Hafiz Hacıyev: “İlham Əliyevin ətrafı hər dəqiqə ona yalan məlumatlar çatdırır” - MÜSAHİBƏ

 “Yaxın vaxtlarda onların da ölkə prezidentinə olan xəyanətlərinin üstünü açacam”

"Biz Türkiyə ilə qardaş, bir millət, iki dövlətik və bunu davam etdirməliyik"

"Tahir Kərimli deyirdi ki, Heydər Əliyev gəlsə özümü öldürəcəm. Nə oldu, indi gedib parlamentdə oturur".

"Hacı Əbdül deyildimi Heydər Əliyev haqqında yüz fikir söyləyən?!"

Daim qalmaqallı çıxışları ilə yadda qalan, bir sıra nazirləri, icra başçılarını və digər məmurları kəskin şəkildə tənqid edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevlə ölkədə baş verən siyasi-ictimai proseslər, hazırda gündəmin əsas mövzularından biri olan türk konfederasiyası ideyası, o cümlədən digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə:http://hurriyyet.org/xeber/hafiz_haciyev_quotxaricdeki_quotsoyus_kampaniyasiquot_hakimiyyetin_daxilinden_idare_olunurquot_-_msahib)

- Kimlərdir? Adlarını çəkə bilərsiniz?

- Hamıya bəllidir, kim edir. Burda məqsəd prezidenti təkləməkdir. Yəni hakimiyyət daxilindəki qüvvələr demək istəyir ki, biz olmasaq, sənə Azərbaycanda imkan verməzlər. Həmin insanlara (xaricdəki "söyüş kampaniyası"nda iştirak edənlər nəzərdə tutulur-red.) pul da burdan gedir, onlara faktlar da burdan verilir. Ona görə də xaricdə nəsə axtarmağa dəyməz. Çox ciddi faktlar var, istəmirəm onları açım. Hamı görür və bilir. Niyə burda tək prezidentdən söhbət gedir? Niyə digərlərinin adı çəkilmir? Nə üçün başqalarını söymürlər? Məgər, xaricdə adalar alanlar, milyardları olanlar, balaları xaricdə eyş-işrətdə yaşayanlar yoxdur? Deməli, hamısı burdan drijor çubuğu ilə idarə olunan insanlardır. O da hamısı prezidentin öz ətrafındadır.

Nə qədər xəyanətlər olar? Bu xəyanətləri Elçibəydə və Heydər Əliyevdə gördük. İndi də İlham Əliyevə xəyanət edirlər. Bu komanda nədir? Nə istəyirlər? Kabinetdə bir-birini döyürlər. Bu cür idarəçiliyə son qoymaq lazımdır. Mən hər zaman demişəm ki, bu gün Avropadan, Qərbdən Azərbaycana qarşı olan təzyiqlərin başında hakimiyyətin daxilindəki qüvvələr durur. Bu, birmənalı şəkildə belədir. Kim istəsə sübut etməyə hazırıq.

- Bir anlıq təsəvvür edək ki, dövlətin idarəsi sizin əlinizdədir, o zaman hazırkı məmurlardan hansı ilə işləyərdiniz?

- Açığı, bu, çox ağır sualdır. Azərbaycan hakimiyyəti daxilində barmaqla sayılacaq 1-2 nəfər var. Bu, bəlli olan məsələdir. Hamiyyətin içində olan məmur təbəqəsi o qədər çirkaba batıb ki, üfunət iylənir. Yalan danışırlar, prezidentə düzgün məlumat çatdırmırlar, xəyanət edirlər. Bu qədər yalan danışmaq olmaz. Axı hansı məmurla işləmək olar?! Hansını qaldırırsan, dövlətin milyardlarını götürüb indi də qaytarıb verə bilmir. Oğurlayıblar, xaricdə eyş-işrətlə məşğul olurlar. Bunu bütün millət də, biz də bilirik. Çalışırıq ki, bu məsələlər dövlətçiliyə ziyanı olmadan keçib getsin. Bu səbəbdən də verdiyiniz sual çətindir. Sağlıq olsun, zamanında bütün məsələlər öz yürini alacaq. Heç kim düşünməsin ki, bizə bu qədər əzab-əziyyət verib özləri rahat yaşayacaq. Elə düşünməsinlər ki, Hafiz Hacıyev - 4 dəfə aldanmış bir insan sakit oturacaq. Yox, onda öləndə qəbrim çatlayar.

