PKK-nın siyasi qanadı HDP-yə Bakıdan dəstək verənlər


Ekspertlər problemin ciddiliyinə diqqət yönəldib çıxış yolu göstərdilər

Türkiyədə keçirilən prezident seçkilərində Azərbaycanda yaşayan türk vətəndaşların seçimləri hər zaman diqqət çəkib. İyunun 24-dəki seçkilərlə bağlı səslər əsasən üç namizəd arasında  bölünüb. Belə ki, ölkəmizdə yaşayan 15 477 seçicidən 5742-si səs verib. Hazırkı prezident və seçkilərin qalibi 38% (805 səs), CHP namizədi Məhərrəm İncə 33,9% (717 səs) və kürdlərin namizədi, HDP lideri Səlahəddin Dəmirtaş 19,4% ( 411) səs toplayıb.

PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-nin Azərbaycanda bu qədər sayda tərəfdarının olması maraq doğurur. Onların əksəriyyətinin iş adamları olduğu bildirilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanda HDP tərəfdarlarının sayının kifayət qədər çox olduğunu söylədi: “Azərbaycanda müxtəlif Türkiyə vətəndaşları işləyib və yaşayırlar. Seçkinin nəticəsi də göstərdi ki, Azərbaycanda PKK-nın siyasi qanadı olan partiyaya rəğbət bəsləyənlərin sayı kifayət qədərdir. Türkiyədə yaşayan kürdlərin əksəriyyəti ölkənin ərazi bütövlüyünü dəstəkləyir və PKK-nın terrorçu fəaliyyətindən rahatsızdırlar. Ancaq kürdlərin içində PKK-ya rəğbət bəsləyən qruplar da var ki, məhz onların sayəsində HDP və bu partiyanın lideri Dəmirtaş gərəkli səs toplayıb. Belələri Azərbaycanda da var. Onlar vaxtilə Azərbaycanda yerləşmiş və bizneslə məşğul olmağa başlayıblar.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Onlara qarşı hansısa da tədbir görülsə, bu, həm milli ayrı-seçkiliyə, həm də demokratiyaya zidd olar. Hər bir insanın istənilən partiyaya və liderə səs vermək hüququ var. Bu hüquq Türkiyədə tanındığı kimi Azərbaycanda da tanınır və kimsə kürddür deyə ona qarşı hansısa tədbirin görülməsi kökündən yanlış olar. Azərbaycanın özünün də kürd əsilli vətəndaşları var ki, onlar Azərbaycanın ərazi bütövlüyünə sadiqdirlər və bunu Qarabağ uğrunda savaşda da isbat ediblər. Ancaq hər millətdə olduğu kimi kürdlər arasında da separatizmə və terrora meyl edənlər var. Əsas odur ki, belələrinin fəaliyyətləri və onlara dəstək verənlər müşahidə altında olsunlar. Azərbaycan PKK-ya rəğbət bəsləyənlərin məkanı olmamalıdır. HDP Azərbaycanda bu qədər səs alırsa, düşünməyə dəyər”.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının əksəriyyətinin kürdlər olduğunu dedi: “Onların da əksəriyyəti separatçılığa meyllidirlər. Hələ ötən əsrin 90-cı illərində Bakıda maşınlarda PKK-nın rəmzi olan qartal şəkilləri dəb halı almışdı. Ümumiyyətlə, Azərbaycanda hələ də təəssüflə qeyd etməliyəm ki, PKK və FETÖ güclüdür. Ümid edirəm ki, mövcud hakimiyyət qısa müddətdə bu problemi həll edəcək. Qardaş Türkiyə düşmənlərinin Azərbaycanda yeri olmamalıdır. Bu cür ünsürlərin hələ də olması yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salır. Qardaş Türkiyəyə sadiq kürd qardaşlarımızın başımız üstündə yeri var. Amma PKK-çılar ölkəmizdən uzaqlaşdırılmalıdır. Fikrimcə, bunun üçün DTX ölkədaxili irimiqyaslı əməliyyat aparmalıdır. Kürd kökənli Türkiyə vətəndaşları ötən əsrin 90-cı illərində Azərbaycana çoxlu sayda təşrif buyurdular. Bunların əsas işi biznes idi. Kürdlər arasında kifayət qədər PKK-çı da Azərbaycana gəldi. PKK-nın sərsəm ”Böyük Kürdüstan" xəritəsində Azərbaycan əraziləri olan Kəlbəcərlə Laçın da yer alır. Hələ ötən əsrin 60-cı illərində Moskvanın planı var idi ki, Azərbaycanda kürd muxtariyyəti qursunlar. Bütün bunlardan irəli gələrək söyləmək olar ki, PKK təkcə Türkiyəyə deyil, Azərbaycana da potensial təhlükədir. Hazırda bu terror təşkilatı tarixinin ən çətin günlərini yaşayır. Türkiyə hərbi qüvvələri daxildə, Suriya və İraqda bu terror təşkilatına sarsıdıcı zərbələr endirir. Bu məqamdan istifadə edib Azərbaycan da PKK-nı öz daxilində bitirməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 29-06-2018, 09:53
Xəbəri paylaş





Xəbər lenti