İyunun 25-də AŞ PA-nın yay sessiyası başlayıb. 4 gün davam edəcək sessiya Azərbaycan üçün xüsusi önəm kəsb edir. AŞ PA-nın iki ay öncəki yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya qərarının verilməsi səbəbindən yay sessiyasının rəsmi Bakı üçün asan keçməyəcəyi öncədən proqnozlaşdırılırdı.
Sessiyanın ilk günündə AŞ PA-da rəhbər dəyişikliyi olub. İsveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.
APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, o, bundan əvvəl prezident Mikele Nikolettiyə öz təşəkkürünü bildirib.
M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O qeyd edib ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub. Qadınların yüksək vəzifələrdə çalışmasının önəmindən danışan yeni prezident gender bərabərliyinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, AŞ PA-nın hazırkı prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sessiyanın ilk günü assambleyada müzakirə olunan iki sənədin - “Progress report” və “Azərbaycanda erkən prezident seçkilərinin müşahidəsi” adlı qətnamə layihələrinin müzakirəsində çıxış edib və təşkilatı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb: “Dəyərli dostlar, Azərbaycanda prezident seçkilərini neçə beynəlxalq təşkilat, neçə ölkə təmsilçisi müşahidə edib bilirsinizmi? 61 təşkilatdan, 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib Azərbaycanda prezident seçkilərini. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik olması ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verib. Sadəcə/, ATƏT və AŞ PA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirdi. Yüzlərlə beynəlxalq müşahidəçi özləri birbaşa müşahidə etdiyi seçkilərlə bağlı azad, ədalətli, demokratik, şəffaf keçirilib deyir, amma AŞ PA onların səslərini eşitmək istəmədi və istəmir.
O zaman sual olunur: nədən? AŞ PA Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır. Bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəldir. Azərbaycanda seçkilərdə əhali fəal iştirak edərək, öz istədiyi namizədə azad səs verib. Namizədlər üçün təbliğat-təşviqat kampaniyası zamanı bərabər imkanlar yaradılıb. Qeyd edim ki, seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusu və seçkilər günü keçirilən exit-pollarda da prezident İlham Əliyevin qələbəsi öz əksini tapırdı. Avropa ölkələrinin, dünya ölkələrinin rəhbərləri, baş katib cənab Yaqland Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması, prezident seçilməsi münasibətilə təbrik edib. Bütün bunları nəzərə alaraq siz həmkarlarımızın məsələyə daha həssaslıqla, obyektivliklə yanaşacağına ümid edirik və sizi buna çağırırıq.
Düz 100 il əvvəl Azərbaycan bütün müsəlman şərqində ilk parlamentli demokratik cümhuriyyəti quran, qadınlara seçmək və seçilmək haqqı verən bir dövlətdir. Sovet işğalına qarşı mübarizə apararaq müstəqilliyini təkrar qazanan Azərbaycanda demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır və bu islahatlar davam edir. Ona görə də assambleyamız ikili standartlara son qoyub Azərbaycana daha da çox dəstək olmalıdır. Azərbaycanın Qərblə Şərq, Qərblə müsəlman dünyası arasında bir körpü olduğunu nəzərə alsaq, bu, hamımız üçün, Azərbaycan qədər təşkilatımız üçün də çox önəmlidir".
“Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tiflis-Qars dəmir yolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Bu proyektləri hökumətin dəstəyi olmadan edə bilmərik. Mənim ölkəm haqqında tənqidlər olur. Siz anlamalısınız ki, Azərbaycanda hazırda burda göstərilməyə çalışılandan fərqli vəziyyət var”.
APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Məclisinin AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı AŞ PA müşahidə missiyasının hesabatının müzakirəsi zamanı deyib.
“Biz çox güclü, müstəqil dövlətik və demokratiya yolunda irəliləməkdə qərarlıyıq. Bizim bir- birimizi eşitməyə ehtiyacımız var. Bu dediklərim Azərbaycanı anlamaq üçün bir imkandır. AŞ PA-nın özünün islahatlara ehtiyacı var”, - deyə S. Seyidov bildirib.
