İrəvanda Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ mövzusunda ən yüksək səviyyəli görüşə kimi - baş naziri, yoxsa prezidenti çıxarmaqla bağlı hələ də qəti qərarlılıq yoxdur. Yeni siyasi sistemə görə, bu şəxs baş nazir Nikol Paşinyan olmalıdır. Amma Paşinyanın daxili məsələlərə və Qarabağ xaric, bəzi xarici siyasət məsələlərinə daha çox köklənməsi müşahidə edilir.
Müşahidə edilən həm də onun Qarabağ danışıqlarını aparmaq üçün yetərli siyasi baqaja, informasiya və səriştəyə malik olmamasıdır. Bu üzdən, o, hələ də sülh prosesinə yalnız ziyan viran populist, təhlükəli bəyanatlar verməklə məşğuldur. Belə qənaət var ki, məhz bu yolla o, Qarabağ məsələsində özünün qeyri-kompetentliyini kompensasiya eləməyə çalışır və faktiki Azərbaycan prezidenti İlham Əliyevlə birbaşa təmasdan çəkinir, bunu arzulamır.
*****
“Yeni Müsavat” xatırladır ki, az öncə Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara cəlb oluna biləcəyini istisna etməmişdi. “Gün gələcək və ola bilsin Serj Səkisyan Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndə olacaq? Kim bilir? Mən onu deyərəm ki, Sərkisyanın dövlət maraqları ilə bağlı olan hansısa məsələdə iştirakı istisna deyil. Əgər birdən ictimai konsensus yaransa və görsək ki, bu adam hansısa məsələdə gərəklidir”, - deyə o bildirmişdi.
Xaratyan əlavə eləmişdi ki, Ermənistanda Qarabağa dair danışıqlar prosesini tam bilən adam çox azdır: “Keçmiş diplomatlar yoxdur”. O, Sərkisyanın Paşinyanı Qarabağa dair hansısa görüşdə müşayiət edə biləcəyi haqda isə belə demişdi: “Heç kim bilmir, bir ay sonra, bir il, beş il sonra nə olacaq”. Xaratyan onu da bildirmişdi ki, hazırda Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılmır.
“Qraparak” qəzeti isə dünənki məqaləsində Ermənistan tərəfdən prezident İlham Əliyevlə məhz prezident Armen Sərkisyanın görüşə biləcəyini istisna etməyib. “Yeni Müsavat”ın məlumatına görə, bu günlər Ermənistan prezidentinin böyük beynəlxalq turne həyata keçirdiyini xatırladan nəşr yazıb. “Armen Sərkisyan öz ad gününü doğma Britaniyasında keçirib - harada ki, onun şahzadə ailəsi ilə görüşü də planlaşdırılırdı (Sərkisyanın Britaniya vətəndaşlığı da daşıdığı bildirilir - red.) Sonra Fransada olacaq, ardınca ABŞ-a yollanacaq. Onun yaxın ətrafının qəzetə söylədiyinə görə, əsas hədəf - Ermənistana sərmayə cəlb eləməkdir. Onun Rusiyaya da getməsi nəzərdə tutulur. Bunu da istisna eləmək olmaz ki, İlham Əliyev yəqin ki, Rusiyaya işarə edib ki, Armen Sərkisyanla danışıqlar aparmağa hazırdır. Həmsədr ölkələr də yəqin ki, buna etiraz etməyəcək - bizim mənbəmiz deyib” - nəşr qeyd edib.
*****
Buradaca yada salaq ki, bir qədər öncə erməni mənbələr Armen Sərkisyanın İlham Əliyevi tanıdığını yazmışdı. O vaxt Sərkisyan “Ermənistandakı hadisələrdən Bakı öz xeyrinə istifadə edə bilərmi” sualına belə cavab vermişdi: “Bunu heç cür şərh edə bilmərəm. Çünki İlham Əliyevi şəxsən tanıyıram. Kifayət qədər yaxşı. Lakin vəziyyət və siyasət elədir ki, an çox həssasdır. Yəni Dağlıq Qarabağda gərginliyin artması ehtimalını heç bir halda istisna etmək olmaz. Bu isə o anlama gəlir ki, ilk iş günündən etibarın yeni hökumət sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır”.
