Ərdoğanın yeni kursu necə olacaq? –Türkiyə seçkiləri və Qərblə münasibətlər - TƏHLİL

 


 Türkiyənin iqtisadi problemlərinə baxmayaraq, bazar günü Rəcəb Tayyib Ərdoğana səs vermiş seçicilərin böyük əksəriyyəti onu son illər onların həyat şəraitinin yaxşılaşmasına səbəb olan iqtisadi inkişafın memarı kimi görür.

Ona səs vermiş türklər Ərdoğanın Türkiyəni hazırkı ağır iqtisadi durumdan çıxaracağına və ölkənin dünya səhnəsində güclü oyunçu kimi mövqeyini qoruyub saxlaya biləcəyinə inandıqlarını deyir. Onlar həmçinin Ərdoğanın İslam dəyərlərini müdafiə etməsini bəyənir. Ərdoğanın Ankarada minlərlə insan qarşısında qalibiyyət çıxışının tonu qətiyyətli görünürdü. O, Ədalət və İnkişaf Partiyasının qərargahının balkonundan tərəfdarları ilə birilkdə “Bir millət, bir bayraq, bir ölkə, bir dövlət” şüarını səsləndirdi. Ərdoğan “islahatarını” davam etdirməyə və Türkiyənin nüfuzunu artırmağa söz verdi.

“Türkiyənin itirməyə vaxtı yoxdur, biz bunu bilirik”, o bildirdi.

Ərdoğan Türkiyənin daxildə və xaricdə düşmənlərinə qarşı “qətiyyətlə mübarizə” aparacağına söz verdi. O, Türkiyənin cənub-şərqində kürd militantlarına qarşı hərbi əməliyyatları davam etdirəcəyinə işarə etdi. “Biz Allahdan başqa heç kəs qarşısında yenilməməşik”, Ərdoğan elan etdi.

Təhlilçilər seçkilərdən sonra onun hakimiyyətindən tam istifadə edəcəyini və fərqli düşünənlərə qarşı repressiyaları gücləndirəcəyini gözləyir. 2016-cı ildə dövlət çevrilişi cəhdindən sonra on minlərlə keçmiş dövlət məmuru, kürd fəallar və jurnalist həbs edilib. Siyasi şərhçi Abdulla Bozkurtun sözlərinə görə, Ərdoğan onun hakimiyyətinə qarşı çıxışların olmaması üçün “əlindən gələni edəcək”.

“Təhlükəslik qüvvələri, polis və hərbi qüvvələrə birbaşa nəzarət etməklə Ərdoğan qarşıdan gələn günlərdə hər hansı potensial iğtişaşı asanlıqla yatıra bilər”, o bildirib.

Digər təhlilçilər isə hesab edir ki, Ərdoğanın qələbəsindən sonra onun opponentləri məğlubiyyətlərini qəbul edib vəziyyətlə barışacaqlar, lakin çox şey Türkiyənin iqtisadi çətinliklərdən necə çıxacağından asılı olacaq.

Xarici siyasətə gəldikdə təhlilçilərin fikrincə, Ərdoğanın qələbəsi Suriya prezidenti Bəşar Əsədi bir o qədər məyus etməyəcək. Ərdoğanın Əsədə qarşı üsyançı qüvvələri dəstəkləməsinə baxmayaraq, Türkiyə liderinin prioritetləri Suriyada rejim dəyişikliyindən Suriya kürdlərinə qarşı mübarizəyə yönəlib.

Rusiya prezidenti Vladimir Putin vaxt itirmədən Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib.

“Rusiya dövlət başçısı vurğulayıb ki, səsvermənin nəticələri Rəcəb Tayyib Ərdoğanın böyük siyasi nüfuzunun, onun rəhbərliyi iləTürkiyənin qarşısında duran aktual sosial-iqtisadi vəzifələrin həlli vəölkənin xarici siyasət sahəsində mövqeyinin gücləndirlməsinəyönəlmiş siyasi kursa geniş dəstəyin tam mənada sübutudur”, Kremlin açıqlamasında bildirilir.

