək. Sessiyanın ikinci günündə lüksemburqlu deputat İv Kruşenin Rusiyada, Azərbaycanda və bir sıra digər ölkələrdə QHT-lərin hüquqlarının pozulması haqqında məruzəsi deputatların mühakiməsinə çıxarılacaq.
“Turan” agentliyinin AŞ PA-dakı mənbələrə istinadən yaydığı xəbərə görə, məruzənin yazılmasının təşəbbüskarı Hüquqi məsələlər və İnsan Hüquqları Komitəsi olub. Məlumatda deyilir ki, 2016-2018-ci illərdə baş verən hadisələri təhlil edən komitə Avropa Şurasının üzvü olan bir sıra ölkələrdə QHT-lərin fəaliyyətinə qoyulan yeni qanunvericilik məhdudiyyətlərindən və onlara qarşı getdikcə daha çox düşməncəsinə münasibət göstərilməsindən narahatlığını ifadə edir. Layihədə daha sonra qeyd edilib ki, Avropa Şurasının üzvü olan dövlətlərə assosiasiya azadlığı hüququna tam şəkildə hörmət etmək və müvafiq qanun layihələri ilə bağlı vətəndaş cəmiyyəti ilə məsləhətləşmək təklif olunur. Sənəddə həmçinin “Avropa Şurası QHT-lərə qoyulan məhdudiyyətlər haqqında xəbərdarlıq mexanizmi yaratmalı və onlarla əməkdaşlığı möhkəmləndirməlidir” fikrinin də əksini tapdığı bildirilir.
AŞ PA-nın yay sessiyasında Azərbaycanda 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkiləri də müzakirəyə çıxarılacaq. AŞ PA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, prezident seçkiləri məsələsinin iyun sessiyasının gündəliyinə daxil olması birdən-birə peyda olub. Halbuki məsələ artıq bağlanmışdı, müzakirə olunmuşdu:“Apreldəki prezident seçkiləri iyun sessiyasının birinci gününün gündəliyinə daxil olunub. Halbuki bu məsələ gündəlikdə yox idi. Əslində bu məsələ Zaqrebdə daimi komitənin iclasında müzakirə edilməli idi. Amma daimi komitənin gündəliyindən çıxarıb saldılar AŞ PA-nın iyun sessiyasına”.
Eyni zamanda sessiyada Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçinin təyin edilməsi də nəzərdə tutulub. S.Seyidov bu məsələyə münasibətində bildirib ki, bu yaxınlarda AŞ PA-nın büro iclasında Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilməsi ilə bağlı qərar verilib. Məruzəçinin təyinatı AŞ PA-nın yay sessiyasında gerçəkləşməlidir: “Son zamanlar Avropa Şurasında Azərbaycanla bağlı məsələlər tez-tez gündəmə gətirilir. Hesab edirəm ki, siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilməsi münasibətlərin yaxşı istiqamətdə inkişafına xidmət etməyəcək. Əksinə, problemləri daha da qabardacaq, kəskinləşdirəcək. Bunu dərk etmək lazımdır. Bir məsələni də dərk etmək lazımdır ki, bu, bizim haqqımızda hazırlanmış son məruzədən sonra Azərbaycanla bağlı bir dalğadır üstümüzə gəlir. Mən buna soyuqqanlı yanaşıram. Dövlətin öz mövqeyi, maraqları var. Bu cür sənədlərə veriləcək tutarlı cavabımız da var. Azərbaycan-Avropa münasibətlərində üç istiqamət mövcuddur. Birincisi təhlükəsizlikdir. Bu istiqamətdə heç bir problem yoxdur. Buna Azərbaycan əsgərlərinin Əfqanıstanda və başqa çətin bölgələrdə xidmətini misal gətirə bilərəm. Qərb də, Azərbaycan da bu əməkdaşlıqdan məmnundur.
İkinci istiqamət enerji təhlükəsizliyidir. Burada da problem yoxdur, əksinə, Cənub Qaz Dəhlizi, bir neçə gün sonra işə düşəcək TANAP və TAP kimi böyük layihələri Qərb dəstəkləyir.
Bir də üçüncü istiqamət var, bu da insan haqları, cəmiyyətin içərisində təhlükəsizlik məsələsidir, vətəndaş cəmiyyətinin formalaşmasıdır. Bax, bu istiqamətdə Azərbaycanla Qərb arasında baxışlar müxtəlifdir. Müxtəlif baxışların olması ciddi konfrontasiya demək deyil. Ancaq yanaşmalar fərqlidir və bəzən də çox gərgin, ciddi fikir ayrılıqlarına səbəb olur. Məsələn, İlqar Məmmədov məsələsində, Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı qərarlarında. Ondan başqa, AŞ Prosedurlar Komitəsinin Azərbaycan nümayəndə heyətinin rəhbərinə, yəni mənə sanksiyalar tətbiq etməsində, məhdudlaşdırma prosedurlarında və ya siyasi məhbus məsələsində".
Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Çingiz Qənizadə musavat.com-a bildirib ki, son dövrlərdə Avropa Şurası Azərbaycana qarşı mövqeyində qərəzlidir və ölkəmizə qarşı təzyiqlər metodunu seçib: “İyunun 21-də AŞ PA-nın nümayəndə heyətinin rəhbəri və üzvləri ilə toplantı keçirdik. AŞ PA-da Azərbaycanla bağlı bir neçə məsələ qoyulub. Biz onlarla qətiyyətlə razılaşmayacağıq. AŞ PA-da Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkiləri müzakirə olunacaq. Mən başa düşmürəm ki, əksər ölkə başçılarının prezident İlham Əliyevi təbrik etməsindən sonra AŞ PA nəyi müzakirə edəcək? AŞ PA-nın baş katibi Yaqlandın da cənab prezidentə təbriki ilə bağlı rəsmi sənəd ortada varsa, indi nəyi müzakirə edəcəklər? Bu, təzyiq formalarından biridir. Yay sessiyasında Azərbaycan üzrə siyasi məruzəçinin yenidən gündəmə gəlməsi məsələsi də var. Vaxtilə Ştrasselin siyasi məhbus devizi altında məruzəçi kimi ortaya atılması, sonra onun o siyahının hazırlanması işinin iflasa uğraması da bir faktdır. İndi yenidən o məsələyə qayıdırlar ki, vaxtilə bu məsələ öz həllini tapmadı. Yəqin ki, siyasi məruzəçi təyin olunacaq və bu, Azərbaycana basqıdır. Cənab Yaqlandın cənab prezidentə müraciətindən sonra məhbus problemlərini həll edən İşçi Qrupu formalaşdırıldı. Biz o zaman qeyd etdik ki, Avropa Şurası özü siyasi məhbus tərifini verə bilməyib. Biz onu ”problemli məhbusların problemlərinin araşdırılması" kimi ümumiləşdirdik. Amma bu gün yenə də siyasi məhbus terminini gündəmə çıxarıblar. Azərbaycan bu terminlə razılaşmayacaq. Azərbaycanda 20 min məhbus var. Onların içində 100-150 nəfərin adı hallanır ki, siyasi məhbusdur. Amma kimliyindən asılı olmayaraq, Azərbaycan qanunlarını pozan hansısa bir şəxs buna müvafiq şəkildə cəzalandırılmalı, bu zaman onun siyasi mövqeyi, statusu heç bir təsir göstərməməlidir. Onu siyasiləşdirməkdə maraqlı olan qüvvələr var. Bunu siyasiləşdirir, siyahıya salır, qrantlar alırlar. Bununla da özlərinin maddi maraqlarını təmin edirlər".
Ç.Qənizadə həmçinin vurğuladı ki, siyasi məruzəçinin təyin olunması Azərbaycana Avropa Şurasında yeni bir gərginlik yaşadacaq. Müsahibimiz daha sonra Azərbaycanın AŞ PA nümayəndə heyəti barədə daha öncə səsləndirilən rüşvət faktlarına da toxundu: “Onlar nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun adını hallandırmağa çalışdılar. Amma onun bu məsələlərə heç bir aidiyyəti yoxdur. Biz də bilirik ki, Səməd müəllim gözəl ziyalı və diplomatdır. Amma qrup rəhbəri kimi onu hədəfə aldılar. Bu da Azərbaycana təzyiqin bir formasıdır. Sözlərə əsaslanaraq, ortada heç bir cəzalandırılma, həbs faktoru olmadan, bu məsələnin gündəmə gətirilməsi, kimisə ittiham etmək doğru deyil. Avropa Şurası da xoşagəlməz bir yol tutub”.
Azərbaycanın ata biləcəyi digər addımlara gəlincə, deputatın sözlərinə görə, ola bilər ki, AŞ PA-nın payız sessiyası öncəsi Amnistiya Aktı qəbul olunsun: “İlk dəfə olaraq 600 nəfər bu yaxınlarda əfv fərmanı ilə azad edilib. Amma yenə də ehtiyac var. Güman edirəm ki, 31 dekabrda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı daha bir əfv fərmanı da verilə bilər. Cənab prezident bu məsələdə hər zaman olduqca humanist davranır”.
Qeyd edək ki, AŞ PA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞ PA üzvləri Pedro Aqramunt, Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı may ayında sanksiyalar tətbiq edib. Sanksiya Pedro Aqramunta qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.
Qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.
Bu qərardan sonra Səməd Seyidovun nümayəndə heyətinin rəhbəri vəzifəsindən çıxarılacağı, hətta nümayəndə heyətinin tərkibindən xaric ediləcəyi gözlənilirdi. Lakin gələn məlumatlara görə, hakimiyyət belə bir addımı ən azından yaxın vaxtlarda atmamaq qərarındadır. Bunu Milli Məclisin sədri Oqtay Əsədovun sanksiya məsələsi ilə bağlı parlamentdə gedən müzakirələr zamanı Səməd Seyidovu tərifləməsi, haqlı çıxarması və Seyidova “Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol” deyə dəstək verməsi də xəbər verirdi.
AŞ PA-nın yay sessiyasına Səməd Seyidovun qatılıb-qatılmayacağına gəlincə, Milli Məclisdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, Seyidov böyük ehtimalla Strasburqa gedəcək.
AŞ PA-dakı nümayəndə heyətinə Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə və Naqif Həmzəyev daxildir.
Etibar SEYİDAĞA