Konfliktin həllində diplomatik həmlə gecikdikcə havada barıt qoxusu artır; rusiyalı hərbi ekspert: “Qarabağ məsələsində yalnız müharibə yolu qalıb...”
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra hələ ki, münaqişə tərəfləri arasında hər hansı ciddi təmas reallaşmayıb. İlkin mərhələdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil eləmək də hələlik müşkülə çevrilib - hərçənd, rəsmi Bakı danışıqları konstruktiv məcrada davam etdirməyə hazır olduğunu bəyan edib. Doğrudur, ötən həftəsonu xəbər yayıldı ki, artıq iki ölkənin xarici işlər nazirlərinin görüşü haqda razılığa gəlinib. Ancaq bu təmasın harada, nə vaxt baş tutacağı haqda heç nə deyilmir.
İşğalçı ölkənin yeni rəhbərliyinin başı, belə görünür, daxili problemlərə və bir də Qarabağ mövzusunda populist bəyanatlar və gerçəkləşməsi mümkün olmayan vədlər verməyə, həmçinin, işğal altındakı ərazilərimizə təxribatçı səfərlər eləməyə qarışıb. Bəs bundan sonra nə olacaq, gözləntilər nədir?
*****
Bir çox ekspertlər suala birmənalı cavab verməyə çətinlik çəkir və bunu da Ermənistan daxilində hökm sürən siyasi qeyri-müəyyənliklə, yeni hakimiyyətin Qarabağ məsələsində səriştəsizliyi ilə izah edirlər.
Elə bu səbıbdəndir ki, Ermənistan baş naziri Nikol Paşinyanın xarici siyasət üzrə müşaviri Arsen Xaratyan Qarabağ danışıqlarında ölkənin keçmiş prezidenti Serj Sarkisyanın iştirakını istisna etmədiyini bildirib. Halbuki Sərksiyanı hakimiyyətdən imtinaya elə Paşinyan vadar edib.
Xaratyan deyib: “Təəssüf ki, Ermənistanda Qarabağ danışıqlar prosesi üzrə dolğun məlumata malik çox adam yoxdur. Ola bilsin, gün gələcək ki, S.Sarkisyan bu məsələ üzrə xüsusi elçi olacaq. Dövlət maraqlarının olduğu məsələlərdə hər hansı şəxsin iştirakı istisna edilmir”.
Onun sözlərinə görə, keçmiş diplomat anlayışı yoxdur. “Bir aydan, bir ildən və beş ildən sonra nə olacağını heç kim bilmir. Vəziyyət elə dəyişə bilər ki, bu insanların biliyindən, təcrübəsindən istifadə zərurəti yaranar. Bu qapını heç vaxt bağlamaq olmaz”, - deyə baş nazirin müşaviri deyib.
*****
Bu fonda ötən həftə Qarabağla bağlı qismən yadda qalan yeganə hadisə BMT Baş katibi Antonio Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada keçirdiyi birgə mətbuat konfransı oldu. Xəbər verildiyi kimi, tədbirdə Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin artıq 25 ildir icra olunmadığı haqda da sual verilib. A.Quterreş BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu bildirib, Lavrov isə deyib ki, sözügedən qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib.
“Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı”, - deyə Lavrov bildirib və faktiki, qətnamələrin işləmədiyinə işarə edib.
Rusiya baş diplomatının bu açıqlaması analitiklərin diqqətindən yayınmayıb.
“Sergey Lavrovun bu şərhi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişə nail olmaq üçün öz paketinin olduğunu göstərir. Əlbəttə ki, bu paket Moskvanın maraqları daxilindədir. Moskvanın nə təklif edəcəyi məlum olmasa da, bu təklifin həm Azərbaycana, həm də Ermənistana ediləcəyi aydın məsələdir”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a Rusiyanın Xarici İşlər naziri Lavrovun BMT TŞ-nin Qarabağa dair qətnamələrinin yerinə yetirilməməsi səbəbi haqda çıxışını şərh edən gürcü ekspert Gela Vasadze deyib. Onun sözlərinə görə, hazırda Ermənistanda çətinləşən vəziyyəti və bütövlükdə regiondakı ciddi siyasi sarsıntıları nəzərə aldıqda Moskvanın öz fəaliyyətini artıracağını gözləmək olar. “Düşünürəm ki, qarşıdakı 2 ay - iyul, avqust, ola bilsin, sentyabr bu istiqamətdə həllidici ola bilər”, - gürcü ekspert bildirib.
