Nə donan ölkədir, nə də yanan, çörəyi nədən yavan olsun?


Dünyanın bir çox ölkələrində yaşayan insanların həyatından, gün-güzəranından bəhs edən sənədli filmlər var, çox maraqlıdır.

Cənubi Amerikada, Afrikada, Asiyada, Okeaniyada və digər arxipelaqlarda yaşayan xalqların məişəti, dolanışığı, iş-gücü haqda çəkilən bu filmlər acı gerçəkliyi əks etdirir.

Adam bu filmlərə baxır və bilmədiyi çox şeyi öyrənir.

Baxırsan və bilirsən ki, dünyanın 200-dən artıq ölkəsinin heç də hamısı, hətta yarısının yarısı belə xoş gündə yaşamır. Bunların içində Rusiyanın şimal-şərqindəki Oymyakon kimi qəsəbələrdə 50-60 dərəcəlik şaxtada yaşayanlar, Liviyanın 60 dərəcəlik istisində çadır kəndlərdə qovrulan insanlar da var.

Adam ona mat qalır ki, bərəkətsiz torpaqların üstündə il on iki ay canıyla əlləşən, bir parça çörək üçün min il əvvəl yaşamış əcdadları qədər zəhmət çəkən insanlar müasir sivilizasiyadan nə qədər geridədirlər.

O ölkələrdə yaşayan, hələ də primitiv üsullarla ovçuluq edən, heç bir texnikanın yardımı olmadan hər işi əl əməyi ilə görən, bərəkətsiz, susuz torpaqlarda böyük maddi sıxıntı və kasıblıq içində ömr edənlərlə Hollandiyanın, İsveçrənin, Belçikanın, Kanadanın, ABŞ-ın və aqrar sektorunda yüksək tərəqqiyə nail olan digər ölkələrin kəndliləri arasında fərq yerlə göy qədərdir.

Deyilə bilər ki, kasıb ölkələrin iqlimi ilə dünyanın firavan ölkələrinin iqlimi, torpağı eyni deyil. Elədir. Elə ölkələr var ki, sudan və günəş işığından qətiyyən sıxıntısı yoxdur, torpağı da bərəkətlidir, nə əksələr bitir, becərilir.

Ancaq ortada bir İsrail təcrübəsi də var. İsrailin iqlimi və torpağı demək olar ki, coğrafi baxımdan yaxınlığında və ya eyni iqlim qurşağında yerləşən ölkələrlə eynidir, ancaq bizim Qarabağ boyda ərazisi olan yəhudi dövləti nəinki özünü kənd təsərrüfatı məhsulları ilə təmin edir, hətta dünyaya ərzaq satır.

O cür sənədli filmləri izləyəndən sonra istər-istəməz dünyanın ən bərəkətli torpağının üzərində, ən optimal iqlim şərtlərinə malik paralelində yaşadığını düşünürsən.

Gerçəkdən də ölkəmizin hər şeyi var - bol günəşi, bol suyu, bərəkətli torpağı, yaşıllığı, zəhmətkeş insanları, modern kənd təsərrüfatı texnikası tədarük etmək üçün kifayət edəcək qədər maliyyə resursları  və s.

Bəs nə çatmır ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsullarıyla, onlardan hazırlanan yarımfabrikat ərzaqlarla təmin edə bilmir?

Yumşaq kresloda oturub “kəndli supermarketə niyə getsin” deyə ritorik sual qoymaqla iş bitmir, fakt odur ki, Azərbaycan kəndlisi hollandiyalı, isveçrəli fermerlər kimi yüksək məhsuldarlıq əldə edə bilmir.

Biz düşüncə etibarilə hələ də planlı sovet təsərrüfatı dönəmində - kolxozlar və sovxozlar erasında ilişib qalmışıq.

Günü bu gün yüksək dairələrdə kənd təsərrüfatının inqilabi sıçrayışla inkişaf etdirilməsi məsələsi müzakirə olunsa, mütləq bir çox “islahatçılar” sovxoz-kolxozun bərpası təşəbbbüsü ilə çıxış edəcəklər.

O isə keçilmiş, geridə qalmış, böyük ölçüdə özünü doğrultmamış təsərrüfat modelidir. İsmayıllı rayonundakı İvanovka kəndinin sovet dönəmindən bəri dillər əzbəri olan kolxozunu nümunə göstərmək istəyənlər isə bilməlidirlər ki, o təsərrüfat subyekti SSRİ dönəmində də, indi də İsrail kibutsaları kimi fəaliyyət göstərib və onun uğurunun başlıca səbəbi budur.

Danmağın lüzumu yoxdur, bizim xalq fərdiyyətçiliyə meylli olduğundan bütün mahiyyəti ilə kollektiv təsərrüfat sisteminə qarşıdır. Elə ona görə də ötən əsrin 30-cu illərində zorla, kəndlilərin repressiya edilməsilə yaradılan kollektiv təsərrüfatlar SSRİ-nin dağılmasıyla bir anda buxarlanıb yox oldular.

Onların yerində isə effektiv təsərrüfat vahidləri yaranmadı. Yerlərdə ayrı-ayrı varlı, imkanlı fermerlər var, amma onlar ölkəni ərzaq məhsulları ilə bola-bol təmin etməyə qadir deyillər.

Yenə də kənd təsərrüfatıyla yüz milyardlar qazanan, öz istehsal etdiyi məhsulları emal edərək əlavə yüz milyardlar əldə edən ölkələrin təcrübəsini öyrənmək, tətbiq etmək lazımdır. Ümumiyyətlə, aqrar sektor elmi əsaslarla, innovasiya ilə idarə olunmalıdır.

Bunun üçün bizdə bütün imkanlar var. Bura əbədi donuşluqlar və qovrulmuş qumlar ölkəsi deyil. Buralarda bircə banan yetişmir, onun da eybi yoxdur. Lap yaxşı, banan respublikası olmaq bir şey deyil.

Xalid KAZIMLI
Tarix: 11-01-2019, 09:57
Xəbəri paylaş





Xəbər lenti