Tural Abbaslı: “Bu hərəkat möhtəşəm olacaq”


“Müxalifətin zirvəsi” hərəkata çevrilir  

“Müxalifətin zirvəsi”nin şənbə günü növbəti toplantısı keçirilib. Hərəkat elan olunması üçün son müzakirələr aparılıb. 30-da yuxarı siyasi qüvvənin təmsil olunduğu zirvədə 20 Yanvar günü saat 14:00-da Şəhidlər Xiyabanında kütləvi ziyarətin təşkili barədə qərar qəbul olunub.  Eyni zamanda, ayın 26-da ADP qərargahında çoxsaylı insanın iştirakı ilə xalq hərəkatının elan olunması barədə yekun razılığa gəlinib.

“Müxalifətin zirvəsi”nin təşkil olunduğu ilk günlərdən müxtəlif müzakirələr yaranıb. Müsavat, AXCP və REAL kimi müxalif qüvvələrin “Müxalifətin zirvəsi”nə gəlməmələri əsas müzakirə mövzusu idisə, indi tamam  fərqli məsələlər meydana çıxıb. Zirvənin fəaliyyətinin daha çox Qarabağ Komitəsinə ciddi zərbə vurduğu və bu səbəbdən komitənin fəaliyyətinin son yarım ayda iflic duruma düşdüyü qeyd olunur. Aşağı-yuxarı zirvə və komitənin əsas aparıcı şəxslərinin eyni siyasətçilərin olmasının proseslərə dolayısı ilə öz təsirini göstərdiyi vurğulanır.

“Müxalifətin zirvəsi”nin əsas aparıcı qurumlarından olan AĞ Partiyanın başqanı Tural Abbaslı bildirdi ki, mətbuatda “Müxalifətin zirvə toplantısı kimi adlandırılan, ancaq, daha çox xalq hərəkatının yaradılmasının təşəbbüs qrupu kimi də fəaliyyət göstərən işçi qrupunun son iclası da maraqlı və gərgin keçib: “Əslində bu toplantıları maraqlı edən əsas nüanslardan biri də toplantıların canlı yayımlanmasıdır. Son dönəmlər heç bir müxalifət birliyi belə toplantıları canlı yayımlamır. Əslində bu gediş həm də proseslərə xalqın nəzarətini və təftişini də təmin edir. İclasda əsas məsələ yanvar ayının 26-da keçirilməsi nəzərdə tutulan hərəkatın təsis toplantısına hazırlıq məsələləri müzakirə olundu. Belə ki, bundan öncəki, toplantıda 3 nəfərdən ibarət yaradılan redaksiya heyəti təsis toplantısı üçün gərəkli olan sənədləri hazırlayaraq iclasın müzakirəsinə təqdim etməli idi. Ancaq heyətin üzvü Hacıbaba Əzimovun səhhətində problemlərin olması və digər üzv Əli Əliyevin dayısının vəfatı bu sənədlərin bu iclasa yetişdirilməsinə mane oldu. Qərara alındı ki, gələn iclasa qədər bu sənədlər hazırlansın və müzakirəyə təqdim olunsun. Həmçinin kimin bununla bağlı təklifləri olacaqsa, bu müddətdə redaksiya heyətinə təqdim edə bilər. Əsas müzakirə mövzusu təsisçilərin kimliyi və forması barədə olundu. Bu diskussiyalar gərgin keçsə də, sonda yenə də konsensus əldə olundu. Həmçinin iclasda 20 Yanvarda anım mərasiminə də birgə qatılaraq şəhidlərimizin ruhunun yad edilməsi razılaşdırırldı. Planlar hələlik ondan ibarətdir ki. yanvar ayının 26-da təsis yığıncağına kimi maksimum partiya, təşkilat və ictimai-siyasi xadimləri prosesə cəlb edərək xalqın kütləvi iştirakı ilə möhtəşəm bir Xalq Hərəkatı təsis edilsin. Bunun məhz belə olacağına inamım böyükdür. Çünki bu günə qədər xalqdan aldığımız xəbərlər və müsbət fikirlər deməyə əsas verir ki, bu hərəkat möhtəşəm olacaq. Hətta artıq bir çox bölgələrdə xalq öz təşəbbüsü ilə hərəkatın dayaq dəstələrini yaradıb və bu proses də davam edir. Bu birliyə toplanan partiyaları və onların rəhbərlərinin kimliklərini və nüfuzlarını nəzərə alsaq, görərik ki, hansısa fikir ayrılıqlarının və ya diskussiyaların olması təbiidir. Çünki burada toplaşan insanlar artıq illərdir ki, siyasi səhnədə mübarizə aparırlar və bəlli keçmişə sahibdirlər. İndi bu insanların bir iclasda hər fikri qəbul edəcəklərini gözləmək sadəlövhlük olardı. Həm də belə olsaydı, burada heç bir səmimiyyət olmazdı. Əsas fikir ayrılıqlarının və ya qızğın diskussiyaların olması deyil. Məncə burada əsas məsələ hər kəsin xalq naminə öz ambisiya və mövqeyindən lazımı anda geri çəkilmə bacarığıdır. Belə olmasaydı, buradakı birlik və konsensus bu gün olmazdı. Demək olar ki, qəbul olunan bütün qərarlar konsensus yolu ilə qəbul olunur. Daxildə heç bir ikitirəlik yoxdur və ola da bilməz. Əsas məqsəd hakimiyyəti xalqa qaytarmaq olan bir birlikdə ikitirəlik ola bilməz”.

