Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyənin “ROKETSAN” şirkətindən SOM qanadlı raketləri alıb.

Minval.info xəbər verir ki, HHQ-nin silahlanmasında yer alan SOM raketi ilk dəfə Azərbaycan Ordusunun 100 illik yubiley paradında nümayiş etdiriləcək.

Azərbaycanın SOM-B1 modifikasiyasını əldə etməsinə Türkiyə mediasında da geniş yer verilib. Çünki Azərbaycan SOM raketinin ilk xarici istifadəçisi hesab edilir. Bu günə kimi Türkiyə bu raketləri heç kimə satmayıb.

Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin döyüş başlığı 230 kq, atış mənzili 250+ km təşkil edir. Bu da HHQ-nin döyüş təyyarələrinə düşmənin HHM sisteminin təsir zonasına girmədən, cəbhənin dərinliklərindəki hədəflərini yüksək dəqiqliklə məhv etməsinə imkan verir.

Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. Raket hədəflərə GPS peyk sistemi və sistemin yaddaşına yazılmış ərazinin elektron xəritəsinə müvafiq özünüyönləndirmə vasitəsilə yönləndirilir.

Bildirildiyinə görə, sınaqlar zamanı – 2006-2012-ci illərdə sınaq platforması kimi modernləşdirilmiş F-4E qırıcısından istifadə olunub. Lakin kütləvi istehsal başlayandan sonra əsas daşıyıcı artıq F-16 olub.

som b1 füzesi F-16 ile ilgili görsel sonucu

Məlum olduğu kimi, Azərbaycan ordusunda əsas təyyarələr MiQ-29 və Su-25-dir. Görünür, türkiyəli mühəndislərin köməyi ilə bu qırıcıların SOM-a uyğunlaşdırılması işləri aparılıb.