Məhz bu görüşdən sonra... - TƏHLİL


Məhz bu görüşdən sonra...
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransa paytaxtı Parisdə keçiriləcək.

XİN-dən axar.az-a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Qeyd edək ki, bu, Ermənistan parlamentinin formalaşdırılmasından və hökumət başçısı seçiləndən sonra tərəflər arasındakı ilk təmasdır. Azərbaycanı hərbi əməliyyatlardan çəkindirmək istəyən qüvvələr Ermənistanda yeni hakimiyyətin iş başına gəlməsinə istinad edərək, sülh çağırışları səsləndirirdilər. Eyni zamanda müharibə partiyasının üzvü olmayan N.Paşinyan da ayrı-ayrı davranışları ilə sələflərinin səhvlərini təkrarlasa belə, son nəticədə daha məntiqli davranacağı barədə bəzi çevrələrdə inam yarada bilmişdi. Üstəlik, Azərbaycan prezidenti də dəfələrlə Ermənistanın yeni hökumətini keçmiş rəhbərliyin səhvlərini təkrarlamamağa çağırmışdı. Elə bu günlərdə dövlət başçımız Azərbaycan ordusunun istənilən tapşırığı icra etməyə hazır olduğunu deməklə yanaşı, işğalçını düzgün qərar verməyə çağırıb. Bütün bunlar qarşıdakı görüşlə bağlı müəyyən ümidlər yaradır.

Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Paşinyanın parlamenti formalaşdıracağına heç bir şübhə yox idi: “Baxmayaraq ki, vəzifə bölgüsündə problemlər mövcuddur, faktiki olaraq artıq Paşinyan hökumətə rəhbərlik edəcək. Hətta bir müddət öncə Putin tərəfindən təbrik edilməməsi də bununla bağlı idi. Artıq bu təbrik də var. Eyni zamanda artıq onun istər KTMT, istər iqtisadi problemlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cavabdehliyi artdı və öz vətəndaşını qışdan çıxarmaqla yanaşı həm də bu problemlərin həlli proqramını ortaya qoymalıdır”.

Xarici işlər nazirlərinin yanvarın 16-da baş tutacaq görüşünə gəldikdə isə, A.Nağıyev dedi ki, burada həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak etməlidirlər: “Doğrusu, bu görüşdən münaqişənin həlli ilə bağlı hər hansı irəliləyiş gözlənilmir, lakin yeni hakimiyyətin münaqişə ilə bağlı planlarını dəqiqləşdirmək üçün bir platformadır. Məhz bu görüşdən sonra 2019-cu il üçün müəyyən proqnozlar vermək mümkündür. Düşünürəm ki, 2019-cu il münaqişənin həllində bir dönüş ili ola bilər və olmalıdır da, əks halda, yenə də deklorativ bəyanatlar problemin həllini antiterror əməliyyatlarına və hərbi müdaxilələrə gətirib çıxara bilər. Bu haqda bütün regional aktyorlar da düşünməlidirlər”.

Politoloq dedi ki, bu proseslər həm də separatçılarla Paşinyanın münasibətlərində özünü göstərəcək: “Paşinyan Qərb və Rusiya arasında konkret seçim etməlidir, əks halda, onun fikirləri nəzərə alınmaya da bilər”. A.Nağıyev qeyd etdi ki, Azərbaycan prezidenti cənab İlham Əliyev də öz çıxışlarında bir sıra mühüm mesajları səsləndirib: “Paşinyan hakimiyyəti bundan mühüm nəticələr çıxarmalıdır”.

Məlum olduğu kimi, son zamanlar Azərbaycan-Ermənistan sərhədində təxribatlar törədilməkdədir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən xəbərə görə, yanvar ayında iki dəfə Qazax və Ağstafa istiqamətindən mülki vətəndaşlarımız və texnikalarımız ermənilər tərəfindən atəşə tutulub.

Təxribatların iki ölkənin sərhədində törədilməsinin nəticələri isə düşmən üçün sarsıdıcı ola bilər. Deyəsən, ötən ilin Naxçıvan əməliyyatı dərs olmayıb...
 
Tarix: 15-01-2019, 09:27
Xəbəri paylaş





Xəbər lenti