BMT-nin Qarabağ qətnaməsi: Lavrovu narahat edən nədir?

 


   
Əslində, Sergey Lavrovdan başqa şey gözləmək olmazdı.
Bunu Axar.az-a BMT-nin Baş katibi Antonio Quterreş və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməməsinə dair müzakirələrə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Lavrov son mövqeyi ilə bir tərəfdən erməni tərəfinin xoşuna gəlməyə, digər tərəfdən isə münasibətlərdə balans saxlamağa çalışır:
“Rusiya XİN başçısının bu ikibaşlı mövqeyi Qarabağ məsələsinin həllini daha mürəkkəbləşdirir və tərəflərin çıxış yolu tapmasına əngəllər yaradır. Əslində, Quterreşin dilə gətirdiyi ifadələr BMT qətnamələrində əks olunub və özündə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxmasını əks etdirir. Bu məqamı Rusiya və Qərb diplomatiyasının nümayəndələri dilə gətirmirlər, onlar tamamilə başqa ifadələrdən istifadə edirlər. Bu da əlbəttə ki, Azərbaycanı narahat edir. Əslində, Minsk Qrupunun fəaliyyəti məhz BMT-nin Qarabağla bağlı 4 qətnaməsində əks etdirilən tezislər üzərində qurulub. Minsk Qrupuna üzv olan həmsədr dövlətlər məhz bu tələbləri həyata keçirmək üçün fəaliyyət göstərməlidir. Rusiya da bu gün məhz bunu ört-basdır etmək üçün naməlum mövqeni ortaya qoyur”.
Politoloq vurğulayıb ki, bütün hallarda işğal edilmiş Azərbaycan torpaqları ilə bağlı BMT qətnamələrinin olması çox yaxşı haldır:
“Həmin sənədlərdə işğalçının və işğala məruz qalanın kimliyi açıq şəkildə görünür. Ümumiyyətlə, qətnamələrdən danışanda yalnız bir assosiasiya ortalığa çıxır ki, o da Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarını boşlatmasından və danışıqların yalnız bundan sonra davam etdirilməsindən ibarətdir”.
Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında bütün üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl etməsinin zəruriliyini vurğulayıb.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı suala birmənalı cavab verməkdən yayınıb.
Tarix: 24-06-2018, 14:52
Xəbəri paylaş





Xəbər lenti