ABŞ-Türkiyə gərginliyi - qardaş ölkədə yaşayan politoloqdan önəmli açıqlamalar


Toğrul İsmayıl: “Tramp Türkiyəni başqa nə ilə vura bilər?”

ABŞ-Türkiyə münasibətləri son günlərdə ciddi şəkildə gərginləşib. Ağ Evin sahibi Donald Trampın şəxsi Twitter hesabından paylaşdığı statusda Suriya kürdlərinə hücum edəcəkləri təqdirdə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunacağı barədə yağdırdığı hədələr iki ölkə arasındakı münasibətləri kritik həddə çatdırıb.

Doğrudur, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarına telefon zəngi edib və tərəflər Suriya məsələsini müzakirə ediblər. Lakin görünən odur ki, ölkə rəhbərlərinin telefon ünsiyyəti gərginliyi aradan qaldırmayıb. Bunu Türkiyə rəsmilərinin açıqlamalarında açıq şəkildə görmək olur.

Ekspertlər vəziyyətin ürəkaçan olmadığını bildirir, Türkiyənin Suriyada ABŞ-la toqquşa biləcəyi ehtimallarını yüksək dəyərləndirirlər. Birləşmiş Ştatların qardaş ölkəni iqtisadi krizisə salmaq üçün imkanlarının yetərli olub-olmadığı yönündə səslənən fikirlər də müxtəliflik təşkil edir. Proseslərin qarşıdakı zamanda necə cərəyan edəcəyi də müzakirələr sırasındadır. Xüsusilə, Türkiyənin hazırkı ritorikasının Amerika tərəfindən sanksiyalara məruz qalan Rusiya və İranın ritorikasına çox bənzədiyi və bu səbəbdən rəsmi Ankaraya da iki ölkəyə tətbiq edilən sanksiyaların şamil olunub-olunmayacağı suallar yaradır.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl mövcud durumu müsavat.com-a bu cür şərh etdi: “Tramp ilk dəfə deyil ki, öz dediklərinə tərs olan tvitlər atır. Artıq Türkiyədə Trampın tvitləri ciddi mənada qarşılanmamağa başlayıb. Sözlərinə sadəcə bir ölkə rəhbəri olduğu üçün qarşılıq verilir. O tez-tez fikirlərini dəyişən insandır. Suriya məsələsində Türkiyə-Amerika münasibətləri onsuzda əvvəlcədən gərgin idi. Ara-sıra yumşalmalar olur, ardınca yenə də gərginliklər baş qaldırır. Barak Obama dövründə də bir gərginlik yaşanmışdı. Tramp dövründə də eyni vəziyyət yaşanmaqdadır. Hər kəs düşünürdü ki, münasibətlər düzələcək. Xatırlayırsınızsa, rahib məsələsi bir müddət bəhanə edildi, iqtisadi sanksiyalar tətbiq edilməyə başladı. Sonradan danışıqlar nəticəsində yumşalma oldu, anlaşma əldə edildi. Ərdoğanın ismi Trampın ağzından düşmədi, onu təriflədi. Trampın Suriyadan qoşunları çıxartmaqla bağlı qərarından sonra Vaşinqtonda daxili çəkişmələr baş qaldırdı, narazılıqlar yarandı. Trampa qarşı isə təzyiqlər artdı. Nəticədə o bu şəkildə istiqamətini dəyişdi. Prezidentlər arasında telefon danışığı baş tutub. Əlbəttə bu müəyyən mənada anlaşmaya gətirib çıxarır. Burada ön çox görünən odur ki, Tramp öz ölkəsində hər şeyə hakim deyil. Onun bütün açıqlamalarına baxdığımız zaman bunu görürük. Ərdoğandan fərqli olaraq, Tramp öz ölkəsində öz sözlərini tamamən yerinə yetirəcək gücdə bir lider deyil. Bu tərzdə yazılan yazılar heç bir liderə müsbət çalarlar gətirən bir şey deyil”.

