Əliyev Rusiyaya gedir: Yeni döyüş tapşırıqları gözlənilir - TƏHLİL
Azərbaycan prezidentinin Rusiyaya səfərindən sonra ordumuz yeni döyüş tapşırıqları ala bilər.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq danışıqlar prosesinin dalana dirəndiyini və erməni tərəfinin sülh prosesi ilə bağlı yerinə yetirilməsi mümkün olmayan ilkin şərtlər irəli sürdüyünü vurğulayıb:
“Minsk Qrupunun həmsədrləri də çox fəal deyillər. Belə görünür ki, ermənilər nəinki Dağlıq Qarabağla, hətta ətraf rayonlarla bağlı çox uzağa gedən ssenarilər hazırlayıblar. Bu ərazilərdə xüsusilə də Suriyadan gələn ermənilərin məskunlaşdırılması prosesi davam edir. Aydındır ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmaq fikrində deyil, buna görə də sülh prosesinə məhəl qoymur. Dağlıq Qarabağ məsələsində əsas açar rolunu oynayan Rusiya tez-tez ritorik bəyanatlar versə də, prosesdə heç bir fəallıq göstərmir. Belə olan halda məsələnin döyüş meydanlarında həll edilməsi variantı önə çıxır. Dağlıq Qarabağ və işğal edilmiş rayonlar Azərbaycan üçün həyati əhəmiyyət daşıyır və Bakı bu məsələdə zərrə qədər kompromisə getməyəcək. Ermənistan, Rusiya və Minsk Qrupunun digər üzvləri də artıq bunu çox yaxşı başa düşürlər. O üzdən problemin həllinin mübahisə obyektinə çevrilməsi yolverilməzdir”.
Politoloq bildirib ki, ordumuzun qrafik üzrə döyüş qabiliyyətini təkmilləşdirməsi və 2-6 iyul aralığında keçiriləcək təlim-məşq prosesləri ciddi döyüş hazırlığından xəbər verir:
“Hesab edirəm ki, Azərbaycan Ordusu həlledici döyüşlərə hazırlıq ərəfəsindədir. Artıq o da dəqiqdir ki, Azərbaycan prezidentinin Rusiyaya səfərindən sonra ordumuz yeni döyüş tapşırıqları ala bilər. Bununla da Azərbaycan Ordusunun daha qətiyyətli fazaya keçməsinin başlanğıcı qoyula bilər”.