Putinin Lələtəpə gedişi: Bakıya ümid, İrəvana hədə


Rusiya və Azərbaycan ictimai-siyasi xadimlərinin Çocuq Mərcanlı konfransı maraqlı məqamlarla yadda qaldı. Xüsusən də prezident Putunə yaxın sayılan və Rusiya ictimai rəyinə təsiri olan ekspert və politoloqların (Aleksandr Duqin, Maksim Şevçenko, İqor Korotçenko), həmçinin, Duma deputatlarının, bütövlükdə bizə rəğbəti olan rusiyalı xadimlərin Dağlıq Qarabağ mövzusunda mövqeyimizlə səsləşən fikirləri təqdirə layiqdir.

Onların çıxışlarında Azərbaycanın Rusiya üçün artan önəmi məxsusi vurğulandı, eyni zamanda Ermənistana xəbərdarlıq “qırmızı xətt” kimi keçdi.

Yeri gəlmişkən, az öncə Rusiya dövlət Dumasının sədri, Putinin silahdaşlarından sayılan Vyaçeslav Volodin Bakı səfəri zamanı Azərbaycanın Qarabağ məsələsində həmişə ədalətli və konstruktiv mövqe tutduğunu demiş, bu fikir İrəvanda ciddi təlaş yaratmışdı. Çünki Bakının yanaşması bəllidir – işğalçı qüvvələr qeyd-şərtsiz torpaqlarımızdan çıxmalı, ərazi bütövlüyünüz bərpa olunmalıdır.

Toplantı yeri kimi aprel döyüşləri ilə azad edilən Çocuq Mərcanlının seçilməsi, qonaqların üstəlik, Lələtəpəyə qalxaraq postdakı hərbçilərimizi ziyarət eləməsi, onlara uğurlar arzu eləməsi də maraqlı gediş idi və heç şübhəsiz, erməni tərəfə ismarış hesab olunmalıdır. Yəni “özünüzü yaxşı aparmasınız, davamı gələ, Moskva yenə Azərbaycan ordusunun irəliləməsinə göz yuma bilər”.

Amma və lakin... Azərbaycanın xeyrinə bu qəbildən açıqlama və gedişlərə rəğmən, eyforiyaya qapılmağa da bizcə, gərək yox. Çünki Qarabağla bağlı həlledici söz Putinə məxsusdur. Yəni əsas nəticədir.

Putin isə hələ indiyədək bir dəfə də Ermənistanı işğalçı adlandırmayıb. Əlində unikal imkanlar ola-ola konfliktin həllinə real töhfə verməyib. Hətta Türkiyə lideri, dostu Ərdoğanın xahişinə də məhəl qoymayıb. Biz onun da şahidiyik ki, Putin bir neçə dəfə “tərəflər anlaşsın, Rusiya bu anlaşmaya qarant durmağa hazırdır” deyib. Yəni məsələni başından edib. Çünki İrəvan münaqişədə söz sahibi deyil, Moskvanın ağzına baxır.

Doğrudur, Putinin hakimiyyəti dövründə Azərbaycan ərazi itirməyib. Əksinə, Qarabağda və Naxçıvanda minlərlə hektar torpaq azad eləmişik. Fəqət, Qarabağ düyünü açılmamış qalır. Ona görə ki, rəsmi Moskvanın ənənəvi yanaşması “münaqişəyə davam” anlamı verir, işğal rejiminin uzanmasına xidmət edir.

Əfsus ki, Kremlin Qarabağ ixtilafını köklü həll eləmək məramı bu gün də duyulmur. Daha çox müşahidə olunan odur ki, konflikt Moskvaya Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün dondurulmuş şəkildə gərəkdir.

“Rusiya və Azərbaycan qardaş və müttəfiq ölkələrdir. Biz birlikdə, bir yerdə, ittifaqda olmalıyıq”. Bunu öz çıxışında hakim “Vahid Rusiya” partiyasından deputat Aleksey Yezubov bildirib. “Putin, Sərkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş 5 rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”. Bu da onun sözüdür. Deputat daha sonra “Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyib.

Diqqət edildisə, sanki Moskva Azərbaycanı daim öz yanında, Avrasiya Birliyi və KTMT-də görmək şərtilə Qarabağ məsələsinin həllində hansısa dəstəyi verə biləcəyinə işarə edir. Bu isə bir qədər fərqli şeylərdir. Qısası, Moskvanın Bakıya şərtləri var.

İndilikdə isə Kremlin əsas qayğılarından biri hakimiyyət dəyişikliyindən sonra da Ermənistanı cilovda saxlamaqla bağlıdır. Ola bilsin, bu yöndə o, “Qarabağ kartı”ndan yararlanmaq istəsin. Lakin bu, hələ problemin həlli mənasına gəlmir. Keşkə, yaxşı anlamda yanılaydıq.

Çocuq Mərcanlı tədbirində İrəvana ünvanlı mesajları da ən əvvəl Putinin ərköyün Paşinyana və onun “qərbçi” komandasına qarşı Lələtəpə gedişi adlandırmaq lazım gəlir. Bir növ, Kreml Qərblə Rusiya arasında ikili oyun oynayan İrəvana ilk yaylım atəşi açıb – özü də Azərbaycan ərazisindən. Bu, söz yox ki, Ermənistan rəhbərliyinə xəbərdarlıq mesajıdır. Bəlkə də sonuncudur...

Söz düşmüşkən, Nikol Paşinyan 10 gün sonra başlayacaq NATO-nun Brüssel sammitinə ciddi hazırlaşır. Sammitin mövzularından biri isə Rusiya təhlükəsi ilə bağlıdır. Duqin Cocuq Mərcanlıdakı açıqlamalarında NATO mövzusuna da toxundu. O, açıq mətnlə, bir daha Ermənistana “ağıllı olmağı” tövsiyə elədi.

Qalır nəticə. Əsas olan da həmişə nəticədir, bəyanatlar yox...

Zahid SƏFƏROĞLU
Tarix: 2-07-2018, 13:44
Xəbəri paylaş





Xəbər lenti