Türkiyənin Azərbaycanda hərbi bazası olması ideyası dəstəkləndi


Fəzail Ağamalı: “Bunun yaradılması çox faydalı olardı”

Akif Nağı: “Əgər bu yöndə işlər gedirsə...”

Elçin Mirzəbəyli: “Əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar var”

Son zamanlar qardaş Türkiyənin Azərbaycanda hərbi baza yaratmasının vacibliyi ilə bağlı müzakirələr açılır.

Müstəqil ekspertlər rəsmi Ankaranın bu addımı atacağı təqdirdə bunun Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayacağını qeyd edirlər.

Son olaraq, bu məsələni gündəmə Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu gətirib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumunda politoloq bildirib ki, Türkiyə Azərbaycanda hərbi baza yaradır.

Son günlərdə Azərbaycan-Türkiyə Konfederasiyanın yaradılması ideyasının gündəmi zəbt etməsi də təsadüfi deyil. Əgər bu ideya gerçəkləşərsə, hərbi bazanın yaradılacağı şübhəsizdir.

ÐаÑÑинки по запÑоÑÑ FÉzail AÄamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birliyini özündə ehtiva edən birliklərin yaradılmasının mümkünlüyündən söz açdı: “Çevik xarakterli, döyüş qabiliyyətli birgə qoşun növü yaradıla bilər. Eyni zamanda, texniki, texnoloji sahələri özündə əks etdirən birliklər də yaratmaq olar. Əslində Azərbaycanla Türkiyə arasında bu cür əməkdaşlıqlar mövcuddur. Bu birgə keçirilən hərbi təlimlərdə öz əksini tapır. Azərbaycanda birgə yaradılan hərbi bazanı yerləşdirmək mümkünsüz deyil. Şübhəsiz ki, bu iki ölkə arasında olan yaxın əməkdaşlığa söykənir. Hər iki qardaş ölkə bütün sahələrdə yüksək əməkdaşlığa malikdirlər. Belə birliyin yaradılması hər hansı problem yarada bilməz. Çünki bu iki dövlətin də müstəsna səlahiyyətidir. Bəzən belə bir arqument irəli sürürlər ki, Türkiyə NATO ölkəsi olduğu üçün bu cür birliklər mümkün deyil. Açığı deyə bilmərəm ki, NATO-nun nizamnaməsində belə bir qadağa var ya yox. Əgər Türkiyənin NATO-da olması belə birliyin yaradılmasına mane olmursa, məncə bunun yaradılması çox faydalı olardı”.

ÐаÑÑинки по запÑоÑÑ Akif NaÄı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması çox vacibdir: “Əgər bu yöndə işlər gedirsə, ancaq alqışlamaq lazımdı. Bu, dünyaya və işğalçı Ermənistana tutarlı mesaj olardı. Biz həmişə demişik ki, Türkiyə ilə Azərbaycan arasında real hərbi-siyasi əməkdaşlıq olmalıdır. Ermənistanın arxasında böyük güclər durur. Bizim digər güclərin dəstəyinə ehtiyacımız yoxdur, heç gözləməyinə də dəyməz. Türkiyə tam şəkildə bizim yanımızda olarsa, İran , Pakistan bizə dəstək verərsə, bütün məsələləri, o cümlədən Qarabağ məsələsini asanlıqla həll edərik. Konfederasiya məsələsi real deyil, köhnəlib, mexanizmi də yoxdur. Hec ehtiyac da yoxdur. Sizin qəzetdə mən Toğrul İsmayılın Türkiyə ilə Azərbaycan arasında İttifaq dövləti ideyasını oxudum. Maraqlı ideyadır. Rusiya ilə Belarus arasında belə bir ittifaq var. Vaxtilə Məhəmməd Əmin Rəsulzadə Azərbaycanla İran arasında ittifaq dövlətinin yaradılması ideyasını irəli sürmüşdü. Düşünürəm ki, indi Azərbaycan, Türkiyə və İran arasında ittifaq dövlətinin yaradılması ideyasını ortaya gətirmək olar. Bu variantda dövlətlərin müstəqilliyi, suverenliyi saxlanılır, amma əməkdaşlıq və qarşılıqlı dəstək üçün geniş imkanlar açılır. Bu ittifaqın yaradılmasını, həmçinin hərbi bazanın qurulmasını təbii ki, Qərb də , Rusiya da istəməyəcək. Amma bu hər üç tərəfin maraqlarına cavab verir, ona görə də ciddi istək olarsa onların müqavimətini qırmaq mümkündür”.