Vasadze Moskvanın Bakı və İrəvana “Lavrov planını” təklif edəcəyini düşünür: “Biz hamımız bilirik ki, münaqişə bölgəsində rus sülhməramlıların yerləşdirilməsini nəzərdə tutan ”Lavrov planı" adlı anlayış mövcuddur. Planın baş tutması üçün Moskvanın Bakı və İrəvana hansı arqumentləri irəli sürəcəyini və ya bunun hansı hadisələrlə izləniləcəyini, burada rus sülhməramlılarının yerləşdirilib-yerləşdirilməyəcəyini zaman göstərəcək. Biz hazırda bir tək şeyi əminliklə deyə bilərik. Aydındır ki, Moskvanın Cənubi Qafqazda möhkəmlənmək üçün planı var və Dağlıq Qarabağ bu möhkəmlənmə prosesi üçün sadəcə vasitədir".
Gürcü politoloq Lavrovun “BMT qətnamələrinin danışıqlar müstəvisinə keçid üçün zəmin yaratmağa xidmət etməsi” fikrinə də münasibət bildirib. BMT-ni qəribə qurum adlandıran ekspert qətnamələrin icrası üçün BMT-nin heç vaxt təzyiq göstərmədiyini bildirib: “BMT qəribə qurumdur. Əgər yuxarıdan sanksiyalar tətbiq olunmayıbsa, qurum heç vaxt heç kimə təzyiq göstərmir. O cümlədən münaqişənin həlli üçün qəlib axtarıldığı bir şəraitdə heç vaxt təzyiq göstərilməz. Qəbul olunan qətnamələr sadəcə, böyük aktyorların razılıqlarının qeydə alınmasının nəticəsidir”.
*****
Məsələ də bundadır ki, Qarabağ “düyünü”nü böyük oyunçulardan kim açacaq - Rusiya, yoxsa? Aydındır ki, Moskva öz xoşuna sülh prosesində kardinal dönüşə həvəs göstərməyəcək. Buna o ya vadar edilməlidir, ya da regional və ya qlobal situasiya elə dəyişməli, elə yeni geosiyasi reallıqlar ortaya çıxmalıdır ki, Rusiya buna getmək zorunda qalsın. Ona kimi isə təbii ki, Azərbaycan Ermənistan üzərində əzici hərbi üstünlüyünü təmin eləməli və saxlamalıdır.
“Azərbaycan hava məkanında mütləq üstünlüyə malikdir”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə tanınmış rusiyalı hərbi analitik Aleksandr Xramçixin 1in.am erməni nəşrinə açıqlamasında Azərbaycan və Ermənistanın hərbi göstəricilərindən danışarkən deyib.
Analitik Ermənistandakı hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ nizamlanmasının perspektivinə mümkün təsirindən də danışıb. Həm də pessimist ovqatda: “Açığı, mən başa düşmürəm ki, dinc nizamlama nə deməkdir. Dinc nizamlama odur ki, tərəflərdən biri heç bir ön şərt qoymadan kapitulyasiya edir. Mən indi bilmirəm, hansı tərəf müharibəsiz kapitulyasiyaya hazırdır. Bu haqda çox danışmışam. Ancaq əgər tərəflərin mövqeyi 20 ildən artıqdır dəyişmirsə və bir-birini istisna edirsə, bu, o deməkdir ki, yalnız müharibə yolu qalır”.
Rusiyalı ekspertin son fikri ilə razılaşmaq da olar, razılaşmamaq da. Ona görə ki, Ermənistanın məsələdə radikal mövqe tutmasının əsas səbəbi elə Rusiyadır, işğalçının Rusiyaya arxalanmasıdır. Başqa sözlə, Moskva istəsə, işğalçı ölkədən dəstəyini çəkər və Ermənistan Azərbaycanla qarşıdurmada tək bacara bilməyəcəyini, qüvvələr nisbətinin onun xeyrinə olmadığını anlayıb qısa zamanda sülhə gələr...
Siyasət şöbəsi