Cəmil Həsənli facebookdan Milli Şuranın mitinqini elan etdi: YANVARIN 19-da MÜXALİFƏT MEYDANDA OLACAQ




Cəmil Həsənli facebookdan Milli Şuranın mitinqini elan etdi: YANVARIN 19-da MÜXALİFƏT MEYDANDA OLACAQDemokratik Qüvvələrin Milli Şurası yanvarın 19-na mitinq təyin edib. Aksiya Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbilə keçiriləcək.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində məlumat yayıb.

“Milli Şura yanvar ayının 19-na mitinq qərarı verib. Başlıca tələblər Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, ölkədən oğurlanmış, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış korrupsiya pullarının xalqa qaytarılmasından ibarətdir. Mitinq üçün “Məhsul” stadionunun və ya “Ulduz” metrosunun qarşısındakı meydanın ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərilib,” Həsənli yazıb.

Bundan öncə Müsavat Partiyasi “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə yanvarın 12-nə mitinq təyin etmişdi. Lakin Bakı şəhər İcra Hakimiyyəti mitinq keçirməyin məqsədəuyğun olmadığı cavabını verib.

Rəsmi məlumata görə, həbsdə olan bloger Mehman Hüseynov dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunub. Mehman Hüseynov ittihamı rədd edib. O etiraz olaraq həmin gündən quru aclığa başlayıb. Sonrakı günlərdə ailəsinin xahişi ilə maye qəbul etsə də qida qəbulundan hələ də imtina edir.

Mehman Hüseynovun aclıq aksiyası ictimaiyyət tərəfindən də dəstəklənir. İctimaiyyətin nümayəndələri Müsavat Partiyasının qərargahında aclıq aksiyasına qoşulub.

ABŞ senatoru Marko Rubio, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu azadlığa buraxmağa çağırıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir. Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu elan edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Tarix: 12-01-2019, 07:34
Xəbəri paylaş





Xəbər lenti