Bir medalın iki üzü: Avropa Şurası Səməd Seyidova necə oxşayır? - “kürü demokratiyası”...



 
 
ADP fəalı Faina Kunqurova həbsdə ikən Avropa Şurası Azərbaycan hökumətindən onu azadlığa buraxmağı tələb edirdi. 
Bu, o dövrlər idi ki, demokratik düşərgə və ictimai fəallar Qərb təşkilatlarının bəyanatlarına Quran ayəsi kimi baxırdılar. 
Faina isə AŞ-nın barəsindəki qətnaməyə təşəkkür əvəzinə ləyaqətli münasibət bildirmişdi: “Bu qurumun bəyanatını mənasız və gərəksiz sayıram. Gedin Buşu mühakimə edin...”
Kunqurova yaxşı bilirdi ki, Qərb öz dəyərlərini çoxdan hərraca çıxararaq siyasi rejimlərlə bazarlığa gedir. 
Onu da gözəl anlayırdı ki, bu təşkilatların hüquq və ədalət carçısı kimi özlərini təqdim etmələri siyasi riyakarlıqdan ibarətdir. 
Ona görə də tələb edirdi ki, haqqı müdafiə edirsinizsə, əliqanlı ABŞ lideri Corc Buşun mühakiməsindən başlayın. 
Faina həbsdə müəmmalı şəkildə öldü. O, aclıq aksiyası keçirirdi və intihar, xəstəlik, baxımsızlıq, işgəncə versiyalarının bu günə qədər hər biri aktualdır, qüvvədədir.
Və Avropa Şurasının bəyanatını hökumət eşitmədi, AŞ da quru sözdən o yana keçmədi. 
Necə ki, ötən ay rüşvət ittihamı ilə sanksiya tətbiq etdiyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çox keçmir ki, qurumda vitse-prezident postuna seçilir. 
Pedro Aqramunta rüşvət vermək ittihamı ilə sanksiyaya məruz qalmış S.Seyidovun qurumda mötəbər post tutması AŞ-nın necə bir riyakar, prinsiplərinə zidd fəaliyyət göstərən təşkilat olmasını isbatladı.   
Hakimiyyət Seyidova qarşı bu sərt qərara cavab olaraq qurumdakı öz missionerlərini hərəkət keçirməklə və onu vite prezident postunda saxlamaqla əslində Qərbin siyasi alverçi olduğunu göstərməyə çalışdı: Bizdən fərqli deyilsiniz...
Bütün bunlar demokratik Qərbin reputasiyasını və etimadını itirməsinə aparmaqdadır. Xalqlar və siyasi fəallar təqiblə üzləşəndə Avropa təşkilatlarının obyektiv reaksiyalarına ümid edirlər. 
Amma Avropa Şurası kimi qurumlar İlqar Məmmədov başda olmaqla demokratiya mübarizəsini öz maraqlarına qurban verməkdədir. Eyni zamanda iqtidarın arqumentlərini gücləndirirlər. 
S.Seyidov bunun davamı olaraq şəstlə danışaraq bildirib ki, sanksiyalar yalnız bir neçə nəfər və komitə tərəfindən qoyulub:
“Bu sessiyada sanksiyaların nə qədər əhəmiyyətsiz olduğu göründü. AŞPA-da vitse-prezident seçilmək özü özlüyündə böyük addımdır. Bildiyiniz kimi, seçilmə rotasiya qaydasında keçirilir.
Burada qayda belədir ki, buna etiraz edə bilərdilər. Ancaq bir nəfər belə qalxıb etiraz etmədi.
Onlar özləri də bilirlər ki, mən 18 illik fəaliyyətim boyunca həm Avropa Şurasının dəyərlərini, həm Azərbaycanın maraqlarını müdafiə etmişəm”.
S. Seyidov qeyd edib ki, AŞPA sanksiyaları artıq keçmişdə qalmış məsələdir: "Fəaliyyətimizi görürsünüz, nümayəndə heyətimiz çıxış da edir, siyasi partiyalarda vitse-prezidentlərimiz də var.
Elşad Həsənov hüquq məsələləri üzrə məruzəçi kimi növbəti sessiyada çıxış edəcək. Azərbaycanı istəməyən qüvvələr çox çalışırlar, fəaliyyətdədirlər.
Ancaq həqiqət öz yerini tutur. Nümayəndə heyətinin rəhbəri kimi biz bu sessiyada Azərbaycanın mövqeyini çox yüksək səviyyədə müdafiə edə bildim”.
Bu ikiüzlü siyasət Qərbin öz dəyərlərini satışa çıxarması ilə bərabər demokratiya uğrunda mübarizə aparanların ümidlərini puç edir, dillərini qısaldır. 
İndi hakimiyyəti hansı arqumentlə tənqid etmək olar ki, insan haqlarının müdafiəçilərindən olan Avropa Şurası ən böyük siyasi bazarkomdur.
Müxalifət isə hələ də gözləyir ki, Qərbin demokratik dəyərlərdən bəhs edən qüvvələri hansısa sanksiya və ya təzyiqlər barədə düşünəcək.
Ölməz Ostap Bender “Qərb bizə kömək edəcək” kəlməsini ironiya ilə demişdi. Qərbin diqqət və yardımına apellyasiya edənlər bir mühüm amili unudurlar – çoxdan manipulyasiya və təzyiq alətinə çevrilmiş “demokratiya” anlayışı artıq şirmadır, qışqıran şüardır, dekorasiyadır, təzəyin bəzəyidir. 
Və demokratiya barədə söhbətlər də mövzu tükənəndə susmamaq xatirinə nədən gəldi danışan iki avaranın tapıntısına bənzəyir. Təki susmasınlar. Yoxsa darıxacaqlar.
Liberal dəyərlər və insan haqlarından dəm vuran ABŞ və Avropanın çoxüzlülüyünü Azərbaycan müxalifəti və obıvatel kəsim hələ qəbul etməsə də, iqtidar anlayıb və bundan məharətlə istifadə edir. 
2005-in oktyabrında mitinqi vəhşicəsinə dağıdan iqtidarın nümayəndəsi “ABŞ-da da bu cür edirlər” deyən vaxtdan hələ xeyli əvvəl bu meyli görmək mümkündü. Bu, Azərbaycan iqtidarına haqq qazandırmaq üçün geniş sahə verir.
 
Xüsusi olaraq Anaxeber.Az üçün Turan
Tarix: 28-06-2018, 10:05
Xəbəri paylaş





Xəbər lenti