Milli Məclisin AŞ PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda seçkilərdə şəffaflığın təmin olunması üçün hər şey edilib: “Gəlin, qərarımızda daha ədalətli olaq. İnsanların seçimlərinə hörmət edək və bunu siyasi oyunlara çevirməyək”,- deyə S. Fətəliyeva qeyd edib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu dəfə Azərbaycana qarşı sessiyada sərt mövqelərin olmayacağını düşünür: “Bu sessiyada Azərbaycanla bağlı çox olmasa da, bəzi məsələlər müzakirə ediləcək. İnsan haqlarının, QHT-lərin vəziyyəti barədə danışılacaq. Açığı, düşünürəm ki, ciddi təzyiqlər olmayacaq. Yaz sessiyasında yaşananlar indi olmayacaq. Hər ölkədən nümayəndə heyəti və həmin heyətə rəhbərlik edən şəxs sessiyaya gedir. Orada dövlətlərin mövqelərini ifadə edirlər. Özlərindən danışmır. Səməd Seyidov özünün istəyini orada ifadə etmir. Dövləti təmsil edir. Sadəcə, yaz sessiyasında ittihamları onun üzərinə yüklədilər. Bunu özümüz etdik, kənar şəxslər etmədi. Özümüz bu sözləri dedik, ittihamlar səsləndirdik, dövlətimizi pis vəziyyətdə qoyduq. Avropada yaşayan azərbaycanlılar qışqır-bağır salıb, beynəlxalq qurumların əlinə əsas verdilər. Biri var ki, iş görəsən, biri də var ki, bunun əksini edib, dövlətinə ziyan vurmağa çalışasan. Siyasi məhbuslar haqqında danışmaq olar, onların siyahılarını hazırlamaq da normaldır. Biz 15 il ora gedib, bütün məsələləri qaldırırdıq. Biz ölkəyə gələndən sonra siyasilər azad olunurdu.
Qışqıra-qışqıra, ölkəni yerdən-yerə vura-vura heç nəyə nail olmaq mümkün deyil. Öz mənafeləri üçün, pul almaq niyyəti ilə belə fəaliyyət aparmaq heç kəsə yaraşmır. Dövlət və hökumət tamam fərqli anlayışlardır. Biz dövləti qoruyub, hakimiyyətin əlindən siyasi məhbusları almaq fəaliyyəti aparırdıq. Amma Avropadakı azərbaycanlılar belə etmədilər. Hakimiyyətin fonunda dövlətə zərbə vurdular və bu şəkildə hələ də davam edirlər. AŞ PA-da bizi bu duruma onlar saldılar. Bütün ölkələrdə belədir. Heç kim deyə bilməz ki, Türkiyədə, yaxud digər ölkələrdə rüşvət yoxdur. Amerikada belə insan haqları pozulur. Dünyanın hər yerində insan haqları pozulur. O dediyim kəslər indiyə qədər bir siyasi məhbusu belə azad etdirə bilməyiblər. Amma biz sessiyaya gedib qayıdanda nələrəsə nail olurduq. Bir adama köməklik edə bilmirlər, ancaq boş-boş danışırlar. Bizimlə onların fərqi budur. Bu sessiyada ölkəmizlə bağlı bizə ziyan gətirəcək heç bir qərarın verilməsini istəmirəm. Doğrudur, yaz sessiyasından indiyə qədər Azərbaycanda heç nə dəyişməyib. Siyasi məhbus məsələsi qalır ki, biz daim bu məsələni qaldırırıq. Azərbaycan birdəfəlik siyasi məhbuslardan azad olmalıdır. İlin axırına qədər onları azad etməlidir ki, AŞ PA və digər beynəlxalq qurumların ağızları yumulsun. Avropanın Azərbaycandan öz istəkləri var. Eyni zamanda ölkəmizlə bağlı maraqları da az deyil. Buna görə Azərbaycana qarşı bu dəfə sərt qərarların olmayacağını düşünürəm”.(“Yeni Müsavat”)