- Hafiz bəy, 4 dəfə prezident seçkilərində iştirak etmiş biri kimi nədən hələ də parlamentdə təmsil olunmursunuz?

- Əslində, mənim namizədliyim üçün toplanılan imzalar elə deputata verilən səs qədərdir. Nə edək ki, biz qeyrətli adamları parlamentə də buraxmırlar. Millətini, ölkə başçısını sevən adamı bu gün hakimiyyətə buraxmırlar. Əgər mən İlham Əliyevə xəyanət etsəydim, onda indi hakimiyyətdə ən yüksək postlardan birində idim, partiyamdan da 4-5 nəfər deputat vardı. Mənə prezidentə qarşı çıxmaq təklif olunub. Lakin ömrümün axırına qədər ona qarşı çıxa bilmərəm. Mənim arvadım erməni deyil. Əgər erməni olsaydı, çoxdan vəzifədə olardım. Nəslimdə erməni, satqın yoxdur. Olsaydı, çoxdan vəzifədə idim. Mən prezidentə sadiqəm. 2003-cü ildə mən olmasaydım, bu hakimiyyət hardaydı?! Bu gün kim prezidentə xidmət etmək istəyirsə onun adamlarını məhv edirlər. Baxın, bu gün prezidentə xəyanət edənlərin hamısı hakimiyyətdədir. Mən bunu dəfələrlə demişəm. İlham Əliyevin ünvanına danışanların, xaricdə ona söydürənlərin hamısı ətrafında, vəzifədədir. Niyə bu belə olmalıdır? Mən İlham Əliyevi çox sevdiyim üçün bu gün nə parlamentdə, nə də hökumətdə nümayəndəm var. Bu hakimiyyətə düşmən olanların əksəriyyəti mənə düşməndir. Onların milyardları var, qaçıb gedəcəklər. Hafiz Hacıyev isə arada qalıb öləcək. Bəlkə kimsə gətirib mənə 1 manat pul verir. Vicdanları çatırsa desinlər. Belə bir şey yoxdur. Mən bu günə qədər qardaş dediyim adamı müdafiə etmişəm, bundan sonra da edəcəm. Qardaşıma xəyanət edənlərin cavabını verəcəm. Yaxın vaxtlarda çox böyük açıqlamalar verəcəm. Məni çağırıb yanlarında şahidlə danışdıran adamlar düşünməsin ki, Hafiz Hacıyev sakit oturacaq. Onlar həm daxildə, həm də Avropada İlham Əliyev haqda arzuolunmaz fikirlər yaradırlar. Xəyanət etməyə başlayıblar. Kimlərsə düşünməsin ki, Hafiz Hacıyevi çağırdıq yalan danışdıq, aldatdıq və bu gün də telefonlarına cavab vermirik. Bu da yaddan çıxmayacaq. Mən siyasətçiyəm, həyatda itirəcəyim heç bir şey yoxdur. Lenin deyirdi ki, proletariatın itirəcəyi bir şey var, zəncir. Zəncirimdən başqa itirəcəyim nə var?! Varım-dövlətim, xaricdə malım, villam, maşınım yoxdur. Kirayələrdə yaşayan siyasətçiyəm. Canımı qoymuşam, amma haqqımda prezidentə yalan deyirlər. Bəs, onların mənim yanımda prezidentin ünvanına danışdıqlarını açıb ortaya qoysam, onda nə olacaq?!

- Söhbətin kimlərdən getdiyini açıqlaya bilərsinizmi?