Yəni əslində o, Azərbaycan dövlət başçısının xarakterinə, güzəştsiz mövqe tutduğuna əmin və bələd olan adam kimi, Bakının yeni lokal hərbi əməliyyatlara gedə biləcəyindən açıq narahatlıq ifadə eləmişdi. Başqa yandan, əslində indi Paşinyan Ermənistan hökumət başçısı kimi tam legitim şəxs də deyil. Tam legitimlik yalnız yeni parlament formalaşandan sonra olacaq. Bu isə növbədənkənar seçkilərdın sonra mümkündür. Bu da Paşinyanı Əliyevlə görüşdən çəkindirən ikinci mühüm səbəb.
Məsələ həmçinin ondadır ki, yeni parlament başqa, daha səriştəli bir şəxsi də baş nazir seçə, yaxud Paşinyan özü könüllü şəkildə kənara da çəkilə bilər. Çünki o zaman üçün o, islahatları və xalqa verdiyi vədləri tutmağın nə qədər qəliz olduğuna əminlik hasil edəcək. Qarabağ məsələsindəki mürəkkəb durumun doğurduğu imperativ də öz yerində. Belədə Paşinyan niyə də “burnu girməyən yerə başını soxub” özünü yandırsın ki?
*****
Bu arada Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Bakıya son səfəri çərçivəsində verdiyi açıqlama İrəvanda Qarabağla bağlı narahatlığı artırıb. “Yeni Müsavat”ın xəbər verir ki, bununla bağlı qərbyönlü armeionarepiort.com portalı sanki SOS siqnalı verirmiş kimi yazıb: “Spiker Yyaçeslav Volodin Bakıya baş çəkib və burada mühüm bəyanatlar verib. Onun bəyanatlarına isə qulaq verməyə dəyər. Çünki bu adamın uzun müddət Rusiyanın baş naziri təyin ediləcəyi deyilirdi. Onun baş nazir təyinatı alınmadı. Bununla belə, Volodin Kremldə olduqca ciddi fiqur olaraq qalır. Odur ki, onun istənilən sözünü, nitqini Putinin hansısa mesajı kimi qəbul eləmək lazımdır”.
Daha sonra nəşr spikerin Bakıda Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatı xatırladıb. Volodin azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşdə demişdi:“Bilirsiniz ki, Rusiya konfliktin dinc həllinin tərəfdarı kimi çıxış edir. Kimlər ki, əlaqələrin kəskinləşməsinin tərəfdarıdır, kim ki, xalqın dinc yaşamaq istəyini və sözünü eşitmir, onlar gərginlik yolu ilə gedirlər. Biz hər şey etməliyik ki, bunun qarşısını alaq. Azərbaycan Dağlıq Qarabağ məsələsində həmişə doğru və konstruktiv mövqe tutub”.
Məqalədə bu açıqlama belə şərh edilib: “Rusiyanın ”RİA-Novosti"nin yaydığı bu xəbər təkzib olunmadı. Demək, Volodin həqiqətən belə şey söyləyib. Aydın məsələdir ki, o, bunu öz təşəbbüsü ilə eləməyib. Kremldə həmişə, əsrlər boyu bu səviyyədə təşəbbüskarlıq cəzalandırılır. Demək ki, Volodini Bakiya elə ona görə göndəriblər ki, belə bir bəyanat versin. Bütün bunların fonunda ən təşviş doğuranı isə odur ki, Bakı, deyəsən, təkcə Rusiyanın yox, ABŞ və İsrailin də dəstəyini alıb. Hər necə olmasa, Bakıda keçirilən son hərbi parad da bu düşüncəni gücləndirir - hansı paradda ki, qədərindən çox İsrail istehsallı silahlar var idi..."
Əlavə edək ki, V.Volodin gerçəkdən də Putinin yaxın adamlarından və Kreml “mətbəxi”nə bələd olan ciddi simalardan biridir. Odur ki, Putinin emissarının Bakı mesajından düşmən tərəfinin təlaşlanmasına əsas var...
Siyasət şöbəsi