rayonlar qaytarılır, Kreml İrəvana nə vəd edir?
Azərbaycan Rusiya və Türkiyə üçün regionda strateji tərəfdaş, ruhi baxımdan yaxın və qohum ölkədir. Moskva və Ankara tərəfindən Bakıya indiki münasibət təkcə tarixi əlaqələrin yox, həm də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir.

Cahan.info-nun siyasət şöbəsi yazır ki,
Moskva və Ankara Bakının 2015-ci ildə baş verən faciəvi Su-24 insidentindən sonra iki böyük qonşusunu barışdırmaqda göstərdiyi səyləri dəyərləndirir və xatırlayır.

Moskva üçün başlıca hədəf Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Bakıya Qarabağ konfliktinin sülh yoluyla həllinə yardım etməkdir.

Ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov deyib ki, bugünkü gün Bakının nəzarətinə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli geri qaytarılması haqqında Moskva planının (Lavrov planı) tətbiqi ən real görünən variantdır.

Arkov əmindir ki, bu aspektdə Rusiya və Türkiyə Ermənistana atəşkəs xəttinin “Dağlıq Qarabağ” sərhədinə köçürülməsindən sonra Azərbaycan ərazi konfliktinin hərbi həllinə cəhd göstərməyəcəyinə dair zəmanət verə bilər:

“Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ”la Azərbaycan arasındakı yeni sərhəddə daxili perimetr boyunca yerləşdirilməsi məsələsinin də tədqiqi mümkündür.
Məncə, analoji formada Azərbaycan tərəfindən türkiyəli sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur”.

Qarabağ konfliktinin həllində ciddi dəyişikliklər baş verməyib. 2019-cu ildə gözlə görünəcək dəyişikliklər olmayacaq.

Amma Rusiya konflikt zonasında yeni toqquşmalar üçün provokasiyaya yol verəcək ki, hər iki tərəfə kimin bu məsələdə qərar qəbul edən olduğunu xatırlatsın.

Bunu “1in.am” saytına açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl deyib. Onun sözlərinə görə, Azərbaycan Moskva ilə mülayim yaxınlaşmaya cəhd edir.

O, Moskvanın Azərbaycandan nə isə ala biləcəyini anlayacağı təqdirdə Ermənistanı dərhal satacağını bildirib:

“Rusiya konfliktin tam həllini istəmir. Ona görə ki, bu halda o, İrəvan və Bakıya təsir rıçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, amma onun regionda konfliktin həlli üçün kifayət qədər resursu yoxdur.

İki fundamental dəyişiklik var ki, situasiyanı dəyişə bilər. Ermənistanda Moskvadan müstəqil olan yeni hökumət formalaşıb.

Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. Böyük ehtimalla Paşinyanın hələlik Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək üçün kifayət qədər gücü yoxdur.

O, hər şeydən öncə daxili problemlərə diqqətini yönəldib. O, güclü Qarabağ lobbisinə zidd olan addımlar atmaq istəmir. Mümkündür ki, situasiya 1-2 il sonra dəyişsin.

Moskva əgər İrəvanı öz mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə əmin olmuşam ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər.

Bunun yalnız bir böyük “amma”sı var. Aydın olmayan odur ki, İlham Əliyev Dağlıq Qarabağın qaytarılmasına səbəb olsa belə hər şeyi Moskvaya verməyə hazırdırmı?”.