"Paşinyan Qarabağ probleminin həlli ilə bağlı mühüm addımlar ata bilər" - POLİTOLOQ


"Paşinyan Qarabağ probleminin həlli ilə bağlı mühüm addımlar ata bilər" - POLİTOLOQ





Nəzakət Məmmədova: "Bu gün onun konstruktiv mövqedən çıxış etmə imkanları daha genişdir"

"ABŞ üstünlüyü Rusiyadan qopararaq Dağlıq Qarabağ münaqişəsini öz istədiyi kimi həll etmək niyyətindədir"

"Vaşinqton Paşinyanı danışıqlarda konstruktiv mövqe tutmağa, sülhün əldə olunmasına təhrik etmək istəyir"

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza haqqin.az-a açıqlamasında bildirib ki, növbədənkənar parlament seçkisində qələbədən sonra Nikol Paşinyanın manevrlər üçün meydanı yaranıb. Belə ki, Paşinyanın Qarabağ probleminin həllində riskli addımlara gedə biləcəyini istisna etməyən Brayzanın sözlərinə görə, Ermənistanın baş nazirinin Robert Koçaryan və Serj Sarkisyandan fərqli olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin liderləri qarşısında heç bir öhdəliyi yoxdur: "Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret olaraq hansı addımlar ata bilər. Burada hər şey Paşinyan və prezident Əliyevin şəxsi əlaqələrinin necə qurulacağından və onların bir-birinə necə güvənəcəklərindən asılıdır. Hələlik nəyisə konkretləşdirmək çətindir. Bilinən əsas məsələ odur ki, Koçaryan və Sarkisyanın Qarabağın liderləri qarşısında öhdəlikləri var idi, Paşinyanın isə belə öhdəliyi yoxdur və bu münasibətlərdə o daha sərbəstdir".

Nəzərinizə çatdıraq ki, ötən ilin oktyabr ayında Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton da bunabənzər açıqlama ilə çıxış edib. Belə ki, "Əgər dekabrda keçiriləcək növbədənkənar seçkilərdə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiya mandat qazanarsa, bu, Qarabağ məsələsində daha qəti qərar verməyə və həlledici addımlara təşəbbüs göstərməyə yaxşı imkan olar" deyən Con Bolton hesab edir ki, Ermənistana xarici təsirin azalması üçün münaqişə həll olunmalıdır. Bununla yanaşı, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini vurğulayıb.

Bu arada, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, Amerikanın sabiq dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl isə "1in.am" saytına açıqlamasında Qarabağ münaqişəsinin həllində ciddi dəyişikliklərin baş vermədiyini qeyd etməklə yanaşı, bu il gözlə görünəcək dəyişikliklərin olmayacağını da bildirib: "Lakin Rusiya konflikt zonasında yeni toqquşmalar üçün provokasiyaya yol verəcək ki, hər iki tərəfə kimin bu məsələdə qərar qəbul edən olduğunu xatırlatsın". Azərbaycanın Moskva ilə mülayim yaxınlaşmaya cəhd etdiyini deyən Pol Qobl bu qənaətdədir ki, Kreml Bakıdan nə isə ala biləcəyini anlayacağı təqdirdə İrəvanı dərhal satacaq: "Rusiya konfliktin tam həllini istəmir. Ona görə ki, bu halda o, İrəvan və Bakıya təsir rıçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, amma onun regionda konfliktin həlli üçün kifayət qədər resursu yoxdur. İki fundamental dəyişiklik var ki, situasiyanı dəyişə bilər. Ermənistanda Moskvadan müstəqil olan yeni hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. Böyük ehtimalla Paşinyanın hələlik Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək üçün kifayət qədər gücü yoxdur. O, hər şeydən öncə daxili problemlərə diqqətini yönəldib. O, güclü Qarabağ lobbisinə zidd olan addımlar atmaq istəmir. Mümkündür ki, situasiya 1-2 il sonra dəyişsin. Moskva əgər İrəvanı öz mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə əmin olmuşam ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər. Bunun yalnız bir böyük "amma"sı var. Aydın olmayan odur ki, İlham Əliyev Dağlıq Qarabağın qaytarılmasına səbəb olsa belə, hər şeyi Moskvaya verməyə hazırdırmı?" Kremlin Paşinyanı sevmədiyini, lakin buna rəğmən, onu Qərbin ağuşuna buraxmaq istəmədiyini qeyd edən Avrasiya millətləri üzrə ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli ABŞ-ın maraqlarına cavab verir: "Əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll edilsə, bu, ABŞ-a imkan verəcək ki, İranı daha çox təcrid etsin. Belə ki, Qarabağın həlli Tehranın Qafqaza siyasi təsir imkanlarının yox olması deməkdir. Moskva bunu başa düşür və buna görə də onun gerçəkləşməməsinə çalışacaq".