- Sağlıq olsun. Bunlar geniş auditoriyada açılacaq, bütün Azərbaycan xaricdəkiləri kimlərin maliyyələşdirdiyini, daxildə İlham Əliyevin üzünə gülüb arxada xəyanət edənləri biləcək.

- Bildiyiniz kimi, bu gün gündəmdə olan mövzulardan biri də türk konfederasiyası ideyasıdır. Sizin bununla bağlı fikirlərini öyrənmək maraqlı olardı.

- Biz bir millət, iki dövlətik. Bunu danmaq olmaz. Biz deyirik ki, Türkiyə ilə aramızda viza rejimi götürülsün, iki ölkə arasında hərbi saziş olsun. Elə bilək ki, bir dövlətik, əl-ələ verib Qarabağı azad edək. Biz ayrı nə deyirik?! Konfederasiya deyəndə nəyi başa düşürlər?! Bizim müəyyən ortaq işlərimiz ola bilər, necə ki, bu gün var. Onlar rəsmiləşməlidir. Türkiyə ilə Azərbaycan arasında hərbi saziş yoxdur. Viza rejimi ləğv edilməyib. Bunlar olsa daha yaxşı olar. Ancaq bu, o demək deyil ki, Azərbaycan öz müstəqilliyini itirsin, bütün ixtiyarımızı Türkiyəyə verək. Biz müstəqil dövlətik, bundan ötrü qan tökmüşük. Biz Türkiyə ilə qardaş dövlətik. Bizim bir ümid yerimiz Türkiyə qalıb. Onu da Azərbaycandan küsdürdükdən sonra nə edəcəyik?! Ermənilər düşmənimiz, ruslar ordan dişini qıcıyıb erməniləri salıb torpaqlarımıza, Avropa və ABŞ ordan vurur. Buna görə də bir ümid yerimiz Türkiyə qalıb. Təbii, Türkiyədə də, bizdə də rəhbərlikdə müəyyən nöqsanlar var. Biz elə etməliyik ki, hamısı öz yoluna düşsün. Yoxsa biri biz söz deyən kimi üstünə tökülüşürlər. Tahir Kərimli deyirdi ki, Heydər Əliyev gəlsə özümü öldürəcəm. Nə oldu, indi gedib parlamentdə oturur. Hacı Əbdül deyildimi Heydər Əliyev haqqında yüz fikir söyləyən?! Hacı Əbdülün "Qardaşlıq" cəmiyyəti deyildimi Heydər Əliyev Azərbaycana gəldikdə onu qarşılayanda təpiklə vurub gözümüzü çıxaran?! İndi həmin dəstə nə yaman qiymətli oldu?!

Bir daha qeyd edirəm ki, biz Türkiyə ilə qardaş, bir millət, iki dövlətik və bunu davam etdirməliyik. Arada olan o maneələr də götürülməlidir. Bunlar müzakirə olunmalıdır. Görək, Rusiya, Türkiyə ilə dostluğumuz bizə nə verər? Bunları araşdırmaq lazımdır. Bu məsələlərə bir az səbrlə, təmkinlə yanaşmaq lazımdır. Hacı Əbdül kimi biri indi Azərbaycanın ağsaqqalı çıxıb. Ali Sovetin qarşısında Heydər Əliyevin gəlişinə nə qədər maneçilik edib?! Ayağını stola döyən deputatlar indi komitə sədri, nazir olub. Hafiz Hacıyev isə aeroportda Heydər Əliyevi qarşıladığı vaxt Hacı Əbdülün "Qardaşlıq" cəmiyyəti tərəfindən təpiyin altında qalıb gözü şişirdilib. Heydər Əliyevə xəyanət edənlərin çoxu isə bu gün hakimiyyətə gəlib. İlham Əliyevə xəyanət edənlər isə onun ətrafına yığılıb. Bunu da hakimiyyətdəki xüsusi adamlar edir.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU

Tarix: 26-06-2018, 21:54
Xəbəri paylaş





Xəbər lenti