T.Abbaslı Qarabağ Komitəsi ilə zirvə toplanlantılarının bir-birini əvəzlədiyini də qeyd etdi: “Mən əvvəllər də demişəm, bu gün də təkrar edirəm ki, Qarabağ Komitəsi ilə zirvə toplantısı bir-birinə rəqibi deyil. Əksinə bəlkə də bir-birini hansısa formada tamamlayan birliklərdir. Belə ki, Qarabağ Komitəsi ancaq və ancaq Qarabağ məsələsi ilə məşğul olan bir birlikdir və Qarabağdan başqa heç bir hədəf və marağı yoxdur. Ancaq yaranacaq xalq hərəkatı siyasi birlik olaraq qarşısına hakimiyyətə gəlmək məqsədi qoymuş bir birlikdir. Eyni zamanda düşünürəm ki, Qarabağın azadlığı da bu hakimiyyətin getməsindən keçir. Bu birlikləri qarşı-qarşıya qoymaq və ya buna cəhd etmək qətiyyən doğru deyil və ziyanlıdır. Qarabağ Komitəsinin fəaliyyət planı və iş qrafiki tam bəllidir və bu istiqamətdə heç bir yubanma olmadan iş davam edir. Həmçinin də zirvə toplantısının. Qarabağ Komitəsinin fəaliyyətinin zəifləməsi fikri ilə də razı deyiləm. Komitənin hər həftə iclasları həmişəki qaydada davam edir. Ola bilsin ki, zirvə toplantısı fonunda mətbuatın diqqəti yayınıb və bu fəaliyyəti lazımı kimi işıqlandıra bilmir. Müxalifətin zirvə toplantısının müxalifətin təşəbbüsünü ələ almaq kimi bir hədəfi və ya məqsədi yoxdur. Mən yuxarıda bu toplantıların məqsədini açıq şəkildə izah etdim. Burada müxalifət uğrunda mübarizə yoxdur və biz özünə müxalifət deyən heç kimlə mübarizə aparmırıq və aparmayacayıq da. Kisə bu birliyi guya ki, ənənəvi müxalifət partiyalarına qarşı yaranmış bir birlik kimi təqdim etməyə çalışırsa yanılır. Bu birliyə hər kəs dəvət edilib və gələn gəlib, gəlməyən isə öz bildiyi kimi mübarizəsini davam etdirir. Biz də qoşulmayanlara fəaliyyətlərində ancaq uğurlar arzulaya bilərik. Yaranacaq xalq hərəkatının bir rəqibi var hazırkı iqtidar və bir məqsədi var, hakimiyyəti əsl sahibi olan Azərbaycan xalqına qaytarmaq”.//“Yeni Müsavat”//


Tarix: 14-01-2019, 06:43
Xəbəri paylaş





Xəbər lenti