ToÄrul Ä°smayıl ile ilgili görsel sonucu

Politoloq “Türkiyə Suriyada hədəflərinə çata biləcəkmi” sualımıza bu cür cavab verdi: “Amerikanın son təklifi odur ki, 20 mil məsafədə Suriyada təhlükəsizlik zolağı qurulsun. Bunları söyləyərkən, Tramp buradakı bəlli gücləri silahlandırır. İndidən Amerikanın nələrə nail olacağını söyləmək çətindir. Çünki sahədə oyunçular müxtəlifdir. Onların maraqları da müxtəlifdir. Ona görə də, məsələlərin birmənalı şəkildə necə həll olunacağını söyləmək mümkünsüzdür. Amma bunu qətiyyətlə söyləmək mümkündür ki, Türkiyə maraqları çərçivəsində qarşısında bir təhdid görəcəksə, o təhdidlə hər zaman mübarizə aparacaq. Ümumiyyətlə, Suriyada münasibətlər birmənalı deyil. Çünki Amerika orada açıq şəkildə süni dövlət qurmağa çalışır. O dövləti də qurmaq istəyərkən Türkiyənin terrorist qəbul etdiyi qruplarla iş birliyi qurur. Amerikanın özü terrorist kimi qəbul etdiyi qrupları müttəfiqlərinin də bu şəkildə qəbul etməsi üçün tələblər edir, şərtlər irəli sürür. Müttəfiqlərinin isə terrorist kimi qəbul etdiyi qrupları özü terrorist kimi saymaya bilir. Bu da müttəfiqlik baxımından doğru addım deyil. Eyni zamanda, ABŞ terrorist qrupları silahlandırır. Burada ən komik olanı da budur. Amerika və müttəfiqləri, eləcə də, digər ölkələr terroristlərə qarşı mübarizə apararkən onların etnik kimlikləri önə çıxarılmır. Türkiyə terroristlərə qarşı mübarizə aparan kimi həmin etnik kimliyi rəsmi Ankaranın qarşısına qoymağa çalışır, guya Türkiyədə etnik təmizləmənin və ya etnik məsələlərin  olduğunu söyləyirlər. Bu isə tamamilə səhvdir. Məsələn, Türkiyədə kürdlərə qarşı etnik mübarizə aparılmır. Onlar vəzifələrdə təmsil olunurlar. Rəsmi Ankara Şimali İraqdakı kürdlərə açıq dəstək verib. Səddam HHüseyn rejimindən savaş dönəmində qaçan çoxsaylı kürd Türkiyəyə sığındı. Bunlar hamısı oyunlardır. Fikir formalaşdırmağa çalışırlar ki, Türkiyə terrorçularla deyil, xalqla mübarizə aparır. Krizis təəssüflər olsun ki, davam edir. Bunun tez bitəcəyini düşünmürəm. Türkiyənin bölgədə öz maraqları var. Rəsmi Ankara daxildə separatçı əhval-ruhiyyəni artıracaq hər hansı qrupların Suriyada güclənməsinə fürsət verməyəcək. Bu bir gerçəkdir. Amerika bunu yaxşı bilir və məhz bu səbəbdən Türkiyəyə qarşı belə təzyiqlər edir”.

Politoloq Trampın iqtisadi yöndə Türkiyəyə qarşı hədələrinə toxundu: “Tramp Türkiyəni başqa nə ilə vura bilər? Amerika rəsmi Ankaraya savaş açası deyil ki? İqtisadi sanksiyalar tətbiq edə bilər.  ABŞ ilk dəfə deyil ki, bu sanksiyaları edir. Bunu Rusiya, İran və Çinə qarşı edib. Əlində başqa imkanlar yoxdur. Burada Türkiyənin iqtisadiyyatının güclü olub-olmaması məsələ deyil. Rusiya və İranın iqtisadiyyatı bu gün güclü deyil. Amma bu ölkələr sanksiyalara duruş gətir bilirlər. Sanksiyalar iqtidarları deyil, xalqları səfalətə doğru sürükləyir. Amerikanın Türkiyə iqtisadiyyatına zərbə vuracaq imkanları var. Amerikan dolları və digər bu kimiləri misal çəkmək olar. Amma unutmaq olmaz ki, Türkiyənin də əlində başqa imkanlar var. Bölgədə Amerikanın fəaliyyətinə ciddi şəkildə əngəl törədəcək gücə sahibdir. Türkiyəni kiçiltmək lazım deyil. İqtisadiyyatı ilə Amerika ilə eyni gücdə olmaya bilər, amma digər imkanları ilə ABŞ-a zərbə vura bilər. 

T.İsmayıl Rusiya və İrana qarşı tətbiq edilən sanksiyaların Türkiyəyə şamil edilib-edilməyəcəyinə də toxundu: “Türkiyə müstəqil bir dövlətdir. Biriləri müstəqil dövlətə meydan oxuyur. Bu dövlətin başında duran kim olursa olsun, buna necə cavab verəcək? Üzr diləyəsi deyil ki. Çalışacaq ki, dik dursun, rəqibinin cavabını versin. Bu da bir savaşın başqa bir növüdür. Sizə əgər meydan oxuyurlarsa, savaş açırlarsa, siz buna cavab verəcəksiniz. İqtisadi sanksiyalar iqtidarları devirməz, ölkəni dağıtmaz, sadəcə xalqın daha da kasıb yaşamasına səbəb olur. Bunun da baiskarı Amerika və ya digər dövlət olduğu zaman sanksiyalara məruz qalan ölkələrdə milliyyətçilik ruhu güclənir. Nəticədə əks effekt verir. Onsuzda Amerikanın bölgədə “avtoriteti” çox da yüksək deyil. ABŞ-ın bu addımları Türkiyədə anti-amerikan əhval-ruhiyyəni daha da artıracaq. Türkiyənin bir çox şeylərdən uzaqlaşması ilə bunlar nəticələnəcək. Bu cür yanaşmalar müsbətdən daha çox mənfi xarakter daşıyır. Amerika İrana qarşı sanksiyalarla buradakı rejimi dəyişə bildimi, yox. Əksinə buradakı rejim daha da kökləndi. Meydan oxuma varsa, əlbəttə dövlət rəsmləri eyni tərzdə cavab vermə məcburiyyətindədirlər. Bunun başqa bir yolu da yoxdur”.

Müsahibimiz proseslərin gələcəkdə necə cərəyan edəcəyindən də danışdı: “Qalmaqallı şəkildə davam edəcəyini düşünürəm. Amerikanın Trampla olan siyasəti bu şəkildə davam edir. Alışmaq lazımdır. Trampın tez-tez fikirlərini dəyişməsi, hər gün bir söz deməsi onun şəxsiyyəti və siyasətdən gəlməməsi ilə daha çox bağlıdır. Tramp ənənəvi siyasətçi deyil. Bunun üçün də ənənəvi davranış sərgiləmir”.

Cavanşir ABBASLI

Tarix: 15-01-2019, 22:48
Xəbəri paylaş





Xəbər lenti