ÐаÑÑинки по запÑоÑÑ Politoloq Elçin MirzÉbÉyli

Politoloq Elçin Mirzəbəylinin bildirdi ki, Azərbaycan Respublikası Qoşulmayanlar Hərəkatına üzv olsa da, ölkənin hərbi doktrinasında xarici hərbi bazalarla bağlı müvəqqəti istisnalar nəzərdə tutulub: “Doktrinanın 29-cu bəndində qeyd olunur ki, “Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”. Göründüyü kimi, hərbi doktrinamızda xarici hərbi iştiraka müvəqqəti icazə verməkdən söhbət gedir. Bu isə o deməkdir ki, belə bir iştiraka beynəlxalq antiterror əməliyyatları, yaxud regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ehtiyac duyulduqda yol verilə bilər. Azərbaycan ərazisində uzunmüddətli xarici hərbi bazaların yerləşdirilməsi üçün ilk növbədə Hərbi Doktrinaya yenidən baxılmalıdır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına gəldikdə isə, şübhəsiz ki, bu əməkdaşlığın genişləndirilməsi, hətta hərbi müttəfiqlik səviyyəsinə yüksəldilməsi arzuolunandır. Amma bu təkcə Azərbaycan tərəfindən asılı olan məsələ deyil. Bir neçə il öncə Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı qarşılıqlı hərbi yardım haqqında müqavilə, yaxud hərbi baza məsələsi gündəmə gələndə qardaş ölkənin NATO üzvü olduğu bildirilir və Ankaranın Alyans qarşısındakı öhdəliklərinin buna imkan vermədiyi bildirilirdi. Lakin ötən ilin mayında Türkiyə Böyük Millət Məclisinin Qətər ərazisində türk qoşunlarının yerləşdirilməsi ilə bağlı sazişi ratifikasiya etməsi bununla bağlı mövcud bəhanələri və reallıqları dəyişdi. Türkiyə ilə Qətər arasında imzalanmış sazişə əsasən Ankara bu ölkədə 5 min əsgər və zabit, ağır texnika, hərbi hava və hərbi dəniz qüvvələri yerləşdirmək hüququna malikdir. Son məlumatlara görə Türkiyənin Qətərdəki hərbi bazasının möhkəmləndirilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılır. Göründüyü NATO üzvlüyü Türkiyənin Qətərdə hərbi baza açmasına heç bir maneə yaratmadı. Bu isə o anlama gəlir ki, hər şey konkret ölkələrin maraqlarından, proseslərin diktə etdiyi şərtlərdən asılıdır. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq son dövrlərdə sürətlə inkişaf edir və şübhəsiz ki, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar var. Subyektiv qənaətimə görə, Türkiyənin dövlət idarəçiliyi sistemində baş verən son dəyişikliklər Ankaraya daxili təhdidlərdən sığortalanmaq və daha fəal xarici siyasət yürütmək imkanı verəcək. Hazırda hər iki ölkənin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsində maraqlı olduğu nəzərə çarpır”.

ÐаÑÑинки по запÑоÑÑ konfederasiya ideyasından

Politoloq konfederasiya ideyasından da söz açdı: “Konfederasiya ilə bağlı təşəbbüs yeni deyil. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi gündən belə fikirlər səsləndirilir. Düşünürəm ki, belə təşəbbüsləri dəyərləndirmək üçün ilk növbədə konfederasiya anlayışının özünə aydınlıq gətirmək lazımdır. Konfederasiya suveren dövlətlərin birgə və konkret fəaliyyət həyata keçirmələri üçün yaratdıqları dövlət quruluşudur. Yəni ittifaq, birlik deyil, dövlətdir. Konfederasiyaya daxil olan dövlətlər öz suverenliklərini, hakimiyyət orqanlarının müstəqilliklərini, qanunvericiliklərini qoruyub saxlayırlar. Lakin ən əsas – müdafiə və xarici siyasətlə bağlı məsələlərin həlli konfederasiyanın üst qurumuna verilir. Bu isə o deməkdir ki, konfederasiya BMT-də və digər qlobal, subregional və regional təşkilatlarda 1 səslə təmsil olunur. Yəni xarici siyasətdə vahid dövlət kimi çıxış edir. Düşünürəm ki, belə təşəbbüslər maraqlı və cazibədar görünsə də, indiki məqamda nə Türkiyə, nə də Azərbaycan üçün əlverişli deyil. Hər iki dövlətin müstəqilliyi bizim üçün əzizdir. Və hər iki dövlətin mövcud statusları onlara geniş manevr imkanları verir. Dünyada daha sıx əməkdaşlıq və müttəfiqlik üçün çoxsaylı modellər var. Məsələn, elə Avropa İttifaqının modeli. Əgər ortalıqda Avropa İttifaqı kimi mütərəqqi və üzv ölkələrin suverenliyini məhdudlaşdırmayan bir birlik modeli varsa, o zaman nə üçün dünəndə qalmış və məcburiyyətdən yaradılmış mexanizmlərə müraciət etməliyik ki? Nümunə gətirim, sonuncu yaradılan konfederasiya eyni dil qrupuna daxil olan və çox yaxın mədəniyyətləri təmsil edən Serbiya və Qaradağ respublikaları 2003-cü ildə konfederasiyada birləşiblər və bu konfederasiyanın ömrü cəmi 3 il çəkib. Belə nümunələrin sayını artırmaq olar. Konfederasiya klassik dövlət quruluşu anlamında bu günümüz üçün aktual sayılmır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Tarix: 29-06-2018, 21:50
Xəbəri paylaş





Xəbər lenti