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova isə bildirdi ki, Nikol Paşinyan Qarabağ probleminin həlli ilə əlaqədar mühüm addımlar ata bilər. Onun fikrincə, bunun üçün bir neçə səbəblər var: "Bildiyiniz kimi, Paşinyan parlament seçkilərinə qədər hakimiyyətdə mövqeyini möhkəmləndirmək, seçicilərin rəğbətini qazanmaq məqsədiylə Azərbaycana qarşı çoxsaylı şovinist bəyanatlar səsləndirib. Lakin artıq həqiqət anı yetişib. Odur ki, Con Boltonun da qeyd etdiyi kimi, seçkilərdən sonra Qarabağ danışıqlarında bütün məsuliyyət Paşinyanın üzərində qalacaq. Yəni artıq o, Ermənistanda mütləq hakim olan, bütün səlahiyyətləri əlində cəmləşdirmiş, rəqiblərini parlamentdən qovmuş baş nazirdir. Bu gün o, baş nazir postunda mövqeyini legitimləşdirib. Bu səbəbdən də bütün məsuliyyət Paşinyanın üzərinə düşür. Elə buna görə də o, artıq istədiyi kimi manevr edə, danışıqlarda bir çox fikirlər irəli sürə bilər. Çünki Serj Sarkisyanın partiyası artıq əl-qoluna dolaşmır, parlament ona mane olmur. Əvvəllər isə parlament baş nazirə və ya prezidentə mane ola bilirdi. Artıq bu maneə də aradan qaldırılıb. Belə ki, hazırda Ermənistan parlamenti də Paşinyanın nəzarətindədir. Odur ki, bu gün Paşinyanın konstruktiv mövqedən çıxış etmə imkanları daha genişdir".

Hazırda ABŞ-ın Qarabağ probleminə özünəməxsus yanaşma ortaya qoymağa çalışdığını vurğulayan politoloq hesab edir ki, Vaşinqton üstünlüyü Kremldən qopararaq münaqişəni öz istədiyi kimi həll etmək istəyir: "Əvvəl münaqişənin həlli Minsk Qrupunda Rusiyanın monopoliyasında idi və hamı deyirdi ki, problemin açarı Kremldədir. Lakin bu gün artıq həmin açarı, sanki Rusiyanın əlindən almaq prosesi gedir. Yəni ABŞ üstünlüyü Kremldən qopardaraq münaqişəni öz istədiyi kimi həll etmək istəyir. Bununla da ABŞ həm regionda, həm də dünyada sülhpərvər bir obraz yaratmış olacaq. Yəni ABŞ bir növ Yaxın Şərqdə itirdiyi nüfuzunu bərpa etmək məqsədiylə Dağlıq Qarabağ münaqişəsini öz geosiyasi maraqları çərçivəsində həll etməklə sülhpərvər dövlət obrazı yaratmaq niyyətindədir. Bununla da o, Rusiya ilə müqayisədə obrazını bir xeyli təmizləyəcək. Odur ki, həm imic, piar, həm də geosiyasi maraq, regionda mövqeyini möhkəmləndirmək baxımından Amerika Qarabağ probleminə özünəməxsus yanaşma ortaya qoymağa çalışır. Açığı desək, regionda sülhün olması Vaşinqtonun maraqlarına xidmət edir. Çünki ABŞ-ın burda qlobal layihələri var. Bu səbəbdən də düşünürəm ki, Amerika Paşinyanı danışıqlarda konstruktiv mövqe tutmağa, sülhün əldə olunmasına təhrik etmək istəyir. ABŞ-ın buna gücü də çatar. Hesab edirəm ki, Paşinyan özü də bunu istəməlidir. Çünki sülhün əldə olunması Ermənistanın da maraqlarına cavab verir".

Nəzakət Məmmədova qeyd etdi ki, xaricdəki erməni diasporu, o cümlədən Rusiya Paşinyana mane olan əsas qüvvələrdir: "Əslində, Paşinyan bir fiqurdur, ABŞ və Fransa nə deyirsə, o da onu edir. Yəni Paşinyan göstərişləri icra edən bir adamdır. O, özü müstəqil qərar qəbul etmir. Ona qərarı qəbul etdirən Ermənistanı nəzarət altına almış, ələ keçirmiş güclərin göstərişidir. Məncə, Dağlıq Qarabağ probleminin həlli həmin güclərin marağındadır. Sadəcə, buna mane olan ən böyük qüvvə məhz Rusiya, eyni zamanda erməni diasporudur. Yəni nə qədər Kremlin gücü, imkanı çatacaq, o, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyəcək. Moskva problemin həllini ancaq o halda istəyə bilər ki, bir neçə rayonun qaytarılmasından sonra Rusiya hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülməramlı qüvvələri adı altında burada yerləşdirilsin. Təbii ki, ABŞ bunu qəbul etməyəcək. Ona görə də 2019-cu ildə Cənubi Qafqazda baş verən bütün geosiyasi proseslər, dəyişikliklər Dağlıq Qarabağ ətrafında olacaq. Yəni həm Rusiya, həm də ABŞ bu münaqişə ilə manipulyasiya etməyə çalışacaq. Çünki Dağlıq Qarabağ probleminin həlli bir çox məsələləri yoluna qoya, Rusiyanın regiondan çıxmasına səbəb ola bilər. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın istədiyi kimi həlli Cənubi Osetiya, Abxaziya, Dnestryanı, o cümlədən Ukraynadakı separatçı bölgələrlə bağlı problemlərin yoluna qoyulmasına, həmin bölgələrin gələcəkdə Rusiyanın nəzarətindən çıxmasına səbəb ola bilər". Beləliklə, politoloq bu qənaətdədir ki, məhz bu səbəbdən də Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə dirəniş göstərəcək və yaxud da problemin məhz özünün istədiyi variantda həllinə çalışacaq.

Vazeh BƏHRAMOĞLU

Tarix: 9-01-2019, 22:21
Xəbəri paylaş





Xəbər lenti