İqtidar müxalifətlə necə davransın...


Müxalif partiya sədrindən dialoq təklifi: “Münasibətlərin sivil müstəviyə keçməsinin vaxtı çoxdan çatıb”

Azərbaycanda iqtidar-müxalifət münasibətlərində uzun illərdir gərginlik yaşanır. Zaman-zaman gərginlik azalsa da münasibətlərdə istiləşmə mümkün olmur. Tərəflər bir-birini hər fürsətdə ittiham edir. İqtidarın bütün dövlətlərdə olduğu kimi resurslarının müxalifətlə müqayisədə çoxluğu isə mübarizədə ikincinin daha ciddi zərbələr almasına gətirib çıxarır. Nəticədə bir sıra müxalifətçilər xarici ölkələrdə yaşamağa üz tutur. Xaricə üz tutan müxalifətçilər gedib oradan hakimiyyəti daha kəskin formada hədəfə alırlar. Bir çoxları isə təkcə iqtidara qarşı deyil, bütövlükdə dövlətə qarşı iş aparırlar.

Ölkədə qalanların sırasından isə kim həbs edilirsə azadlıqda olduqlarından daha çox problem yaradırlar. Belə ki, həbsdə olan müxalifətçilər hakimiyyət üçün daha böyük başağrısına çevrilir. Bunu artıq hakimiyyət deputatları da müsahibələrində, açıqlamalarında etiraf etməkdədirlər.

Bəs vəziyyətdən çıxış yolu nədir? Müxalifət iqtidardan müxalifətlə bağlı siyasətində dəyişiklik gözləyirmi?

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, iqtidar-müxalifət münasibətlərinin sivil müstəviyə keçməsinin vaxtı çoxdan çatıb, artıq ənənəvi taktika iqtidarın xeyrinə işləmir: “Təbiət elmlərindən fizikada İsaak Nyutonun 3-cü qanunu var: təsir əks təsirə bərabərdir. Hakimiyyət uzun illərdir ki, öz siyasi rəqiblərini bütün mümkün vasitələrlə sıxışdırmaq istəyir. Burada fizikanın başqa qanunu işləməyə başlayır: birləşmiş qablar prinsipi. Qabların birindən maye sıxıldıqda, digər qabda onun səviyyəsi yüksəlir. Kimlərsə düşünürdü ki, neft pulları hesabına opponentləri susdurmaq, sıradan çıxarmaq, ölkədən qaçırmaq yolu ilə problem həll ediləcək. Zaman göstərdi ki, bu, yanlış taktikadır, get-gedə hakimiyyətin özünü zərbə altında qoyur. Müxalifəti ölkədə sıradan çıxarmağın mümkün olmadığı artıq hər kəsə məlumdur. Sübut edildi ki, nə qədər sərt metodlar tətbiq edilsə də müxalif mövqe harada olsa özünü göstərəcək”.

Partiya sədri hesab edir ki, vəziyyətin sivil münasibətlər müstəvisinə keçməsi mümkündür. Bunun üçün isə ilk növbədə iqtidar tərəfindən addımlar atılması lazımdır: “Fikrimcə, taktika dəyişməli, mədəni siyasi münasibətlər, siyasi mübarizə formalaşmalıdır. Bunun isə yolu dialoqdur. İqtidardakılar inkarçılıqdan imtina etsə, ölkədə siyasi müxalifətin mövcudluğunu qəbul etsə münasibətlər sivil müstəviyə keçəcək. Bundan isə həm ölkəmiz, həm iqtidar, həm müxalifət qazanacaq”.


Tarix: 15-01-2019, 09:32
Xəbəri paylaş





Xəbər lenti