Ərdoğan və Putin arasında son aylar münasibətlərdə yaxınlaşma NATO ölkələrinin narahatlığına və Türkiyənin etibarlı müttəfiq olub-olmadığı ilə bağlı sualların yaranmasına səbəb olub.

ABŞ rəsmilərinin bildirdiyinə görə, prezident Donald Tramp və Ərdoğan arasında münasibətlər də yaxşı səviyyədədir. Lakin Amerika qanunvericiləri Türkiyə hərbi hava qüvvələrinə F-35A tipli döyüş təyyarələrinin satışının qarşısını almağa çalışır. Qanunverilər Türkiyənin ABŞ-ın İŞİD terror qrupuna qarşı mübarizədə müttəfiqi olan kürdlərə qarşı döyüşlər aparmaq üçün Suriyanın şimalına hərbi müdaxiləsini və Ərdoğanın Rusiyadan S-400 tipli raket əleyhinə müdafiə sistemi almasını narazılıqla qarşılayıb.

Pentaqon rəsmiləri Ərdoğanın İranla yaxınlaşması əlamətlərindən narahatlıqlarını bildirib.

Qərbin digər dövlətləri üçün Ərdoğanın Putinlə münasibətlərində yaxınlaşma yeganə narahatlıq mənbəyi deyil. Brüssel və Türkiyə lideri arasında son illər insan haqları və qanunun aliliyi, kürdlərə qarşı əməliyyatlar və onun Türkiyəni siyasi dünyəvi ənənələrdən uzaqlaşdırması kimi məsələlərlə bağlı qarşıdurma baş vermişdi. Lakin Avropa İttifaqı bu narazılıqlar və Türkiyənin miqrant böhranı və terrorizmə qarşı mübarizə səylərində yardımı arasında balans yaratmalı olur.

Türkiyə NATO üzvüdür və Vaşinqtonun Ankaranın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə səylərində dəstəyinə ehtiyacı var və Türkiyənin cənubundan İncirlik hərbi hava qüvvələrinin bazasndan istifadə etməlidir.

Brukinqs institutunun təhlilçisi Amanda Slot bu ilin əvvəlində Türkiyə ilə bağlı hesabatında Qərb üçün problem yaradan amilləri təhlil edib.

“Ölkə ona görə mürəkkəblik yaradır ki, onun problemli rəhbərliyi real təhlükələrlə qarşılaşır. Türkiyə 2016-cı il iyul ayında dövlət çevrilişi cəhdindən sonra risklər və Suriya müharibəsinin stabilliyi pozan nəticələri ilə qarşılaşır. Ölkənin prezidenti isə aqressiv anti-Qərb ritorikasından istifadə edərək daha avtoritar olur və xarici siyasdəTrans-Atlantik alyansın maraqlarına zidd olan seçimlər edir”, o, hesabatda bildirib.

Türkiyənin keçmiş qanunvericisi və hazırda Demokratiyanın Müdafiəsi Fondunda təhlilçi Aykan Erdemir deyir ki, seçkilər Qərblə münasibətləri daha da mürəkkəbləşdirəcək. Onun bildirdiyinə görə, Ərdoğanın parlamentdə çoxluq əldə etmək üçün ultra-sağçı Milliyyətçi Hərəkat Partiyasından (MHP) asılılığı millətçiliyin daha da artmasına gətirib çıxaracaq.

“Türkiyədə bundan sonra millətçiliyin güclənməsi Avropa İttifaqı və ABŞ-la münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq və Ankaranı trans-atlantik alyansla birbaşa qarşıdurma yoluna qoyacaq”, o bildirib. (Amerikanın Səsi)                      Siam.az

Tarix: 26-06-2018, 08:58
Xəbəri paylaş





Xəbər lenti