Abbas Abbasov Qarabağ Komitəsi ilə anlaşıb?
Müxalifətçilərdən təşəkkül tapan Qarabağ Komitəsinin Baş nazirin sabiq müavini Abbas Abbasovla əlaqələri barədə iddialar meydana çıxıb.

Cahan.info-nun məlumatına görə,
şərti adı “Milyarderlər ittifaqı” adlanan oliqarxların birliyinin ideoloqu olan A.Abbasovun komitəyə dəstək verdiyi söylənir.

Keçmiş hərəkatçılardan birinin “Unikal” qəzetinəverdiyi məlumata görə, komitənin rəhbərlərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlu Abbas Abbasovla anlaşıb.

A.Abbasovun istəyinə uyğun olaraq cəmiyyətin həssas yeri olan Qarabağ məsələsini əllərində bayraq edərək yeni bir qurum yaradıb və siyasi hakimiyyətə təzyiq edirlər.

Komitənin maliyyələşdirilməsi məhz Abbas Abbasov tərəfindən həyata keçirilir. Qarabağ Komitəsinin digər rəhbər şəxslərinin Abbasovun oğlu, sabiq deputat Aydın Abbasovla münasibətləri var.

Komitə “Məhsul” stadionunda keçirilən aksiyadan sonra qurum mitinqlərin davamlı olmasında israrlıdır. Lakin Bakı meriyası mitinqlərə razılıq verməyib.

Bu da komitənin əlində şüar olub və iqtidarı tənqid etmək üçün fürsət yaranıb. Komitənin mitinqləri davam etdirməsinin məntiqi anlamı yoxdur.

Azərbaycan dövləti Qarabağ münaqişəsinin həlli ilə bağlı sistemli iş aparır, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair bir addım da geri atmayıb, hər hansı strateji yanlışlıqdan, güzəştdən, kompromisdən söhbət gedə bilməz.

Bu halda Qarabağ komitəsinin mitinqləri davam etdirmək niyyətinin heç bir siyasi mənası qalmır. Deməli, bu, bir plandır. A.Abbasov iqtidarla düşmənçiliyi davam etdirir və gizli şəkildə müxalifətlə əməkdaşlığa can atır.

Bu cür xain qüvvələrin müxalifətlə işbirliyinə getməsi sadəcə, onların məkrli planlarını reallaşdırmaq niyyətidir. Onları nə müxalifət, nə Qarabağ maraqlandırır.

Sadəcə, hakimiyyəti tənqid edən müxalifləri alət edərək, onlardan maşa kimi istifadə edərək hiylələrini gerçəkləşdirməyi planlaşdırıblar.

Deyəsən, Abbas Abbasovun qəzəbi, kini soyumayıb və hikkəli fəaliyyətini genişləndirmək arzusundadır.

Son vaxtlar milyarderlərdən daha biri - Söyün Sadıqov aktivləşib. “Milyarderlər ittifaqı” üzvlərinin yenidən xortlamasının səbəbləri barədə mətbuatda müxtəlif şərhlər var.

Anaxeber.info-nun Təhlil Qrupu yazır ki, son iki həftədə YAP icra katibi müavini, deputat Siyavuş Novruzov Rusiya ilə əlaqəli biznesmenləri hədəfə almaqdadır.

Növbədənkənar prezident seçkilərinə hər hansı təsirləri müşahidə olunmayan milyarderlərin ilin sonuna yaxın gündəmə gəlməsi suallar doğurur.

Bəzi analitiklərin fikrincə, şərti adı “Milyarderlər ittifaqı” olan və baş ideoloqu Abbas Abbasov sayılan birliyin siyasi dövriyyəyə gəlməsi qarşıdakı seçkilərə hesablanıb.

Siyasi şərhçilər arasında gələn il növbədənkənar parlament seçkiləri keçiriləcəyi proqnozu verənlər var. Güman edilir ki, Putinin Bakıya siyasi təzyiq layihəsi olan “Milyarderlər ittifaqı”nın S.Novruzov tərəfindən ardıcıl tənqid edilməsi məhz seçkilərlə bağlı hakimiyyətdəki kəşfiyyat məlumatları əsasındadır.

Hətta YAP-çı deputat son çıxışında bu ittifaqda rəsmi şəkildə görünməyən professor-iş adamı İlham Rəhimovu da sancmışdı. YAP funskionerinin Rusiyadakı milyarderlərə yöbəlik çıxışları sıradan təsadüf hesab etmək sadəlövhlük olardı.

“Milyarderlər ittifaqı” Rusiyanın ehtiyat kartlarından biridir və Moskva bu cür kartları postsovet respublikalarına qarşı hazır saxlayır. Rusiya daima bu cür ehtiyat kartları xərcləməyərək əlində saxlayır.

Necə ki, Qarabağ münaqişəsini xərcləməyərək əlində saxlayır, hər an Azərbaycana qarşı istifadə edə bilər. O cümlədən Rusiyadakı Azərbaycan lobbisi, oradakı nüfuzlu şəxslər Azərbaycana təsir imkanları baxımından Rusiyanın əlindəki ehtiyat kartlardır.

Doğrudur, son dövrlərdə ”Milyarderlər ittifaqı"nın fəaliyyəti gözə dəymir, ancaq istənilən halda o, bir kartdır.

Yada salaq ki, hər şey 2012-ci ilin sentyabr ayının 28-də Moskvada məşhur hotellərdən birində Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlı qurum təsis edilməsi ilə başladı.